Türk elləri: Tuba türkləri – tubalar (2)

0
421
Tubalar ruslaşmaya məruz qalmazdan, yəni rus işğalı altına düşməzdən əvvəl  özlərinə xas olan mədəniyyətə, yaşayış tərzinə malik idilər və onlarda ailə adət-ənənələri, ailəyə bağlılıq çox güclü idi. 
Tubalar rus işğalından əvvəl mənəvi baxımdan işğalı altına düşdükləri xalqdan daha yüksəkdə dayanırdılar  və bu sahədə onlara nümunə ola biləcək mədəniyyətə malik idilər. Tubalar mərd, sözlərinin üstündə dayanan,  olduqca saf, hər şeyə inanan, yalanla, əliəyriliklə məşğul olmayan insanlar idilər. Oğurluq, başqasının malına əl uzatmaq, onun qadınına pis baxmaq, kiməsə ziyan vurmaq kimi mənfi xüsusiyyətlərdən onlar  uzaq idilər. Ona görə də tubalar ruslar tərəfindən sadəlövh və tez aldanan xalq adlandırılmışdılar. Bu da ruslara tubaları asanlıqla assimilyasiya etməyə və onları xristianlaşdırmağa imkan verdi.

 

Qədim dəmirçilər

Tubaların müəyyən hissəsi ovçuluq və kənd təsərrüfatı ilə məşğul olsa da, onların bir hissəsinin əsas peşəsi dəmirçilik hesab edilirdi. Tubalar yaşayan ərazilərdə hələ qədimlərdən metal yataqları vardı və onların əcdadları metal əridərək ondan dəmir alətlər, o cümlədən silah düzəltməyi bacarırdılar. Təsadüfi deyil ki, XVII əsrin əvvəllərində Altayı işğal etməyə başlayan ruslar tubaların metaləritmə məharətinə heyran qalaraq onları dəmirçilər adlandırmışdılar. 1628-ci ildə ruslar tubalar yaşayan ərazidə saldıqları ilk yaşayış məntəqəsini də Kuzneçnıy (Dəmirçi) adlandırdılar. 1622-ci ildə isə bununla bağlı Moskvaya göndərilən sənəddə deyilirdi: “Kondom və Bras arası çayların arxasında dəmir dağlar mövcuddur. Burada yaşayan insanlar (tubalar) dəmir dağların ətrafında ocaq qalayaraq onu parçalayır, sonra isə xüsusi peçlərdə əridərək hazırlanan ərintidən müxtəlif dəmir alətlər düzəldirlər. Hazırlanan dəmir alətləri, o cümlədən məişətdə işlənən alətləri, silahları, dəmir geyimləri qonşuluqdakı heyvandarlıqla, əkinçiliklə və ovçuluqla məşğul olan soydaşlarına satır və bununla da özlərini, ailələrini dolandırırlar.  Onlar (tubalar) məharətli  metal əridən xalqdırlar və buna heyran qalmamaq mümkün deyil”.

Tubalar dəmirə temir və ya tebir deyirdilər. Metal mədənlərini isə tubalar temir-taş (dəmir-daş) adlandırırdılar. Metal əridilməsində istifadə edilən kömürə-komur deyirdilər. Metal əridən insanlara temirçi (dəmirçi) deyə müraciət edirdilər. Qeyd edək ki, tubalar tayfalarından biri elə Kömürçü (Komurçu), digəri isə temirçi (dəmirçi) adlanırdı. Həyatyanı sahədə istifadə edilən alət  kerçi (kerçi-kətmən), qılınc-kılış adlanırdı. Bir sözlə, tubalar ruslar buraya gəlməmişdən əvvəl də dəmirəritmə sahəsində xüsusi vərdişlərə malik idilər. Ruslar məhz onların bu təcrübəsindən  işğal etdikləri Ural dağlarındakı dəmir mədənlərindən dəmir əridilməsində istifadə edərək, yeni metaləritmə sənayesinin əsasını qoydular…

Din

Tubalarda ənənəvi olaraq şamanizm üstünlük təşkil edib. Rusiyanın bölgəni işğal etməsindən sonra xristian missionerlər onların arasında xristianlığın pravoslav məzhəbini yaya biliblər. Tubaların böyük hissəsi pravoslavdır, bununla belə, onlar şamanizmi də yaşatmaqda davam edirlər.

