“Elə onu gümrah saxlayan da budur”

0
384

Hazırda Yevlaxda yaşayan, əslən alman olan 125 yaşlı Yelena nənə Nemətabad kəndinin ən sevilən sakinlərindən biridir. Yelena nənənin atası rus, anası isə almandır. Valideynlərini itirdikdən sonra o, Krasnodarda bir kolxoz sədrinin himayəsinə verilir. Müəyyən zaman keçdikdən sonra nənə elə həmin şəhərdə yeməkxanalardan birində çalışan azərbaycanlı İmamqulu Abbasovun yanında işləməyə başlayır. Elə onunla ailə həyatı quran nənənin 2 oğul, 1 qız övladı dünyaya gəlir. Bir müddətdən sonra Gürcüstana köçərək əl-ələ verib çalışmağa başlayıblar. Yelenanın qardaşları Gürcüstana onun arxasınca gəliblər. Onu Almaniyaya aparmaq üçün qatara mindiriblər. Ancaq gənc xanım ailə sevgisini üstün tutaraq qatar tərpənən anda özünü yerə ata bilib. Qardaşları onun bu halını görüb, naəlac geri dönüblər. Beləcə, Yelena nənə İmamqulu bəylə birgə Azərbaycan xalqının adət-ənənəsini sevərək yaşamağa üstünlük verib.

Onlar qohumlarının dəvəti ilə 1947-ci ildə Azərbaycana üz tuturlar. Yevlaxda yeməkxana işlətməyə başlayan İmamqulu kişi 1950-ildə zəhərlənərək dünyasını dəyişir. Yelena nənənin çətin günləri də məhz bundan sonra başlayır. Böyük çətinliklər bahasına övladlarını böyüdən nənə uzun müddət pambıq yığır, hətta manqa başçısı da olur. Az danışan, çox çalışan nənə demokratik düşüncəli uşaqlar böyütməyə başlayır. O, bir az alman, bir az rus və bir az da Azərbaycan dilində danışa-danışa hamının sevimlisinə çevrilib. Hazırda 125 yaşı olmasına baxmayaraq, özü durur, özü gəzir, özü yuyunur, hətta ev işlərində də nəvə və nəticələrinə kömək edir. Kötükcəsini oynatmaqdan ləzzət alır. Yelena nənə Azərbaycan mədəniyyətini tamamilə mənimsəmiş bir insandır. O bu yaşında da paltar ütüləyir, düyü təmizləyir, rahat şəkildə hərəkət edir. O, dinimiz İslama hər zaman hörmətlə yanaşır. İndi böyük bir ailə sülaləsi olan Yelena nənənin 60 nəvəsi, 124 nəticə, kötükcəsi, 1 yadıcası var. Yelena Abbasova bizimlə söhbətində bildirdi ki, onu belə gümrah saxlayan ailəsinə olan sevgisi olub: “Həyat yoldaşımı, övladlarımı çox sevmişəm. Azərbaycan xalqının dəstəyi də mənə çox olub. İndi çox şeylər hafizəmdən silinib. Amma yenə də bu yaşımda evdə gəlinə, nəvəyə bildiklərimi öyrədirəm. Yaxşı günlərimiz olub. Elə indi də pis yaşamırıq. Övladlarımın sağlığı mənə hər şeydən üstündür”.

Nənənin nəvəsi Bəylər Abbasov, gəlini Gövhər Abbasova, nəvəsinin həyat yoldaşı Mehparə Abbasova ona göstərdikləri qulluqdan danışdılar. Onlar bildirdilər ki, biz onu əlini ağdan-qaraya vurmağa qoymuruq. Amma o, işsiz dayana bilmir, gah paltar ütüləyir, gah qab-qacaq yuyur, bir sözlə, işsiz dayana bilmir. Elə onu  gümrah saxlayan da budur.

Esmira Hidayətova, Yevlax

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here