“İran və Gürcüstandan Azərbaycana gələnlərin sayı 3-4% azalıb”

0
215
Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2015) Sərgisi keçirilir. 
Sərgi aprelin 4-nə kimi davam edəcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan sərgi üç gün ərzində turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, fikir və təkliflərin mübadiləsi üçün imkan yaradacaq. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, xarici qonaqlar və digər rəsmi şəxslər iştirak edir. AITF-2015 sərgisində dünyanın 40 ölkəsindən 350-dən çox şirkət 70 turizm istiqaməti üzrə öz təkliflərini təqdim edir. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa prosedurları mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Sərgidə 18 ölkə öz milli stendi ilə iştirak edir.

Sərgidə Azərbaycan 13 regionunun stendləri ilə təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinə məxsus 40 kv-m. ərazidə stend qurulub və burada nazirliklə yanaşı, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Baku şəhər turu, Şahdağ Turizm Mərkəzinin nümayəndələri köşklərlə təmin olunub.

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “İteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “İTE Group Plc” şirkətləri çıxış edirlər.

Yay turizm mövsümü zamanı turizm obyektlərində bahalaşma olmayacaq

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılışında jurnalistlərə bildirib ki, monitorinq zamanı hotellərdə qiymət artımı qeydə alınmayıb: “Bəlli olub ki, hotellərin xidmət keyfiyyəti artıb. Ötən ilə nisbətən bu il heç bir hoteldə bahalaşma olmayıb. İnanıram ki, yay turizm mövsümü zamanı da hotellərdə, turizm obyektlərində bahalaşma olmayacaq. Çünki buna əsas yoxdur. Hətta yeni açılan hotellərdə turistlərə xüsusi imtiyazlar və cəlbedici təkliflər olunur. Nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. Hazırda tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparırıq”.

Ə. Qarayev dolların manata nisbətən məzənnəsinin bahalaşmasının turizm obyektlərinə təsirinə də aydınlıq gətirib: “Bakıda və regionlarda otellər tərəfindən manatla göstərilən xidmətlərdə heç bir qiymət dəyişikliyi yoxdur”.

Turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb

“Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub”, -deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib  ki, qanun layihəsi ilə bağlı razılaşmalar aparılır: “Yeni qanun layihəsi bu il Milli Məclisin müzakirəsinə çıxarılacaq. Yeni layihədə turistlərin təhlükəsizliyi, sığortası sahəsində məsələlər öz əksini tapıb. Hazırkı turizm qanununda təhlükəsizlik və sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bunun üzərində ciddi çalışırıq”.

Nazir əlavə edib ki, indiyədək turistlərin təhlükəsizliyi ilə əlaqədar heç bir xoşagəlməz hadisə baş verməyib: “Turizm şirkətlərinə lisenziya verilərkən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu məsələyə xüsusi önəm verilir. Eyni zamanda Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib. Çünki hər hansı turist şirkəti təsis olunursa, deməli, o, iqtisadi əsaslara söykənir”.

 

Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur

Son aylar ərzində Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur”, – deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib: “Bu, bütün dünyada baş verən prosesdir, biz də bunu etiraf edirik və burada heç bir problem görmürük”.

Onun sözlərinə görə, Rusiyadan bütün ölkələrə gedənlərin sayı azalıb. Nazir eyni zamanda müəyyən iqtisadi və digər səbəblərə görə İran və Gürcüstandan da Azərbaycana gələnlərin sayının təxminən 3-4% azaldığını deyib.

“Amma digər ölkələrdən coğrafi baxımdan daha geniş zonanı əhatə edirik. Qərb, şərq və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin təxminən 5-15% artmasını müşahidə edirik. Təbii ki, bu, qonşu dövlətlərdən gələnlərin sayını kompensasiya etmir. Çünki oradan gələnlərin sayı daha çoxdur”, – nazir vurğulayıb.

Dövlətin əsas məqsədinin rəqəmlər əldə etmək deyil, müxtəlif bölgələr, şirkətlər, daha geniş coğrafiyanın Azərbaycana cəlb olunması, eyni zamanda, azərbaycanlıların ölkə daxilində səyahət etməsi üçün lazımi şəraitin yaradılması olduğunu vurğulayan Ə.Qarayev qeyd edib ki, bu ildən etibarən daxili turizmin statistikasına ciddi yanaşılacaq. “Bu il yerli statistikanı uğurlu şəkildə təhlil edə bilsək, o zaman daxili statistikanı da apara biləcəyik”, – nazir əlavə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here