Tubalarda Sibir sidri ağacı müqəddəs hesab edilir, əhali arasında yayılan inanclara görə, sidr ağacı güc, gözəllik və igidlik rəmzidir.

 

Evlənmə mərasimləri

Tubaların evlənmə mərasimləri eynilə bütün türk xalqlarında olduğu kimidir və belə demək mümkünsə, bu adət-ənənələrin bir hissəsidir.  Bu baxımdan tubalıların evlənmə mərasimlərini xüsusi qeyd etmək yerinə düşər. Məsələn, digər türk xalqları kimi, tubalarda da qız alan zaman oğlan evi qarşı tərəfə kalım-başlıq verir. Bu başlıq, adətən, pul deyil, ərzaq məhsullarından, pal-paltardan, yorğan-döşəkdən, ağacdan hazırlanan qaşıq, yemək qablarından, həmçinin yer şumlayan kotandan,  xüsusi topraq sahəsindən, müəyyən sayda  ev heyvanlarından ibarət olurdu. Bu əşyalar kıstınq ençizi (qızlıq cehizi) adlanır və gənc ər-arvadın şəxsi malı hesab edilirdi. Tuba türklərində təzə evlənənlərin evlə təmin olunması da önəmli yerlərdən birini tuturdu. Bu məqsədlə qohum-qardaş bir yerə yığılır və gənc ailəyə ev tikilməsində yardım edirdilər. Evi inşa edəndən və gənc ailəni bir yerə yığandan sonra xüsusi şadlıq mərasimi keçirir və bunu süfrə arxasında qeyd edirdilər. Mərasimdə, belə demək mümkünsə tuba xalq mahnılarından istifadə edirdilər.  Şadlıq mərasimi səhər tezdən başlayır və gecəyarıya kimi davam edirdi. Ümumiyyətlə, qədimlərdə digər türk xalqlarında olduğu kimi, tubalarda da təzə ailə quran gənclər bir müddət valideynləri ilə bir yerdə yaşayır, sonra onlara, ilk növbədə, yeni evlərin inşa edilməsi məsələsi gündəmə gəlirdi. Tubalarda gəlinin ərin valideynlərinə xüsusi hörmət göstərməsi, onların qulluğunda durması, nazları ilə oynaması, bir sözlərini iki etməməsi çox vacib məsələlərdən sayılırdı. Gəlin ər evində nə qədər çox hörmət qazansa, onun ata-anasına da o qədər el arasında hörmət edir, onun valideynlərini mərifətli övlad böyütdüklərinə görə xüsusi tərifləyirdilər. Əgər ər evində hörmət qazanan gəlinin özündən sonra kiçik bacıları vardısa, dərhal digərləri onlara elçi düşür, bu ailə ilə qohum olmağa can atırdılar.

Yenə də təəssüf hissi ilə qeyd etmək istəyirik ki, tubalar arasında artıq belə adət-ənənələr yalnız rusların ayaqları dəymədikləri  ucqar kəndlərdə qalmaqdadır. Ənənəvi olaraq ucqar kəndlərdə qız alıb-vermək köhnə qayda ilə davam edir. Amma daha iri yaşayış məntəqələrində yaşayan Tuba türkləri rus adət-ənənələrinə uyğun ailə həyatı qururlar. Bu da yuxarıda qeyd etdiyimiz kimi, daha çox ruslar tərəfindən bu qədim və yerli türk xalqının mənəvi, mədəni və dil baxımından assimilyasiyaya uğraması ilə əlaqədardır.

Tubaların toy mərasimlərindən danışarkən onların yas mərasimlərinə yenidən toxunmamaq mümkün deyil. Türk xalqlarında olduğu kimi, tubalarda da ölüyə, onun dəfninə xüsusi diqqətlə yanaşırlar. Tubalarda ölünün ruhunu incitməmək hissi çox güclüdür və onlar buna görə onu son mənzilə bütün adət- ənənələrə uyğun şəkildə yola salırlar. Tubalar ölünü xüsusi ağacdan hazırlanan ağac tabutlarda dəfn edirlər. Qədimlərdə ölünün yanına onun ovda və ya kənd təsərrüfatında istifadə etdiyi əşyaları qoyardılar. Əlbəttə, varlı tubalarda kasıb təbəqə ilə müqayisədə həm toy, həm də yas mərasimləri daha təmtəraqlı keçirdi.  Varlı ailələrdən olanların məzarlarına dəmir baş geyimləri-dəbilqələr, zirehli geyimlər, dəmirdən hazırlanan silahlar qoyurdular.

