Rusiyadan qayıdan soydaşlarımızın iş üçün üz tutduqları şəhər – Bakı

0
242
Dünya iqtisadiyyatında baş verən proseslər, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar, rublun ucuzlaşması, dolların bahalaşması və digər səbəblərlə əlaqədar bu ölkədən öz vətənlərinə dönən miqrantların sayı xeyli artıb. Geri dönənlər sırasında soydaşlarımız da var.
Rusiyada iş şəraitinin ağırlaşması səbəbindən geri dönmək məcburiyyətində qalanların da sayı az deyil. Bundan başqa, bu ölkədə miqrantlara qarşı qaydaların sərtləşdirilməsi də vəziyyətə mənfi təsir göstərib. Bəs Rusiyada qalan, hələ də orada çalışan soydaşlarımız nə düşünürlər? Onların son vəziyyətlə bağlı düşüncələri nələrdir? Rusiyanın Xabarovsk şəhərində yaşayan Zabir Sabirov deyir ki, son vaxtlar bu şəhərdə çalışan soydaşlarımızın sayı azalıb.

 

“Azərbaycana qayıdan tanışlarım Bakıda işləyirlər”

Z. Sabirovun sözlərinə görə, əvvəllər burada soydaşlarımızın çalışdıqları pərakəndə satış obyektlərinin bir çoxu bağlı qalıb: “Soydaşlarımız obyektləri əsasən icarəyə götürüb işlədirlər. Kim ki, ailəsi ilə Rusiyada çalışıb, ailəsi ilə burada yaşayır, ona işləmək indiki halda sərf edir. Ancaq kim ki, kirayədə qalır, icarə haqqı verir, üstəlik, Azərbaycana – ailəsinə pul göndərir, onların vəziyyəti çətindir. Çünki ay ərzində qazanılan pulu ölkəmizə göndərəndə bir şey eləmir. Rubl ucuzlaşıb, üstəlik, Rusiyada dollar almaq da sərfəsizdir. Lakin ailəsi ilə Rusiyada yaşayan, qazandığı pulu elə buradaca xərcləyənlər üçün vəziyyət elə də pis deyil. Çünki rublun Rusiyada alıcılıq qabiliyyəti hələ də normaldır”. Zabir Sabirov Azərbaycana qayıdan tanışları ilə əlaqə saxladığını və onların əksəriyyətinin bir neçə aydır Bakıda işlədiklərini söylədi.

 

“Bakıda iş var, amma kirayə qiymətləri çox yüksəkdir”

Ailəsi ilə birgə uzun illərdir Rusiyanın Saratov şəhərində yaşayan və bu ölkədə ticarətlə məşğul olan soydaşımız Arif Mustafayev vəziyyəti belə dəyərləndirdi: “Rusiyada əhalinin alıcılıq qabiliyyəti müəyyən qədər aşağı düşüb. Biz əvvəlki qədər qazana bilmirik. Üstəlik, qiymətlər də bahalaşıb. “Kriz” istər-istəməz hər kəsə təsir edir. Əvvəldən özü üçün müəyyən qədər şərait quranlar yenə də işlərinə davam edirlər. Azərbaycana qayıdanların çoxu günəmuzd işlərdə çalışanlardır”.

A. Mustafayev sənədləri qaydasında olmadığı üçün Rusiyadan çıxarılan soydaşlarımızın da olduğunu vurğuladı: “Onların bir çoxu ilə hərdən əlaqə saxlayıram. Kimisi Bakıda sürücü işləyir, kimisi mühafizəçi. Kiminlə danışıramsa deyir ki, tanışın olsa dolanmaq üçün ortabab iş tapmaq olar. Amma Bakıda kirayə qiymətləri baha olduğundan alınan maaşın, az qala, yarısı kirayəyə gedir deyirlər. Bütün hallarda işsiz qalmaqdansa, işləmək yaxşıdır”.

Rusiyanın Surqut şəhərində meyvə və tərəvəzin topdansatışı ilə məşğul olan, adının çəkilməsini istəməyən başqa bir soydaşımız da bizimlə söhbətində aylıq gəlirlərinin yarıbayarı azaldığını söylədi. Onun sözlərinə görə, indiki vəziyyət yalnız gözləmə mövqeyi hesab oluna bilər: “Qazancımız kəskin şəkildə azalıb. Bundan başqa, əvvəl bizə borclu olan şəxslər borclarını geri qaytarsalar da sərf eləmir, çünki rubl dəyərdən düşüb. Əgər həmin pula o vaxt bir şey etmək olardısa, indi dəyəri azalıb. Bu da bizim üçün ikiqat ziyan deməkdir. Bəzən elə olur ki, aylıq gəlirimiz xərcimizlə baş-başa olur. Yenə də işimizə davam edirik. Çünki deyirlər ki, gələcəkdə vəziyyət yaxşı olacaq”. Həmsöhbətimiz oradakı işini dayandırıb həmin işi Bakıda qurmaq barədə qətiyyən düşünmədiyini dedi.

 

“Fərasətin olsa, Azərbaycanda pul

qazanmaq üçün şərait var”

Rusiyadan yenicə vətənimizə qayıdanlardan biri də Vasif Əhmədovdur. Rusiyanın Krasnodar şəhərində metal ticarəti ilə məşğul olan V. Əhmədov vəziyyətlə əlaqədar vətənə qayıdıb. Amma valideynləri hələ də həmin şəhərdədirlər: “Mən yenicə ailə qurmuşam. Ailə qurandan sonra yenidən Krasnodara qayıtdım. Təxminən 4-5 ay orada yaşadıq. Amma yoldaşımın sənədləri qaydasında olmadığı üçün, demək olar, heç bir yerə çıxa bilmirdi. Mən də belə qənaətə gəldim ki, vətənə qayıdaq. Üç ay burada yaşadıqdan sonra yenidən Rusiyaya qayıdıb sənəd almaq üçün müraciət edəcəyik. Orada olarkən maraqlandım və hər kəs dedi ki, Bakıda münasib bir iş tapmaq olar. Martın 17-dən vətəndəyəm. Təxminən 1 həftə tanışlarımın vasitəsilə Bakının Yasamal rayonunda yerləşən çörək sexlərinin birində usta yanında köməkçi işlədim. İndi çörəyi necə bişirmək olar, bilirəm. Yaxşı insanların sayəsində mənim üçün tamamilə yeni olan bir sənət öyrənmişəm. İndi fikrim var ki, bir çörək sexi icarəyə götürüb işlədəm. Mənim fikrimcə, bu işdə yaxşı pul var. Doğrudan da, Azərbaycanda pul qazanmaq üçün şərait var, amma gərək əlində bir az mayan, bir də fərasətin ola”. NICAT İNTIQAM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here