Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkədir

0
411
Bu ilin yanvar-fevral ayları ərzində qonşu Gürcüstandan ölkəmizə 19,8 milyon dollar dəyərində 1071 ədəd avtomobil gətirilib.
 Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Xidmətin yaydığı statistik məlumata istinadən aparılan hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 4,4 dəfə və ya 3651 ədəd azalıb. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən ümumi vəsait azalsa da, avtomobillərin orta qiyməti 2,4 dəfə artıb. Belə ki, 2014-cü ilin ilk 2 ayında 4 min 722 avtomobil üçün 36,6 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, ötən ilın yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 7,7 min dollar olduğu halda, bu ilin yanvar-fevral aylarında 18,5 min dollar təşkil edib. Avtomobillərin orta qiymətinin son bir il ərzində 2,4 dəfə artmasının əsas səbəbi odur ki, “Avro-4” standartına cavab verməyənlərin ölkəyə gətirilməsinə ötən ilin aprel ayının 1-dən etibarən qadağa qoyulub. Əvvəllər Gürcüstandan Azərbaycana buraxılış ili köhnə olan ucuz avtomobillər gətirilirdi. Qeyd olunan qadağadan sonra ölkəyə buraxılış ili yeni olan avtomobillər gətirildi ki, bunların da qiyməti yüksəkdir. Ümumiyyətlə, Gürcüstandan gətirilən avtomobillər ölkəyə idxal edilən avtomobillərin 14,2%-i təşkil edib. Qeyd edək ki, Azərbaycan Gömrük Komitəsi bu ilin ilk 2 ayı ərzində ölkəyə 7 min 511 ədəd avtomobil gətirildiyini bildirib.

Məlumat üçün onu da bildirək ki, Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 45,9 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 38,3% və ya 28,6 milyon dollar azalıb. Qeyd edək ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkədir. Cari ilin ilk 2 ayında Gürcüstanın ümumi ixracının 14,2%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında növbəti yerlərdə Türkiyə (25,9 milyon dollar), ABŞ (23,7 milyon dollar), Bolqarıstan (ilk ay ərzində 22,4 milyon dollar), Ermənistan (19,5 milyon dollar), İtaliya (18,5 milyon dollar) və Almaniya (15,7 milyon dollar) gəlir. Avtomobildən başqa, Gürcüstandan Azərbaycana əsasən qara metallar və onlardan hazırlanan məhsullar (ilk 2 ay ərzində 4,7 milyon dollar), irubuynuzlu heyvan (2 milyon dollar) və maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (1,6 milyon dollar) ixrac olunub.

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 2 ayında Azərbaycandan 100,7 milyon dollar dəyərində məhsul alındığını bildirir. Bu məhsulların 67,4 milyon dolları neft və təbii qazın, 17,1 milyon dolları neft və neft məhsullarının payına düşüb. Azərbaycan Türkiyədən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 2 ay ərzində Türkiyədən 198,3 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Çin (97,7 milyon dollar), Rusiya (90,5 milyon dollar), Almaniya  (78,1 milyon dollar), Ukrayna (63,5 milyon dollar), ABŞ (46,2 milyon dollar) və Ermənistan (41,4 milyon dollar) gəlir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here