 

Tubaların günümüzdəki vəziyyəti və tarixdən silinmək təhlükəsi

SSRİ dağılandan sonra 1993-cü ildə Altayın şimalında yaşayan etnosların (kımandin, tuba, çalkans) qurultayı keçirildi. Qurultayda bölgədə yaşayan xalqların dillərinin, mədəniyyətlərin inkişaf ertdirilməsi, qədim adət-ənənələrinin bərpası qərara alındı. 1999-cu ildə Altay respublikasında yaşayan azsaylı xalqların assosiasiyası yaradıldı. Bu assosiasiyaya kumandinlər, tubalar, çelkanlar və telengitlər daxil oldular. “Tuba xalqının dirçəlişi” və  bölgədə yaşayan azsaylı xalqların Gənclər təşkilatının əhali arasında keçirdiyi rəy sorğusuna görə,  tubalar arasında 2001-ci ildə alitəhsillilərin sayı 9,2 faiz, texnikum bitirənlərin sayı 25-30, orta təhsillilər 29, 4, natamam orta təhsillilər 24,4, ibtidai təhsillilər isə 12,7 faiz olub. Rəhbər vəzifələrdə işləyənlər arasında isə tubaların sayı belə olub: Həkim rəhbər kadrlar 0,2 faiz, mühəndis-texniki vəzifələrdə 0,3, müəllimlər 2, kənd təsərrüfatında çalışanlar 0,7 faiz. Bu isə təbii ki, olduqca az rəqəmdir. Tubaların rəhbər vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi isə yüz illər boyu  işğal edilmiş ərazilərdə ruslar tərəfindən həyata keçirilən milli ayrı-seçkilik və assimilyasiya siyasətidir.

Tubalar arasında pensiyaçıların sayı 21,6, əlillər 1-9, işsizlərin sayı isə 32 faiz olub. Ən faciəli cəhət isə tubalı gənclərin öz dillərini bilməməsidir. Çünki işğalçı rus rejimi  Tuba məktəblərində ana dilində dərs keçilməsinə icazə vermir və buna bəhanə kimi guya yerli əhali arasında ana dilində dərs keçən müəllim kadrların olmamasını əsas gətirirlər. Halbuki bu problemi çox asan həll etmək, qısamüddətli kurslar hesabına yerli tubalardan müəllim kadrları hazırlamaq mümkündür. Bununla belə, tubalar arasında müəyyən qədər ana dilinə məhəbbət oyanmağa başlayıb. Bunu Tuba Mədəniyyət Mərkəzinin açdığı məktəblərdə ana dilində dərs keçirilməsi də sübut etməkdədir. Xatırladaq ki, hazırda tubalı gənclərin 40 faizi ana dillərində danışa bilmirlər, 37 faizi isə az danışa bilir. Yalnız tubalı gənclərin 20 faizi ana  dilində yaxşı danışır.

Sayı günümüzdə 2000 nəfərdən çox hesab edilən tubalar ən çox Artibaş, Logaç, Novotroitsk (Orenburg vilayəti), Tuloi, Tondoşka, Kebezen, Ust-Pyza, Biyka, Yailu, Çuyka, Toroçak, Paspaul, Salganda, Karakokşa, Tunza, Krasnoselskoye, Uskuç, Uimen, və Karasuk (Novosibirsk) ərazilərindəki qəsəbə və kəndlərdə yaşayırlar.

Tubalar hazırda ən ağır günlərindən birini yaşamaqda və tədricən tarixin səhnəsindən silinmək üzrədirlər. Bunun qabağını almaq üçün tubalar dilinin inkişaf etdirilməsinə, onlara mədəniyyətlərini yaşatmasına yardım etmək lazımdır. Yenə də təəssüflər olsun ki, belə yardımlar yoxdur…

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here