“Yəmənə qurudan hücum nəzərdə tutulmur”

0
456
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri dünən də Yəməndə husi üsyançılarının mövqelərini bombalayıb.
Aviazərbələr zamanı, paytaxt Sənanın hava limanı ətrafı hədəf seçilib. Həmin bölgələrdə husi üsyançılarına məxsus bazaların olduğu güman edilir. Bu arada isə Misir, İordaniya, Sudan, Türkiyə və Pakistan rəhbərliyi də əməliyyatlara dəstəklədiklərini bəyan ediblər. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri husi üsyançılarına qarşı görülən tədbirləri alqışladığını deyib. Rusiya prezidenti Vladimir Putin isə, iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal Yəməndə hərbi fəaliyyətinə son qoymağa çağırıb.

”Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən əməliyyatında hələlik qurudan hücum nəzərdə tutulmur”.

Bu barədə Səudiyyə Ərəbistanın müdafiə nazirliyinin sözçüsü Əhməd Həsən Asiri deyib.

Onun sözlərinə görə, hava hücumları hədəfə çatana kimi davam edəcək: “Yəmən əməliyyatında hələlik qurudan hücum nəzərdə tutulmur, lakin lazım olacağı təqdirdə ordumuz buna da hazırdır”.

Müdafiə nazirliyinin sözçüsü əsas hədəfin Yəməndə hüquqi dövlətin bərpası olduğunu bildirib.

”Əməliyyatlar çox böyük planda aparılır və husilərin bütün gücləri məhv ediləcək. Bununla yanaşı, husilərə dəstək verən heç bir qüvvə ilə sülhdən söz gedə bilməz”, – deyə o bildirib.

Hələlik İran husi üsyançılarına dəstək olan yeganə ölkə olduğu iddiaları var. Bir qədər əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Ər-Riyaddan aviazərbələri dayandırmağı tələb edirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Yəməndə baş verən hadisələrdə İranı günahlandırıb. O İranın regionda hakim mövqe tutmaq niyyətinin dözülməz olduğunu bildirib. ”İran bölgədə hökmranlıq etməyə çalışır. Bu artıq ABŞ-ı, Səudiyyə Ərəbistanını və Fars körfəzi ölkələrini qıcıqlandırmağa başlayıb. Bu həqiqətən də dözülməzdir və İran bunu görməlidir”. Bu barədə Ərdoğan  Yəməndəki hərbi əməliyyatı şərh edərkən bildirib. Türkiyə prezidenti Yəməndəki qarşıdurmanın məzhəb arası münaqişəyə çevrildiyini qeyd edərək İranı şiə üsyançılarını (husilər) dəstəkləməyə son qoymağa çağırıb.   “İran mövqeyini dəyişməlidir. Yəmən, Suriya və İraqdakı qüvvələrini geri çəkməlidir və onların ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”, deyə Ərdoqan bildirib.

Qeyd edək ki, ötən gün  Ərdoğan vəziyyətin inkişafından asılı olaraq Türkiyənin Yəməndəki əməliyyata loqistik dəstək verəcəyinin mümkünlüyünü qeyd edib. Bu arada isə Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvətlərinin Qətərdə yerləşdirilməsinə imkan verən qanun layihəsini təsdiq edib. Yeni qanun layihələrinə əsasən Türkiyə Qətərin hərbi təhsil fəaliyyətində rol oynayacaq. Türk zabitləri Qətərdə Suriyalı müxalif qüvvələri də öyrədəcək.

Ərdoğanın mətbuat katibi isə bildirib ki, Yəməndəki hadisələrə baxmayaraq, prezidentin İrana rəsmi səfəri nəzərdə tutulan tarixdə, yəni aprelin əvvəlində  həyata keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here