Əngəl tanımayan insanlar və ya biri var eləsindən, biri də var beləsindən

0
283
Nə bahalı bir evdə yaşayır, nə zər-zibası var. Evini, ailəsini, yoldaşını, uşaqlarını hər şeyi bilir
Bir xanım düşünün, nə bahalı bir evdə yaşayır, nə zər-zibası var. Evini, ailəsini, yoldaşını, uşaqlarını… hər şeyi düşünür. Özü də ailəsi, doğmaları üçün əziz, əvəzedilməz bir insandır. Onun ailədə yaratdığı səmimi mühiti dünyanın heç bir yerində, ən bahalı istirahət yerlərində belə tapmaq mümkün deyil…

Bir xanım düşünün, bahalı villada, zər-ziba içərisində yaşayır. Həftədə 2-3 dəfə alış-verişə getməsə, özünə bahalı daş-qaşlar aldırmasa rahatlıq tapa bilmir. Evini, ailəsini, uşaqlarını qulluqçu yola verir. Evdə çox oturanda darıxır, gününün çox hissəsini telefonla danışır, hər gün gəzmək, əylənmək istəyir, bəzən tələb edir. Nəinki yayda, hətta qışda belə istirahət məkanlarına gedir, “olmaz”, “yoxdur”, “mümkün deyil” qanmır, “olmalıdır” deyir.

***

Özəl şirkətlərin birində vəzifəli bir adam düşünün. Müdir kimi müdir, işçi kimi işçi, qardaş kimi qardaş, dost kimi dostdur. Pul, var-dövlət azarında deyil, ona təyin olunan maaşı alıb xərcləyir, iş yerini ailəsi bilir, ailəsinin də dəyərini, qiymətini bilir. İşçinin xoş günündə sevinir, pis günündə ona dəstək olmağa çalışır. İşçiləri də onun dəyərini anlayır, hörmətini saxlayırlar…

Vəzifəli bir adam düşünün, işində qalmaq üçün nə desən etməyə hazırdır. Hətta ən yaxın adamını belə itirər, şərlətdirər, tutdurar, üzünə durar – yetər ki, vəzifəsini itirməsin, kimlərəsə xoş görünsün. Pul qazanmaq üçün nələr düşünmür, nələr fikirləşmir. Məmurluğu soyub-talamaq kimi başa düşür. Rüşvət üçün, rüşvəti qanuniləşdirmək üçün variantlar axtarır. Nə evində hörməti var, nə iş yerində. Evə gedəndə özünü ağa, iş yerindəkiləri isə nökər kimi görür…

***

Bir övlad düşünün, zəhmətdən qorxmur, ailəsinə hər işdə dəstək olmağa çalışır. Bədxərc deyil, naşükürlük etmir, təhsildə uğur qazanmağa çalışır. Valideynlərinin onun bu günə gəlib çıxması üçün çəkdikləri əziyyətin fərqinə varır, hər yerdə onların hörmətini saxlayır. Özünə də hörmət qoyur, ətrafdakılara da…

Bir övlad düşünün, valideynlərinin imkanlarından artıqlaması ilə istifadə edir, işləmir, amma gündə “işə düşür”. Nə özünə hörmət qoyur, nə valideynlərinə, nə də ətrafındakılara. İş-gücü yalan danışmaqla, günü ona-buna “atmaq”la keçir. Gündə bir bəhanə ilə valideynlərindən pul qoparır, hətta haqsız olsa belə evdəkiləri borclu çıxarmağa çalışır. Günlərlə evə gəlmir. Tez-tez polisə düşür, atası onu qurtarmaq üçün ona-buna ağız açmaqdan bezar olur…

***

Bir qız övladı düşünün – ağıllı, tərbiyəli, ismətli, işgüzar. Böyük-kiçiyin yerini bilən, özünə və ailəsinə hörmət qoymağı bacaran bir qız. Dünyagörüşü, çoxbilmişliyi ilə heç kimdən geri qalmır, öz dünyagörüşü var, haqqını tələb etməyi yeri gələndə bacarır, amma özünü o yerə qoymur ki, kimsə ondan istifadə eləsin. Rəfiqələri də onun dünya görüşündə olan insanlardı…

Bir qız övladı düşünün, ev işlərinə maraq göstərmir, demək olar, heç kimin hörmətini saxlamır, yalan danışmağı adi hal hesab edir, gələcəyini düşünmür. Valideynlərinin ona inanıb yalanlarına aldanmalarını onların avamlığı kimi başa düşür. Atasını, anasını el içində biabır etməkdən narahat olmur. Abırsızlaşmağı müasirləşmək kimi qələmə verir, ona nəsihət verənləri geridəqalmış kimi tanıdır. Rəfiqələri də öz ağıldadırlar…

***

Bir insan düşünün – ürəyi o qədər genişdir, o qədər təmizdir ki, heç kimi incitməz, heç kimi acılamaz, heç kimin pisliyini istəməz.

Bir insan düşünün – xasiyyəti o qədər xoşdur ki, onunla həmsöhbət olanda ayrılmaq istəmirsən, elə hey sağında-solunda olasan, dünyanın bütün çətinliklərini unudasan deyirsən.

Bir insan düşünün – dünya belələrinin çiynində durur, dünyamız bu qədər acıların içində ola-ola belələrinə görə dağılmır düşünürsən.

Bir insan düşünün – mənən o qədər böyükdür ki, ən doğma insanlarından biri bilirsən, elə bil bu dünyaya göz açandan onu tanıyırsanmış.

Bir insan düşünün – ondan ibrət götürürsən, ona oxşamağa çalışırsan, onu özünə nümunə qəbul edirsən, “əsl insan belə olar” düşünürsən…

Bir insan düşünün…

Bu dəfə əksini yazmırıq…

Bəs siz hansındansınız?

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here