“Həddindən artıq sərbəstlik zərərli vərdişlərə yol açır”

0
249

Ötən günlərin birində maraqlı bir hadisəyə şahid oldum. İctimai nəqliyyatda bir uşağın anası ilə olan dialoqu diqqətimi çəkdi. Təxminən 6-7 yaşlarında olan bu qızcığazın anasına əmrlər yağdırması düşünürəm ki, təkcə mənim yox, elə avtobusdakı bütün sərnişinlərin diqqətini cəlb edirdi. Uşaq avtobusa mindiyi andan etibarən anası ilə aqressiv danışır, davamlı olaraq ondan nə isə tələb edirdi. “Qızım, otur, yıxılarsan”,-deyən ana “dedim ki, oturmuram” cavabı alır və qaşlarını çatıb, sir-sifətini turşudan qızının bu hərəkətindən məmnun qalırmış kimi ifadə nümayiş etdirirdi. Sanki qızının bu cür danışıq üslubu ananın ürəyincə idi. Bəlkə də bundan qaynaqlanır ki, hərəkətinin doğru olduğunu zənn edən uşaq ikinci həmləsini etdi: “Mən yoğurt istəyirəm, tez elə, get mənə yoğurt al”.

Avtobusda sərnişin çoxalsa da, diqqətim uşaqda idi. Sonra anası nə dedisə uşaq yenə eyni üz ifadəsi ilə “nə istəyirsiniz edin, bircə məni əsəbiləşdirməyin. Min dəfə demişəm ki, məni əsəbiləşdirməyin, başım ağrıyır əlinizdən”,-dedi.

Düzünü deyim, özünü yaşından böyük aparan və daha əvvəl davranış qaydaları haqda heç bir şey öyrədilməyən bu uşağa qarşı məndə ikrah hissi yarandı. Bilmirəm, bəlkə də yanlış düşüncədir, amma deyim ki, əgər bu yalnış idisə, bunu mən qarışıq bütün sərnişinlər edirdi. Dilləri deməsə də, üz ifadələri hər şeyi açıq-aşkar büruzə verirdi. Təbii ki, hər bir valideyn üçün öz övladı əzizdir, dəyərlidir. Lakin atalarımız “əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir” deyiblər. Uşağın evdə hər hansı sözü və ya davranışı xoşumuza gələ, üzümüzdə təbəssüm yarada bilər. Lakin unutmamaq lazımdır ki, ona verilən sərbəstlik müsbətdən çox, uşağımıza mənfilər qazandıracaq. Bəs uşağa sərbəstlik hansı ölçüdə verilməlidir? Burada müəyyən yaş məhdudiyyəti varmı?  Ölçüsüz verilən sərbəstlik uşaqda hansı fəsadlara yol aça bilər?

 “Həddindən artıq sərbəstliyin zərərləri…”

 “Narınc” Uşaq Psixologiya Mərkəzinin psixoloqu Narınc Rüstəmova bəzən valideynlərin bir qədər qabarıq formada uşaqlara sərbəstlik verdiklərini bildirdi. Onun sözlərinə görə, bu, normadan artıq və qaydasız olduqda uşaqda mənfi vərdişlərin formalaşmasına yol açır: “Valideynlər çox vaxt uşağa sərbəstlik verərkən ölçünü qaçırırlar. Bu da, öz növbəsində, uşağın ərkəsöyün olmasına şərait yaradır. Sərbəstliyin də öz çərçivəsi var. Uşağa sərbəstlik yerinə seçim haqqı vermək daha doğru olar. Çünki sərbəstlik dediyimiz anlayış uşaqda daha çox zərərli vərdişlər formalaşdırır. Bu zaman o, cəmiyyət içərisində valideyni utandıran hərəkətlərə yol verir və ətraf mühitlə münasibətdə xoş olmayan davranış sərgiləyir. Bu da vaxtında uşağa verilmiş sərbəstliyin nəticəsidir”.

Psixoloq N. Rüstəmova belə halların yaşanmaması üçün valideynlərin doğru metod seçmələrinin vacibliyini bildirdi: “Sərbəstliyin qazandırdığı neqativ halların qarşısını almaq üçün ən vacib məsələlərdən biri, ilk növbədə, valideynlərin özləri sərbəstlik anlayışının nə olduğunu dərk etməlidirlər. Onlar bilməlidirlər ki, bu sərbəstlik hansı yaşda və hansı formada, nə cür tətbiq olunmalıdır. Adətən, məktəbəqədər yaş dövründə uşaqlar boş buraxılır, tam sərbəst olur və istədiklərini edirlər. Məktəbə başladıqları vaxtsa birdən-birə onlardan qaydalara tabe olmaq tələb olunur. Buna görə də valideynlər 1 yaşından uşaqları qaydalarla tanış etməyə başlasalar, daha yaxşı olar. Onlara qayda formalaşdırarkən də bunu yerinə və zamanına uyğun olaraq, onlara seçim haqqı verməklə etmək lazımdır. Məsələn, oyuncaq alarkən uşağa müəyyən qədər sərbəstlik vermək olar. Belə ki, ona oyuncaq avtomobil alırsınızsa, istədiyi rəngi seçməsində sərbəstlik verə bilərsiniz. Uşağa sərbəst seçim etmək anlayışını aşılamaq yaxşı haldır. Lakin istədiyini etmək, hər sözü danışmaq, istədiyi qədər oyuncaq almaq istəyi nizamlanmalıdır. Əkə təqdirdə, uşaqda doyumsuzluq hissi yaranır və bu hal getdikcə daha geniş forma almağa başlayır. Əvvəlcə, oyuncaqda özünü göstərən doyumsuzluq hissi yaş artdıqca uşaqda pula qarşı hərislik, ətraf münasibətdə kobudluq və bütün diqqətləri özünə cəlb etmə kimi xüsusiyyətlər formalaşdırır”.

 “Sərbəstlik tərbiyəsizlik və qaydasızlıq deyil”

“Uşaq yaşından formalaşan bu xüsusiyyət vaxt keçdikcə məktəbdə də özünü göstərir. Çox vaxt valideynlər müəllimin təkidi ilə psixoloqa müraciət etmək məcburiyyətində qalırlar. Məktəbdə qaydalara tabe olmur, dərslərə cavab vermir, diqqətin yalnız özündə olmasını tələb edən uşaq yoldaşları tərəfindən də mənfi reaksiya alır. Buna görə də 1 yaşından etibarən valideyn uşağı müəyyən çərçivədə qaydalar sisteminə tabe etməlidir. Belə olduqda uşaqda özünü sərbəst şəkildə ifadə etmək qabiliyyəti formalaşır və zaman keçdikcə o, sosial mühitdə davranış qaydalarını da öyrənir. Bu da uşaqda sərbəstliklə doğruluq anlayışının düzgün formalaşmasına şərait yaradacaq. Və o artıq sərbəstliyin tərbiyəsizlik və qaydasızlıq olmadığını dərk edəcək”. Bəli, körpələr evin yaraşığıdır. İşdən evə yorğun-arğın gəlsən də qapı açılan kimi qaçaraq qabağına gələn uşağın bircə təbəssümü yetər ki, gün boyu yaşadığın gərginliyi unudasan. Yaradanın bəxş etdiyi bu gözəlliyi tərbiyə, ədəb-ərkanla daha da gözəlləşdirmək isə valideynlərin öz əllərindədir. Övladlarına ən böyük örnək elə valideynlərin özləridir. Və unutmayın, uşaqlar dodaqlarınızı deyil, addımlarınızı izləyir.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here