Oynatmıram, əl çəkin!

0
354

Milli mənimdir əgər, oynatmıram, əl çəkin!

Eyləməyin dəngəsər, oynatmıram, əl çəkin!

 

Anlamıram, nədəndir hamı gəlib heyrətə,

Harda görsələr məni tutaraq tez söhbətə:

Sorurlar “Neftçi”dən yoxdur düşən heyətə?!

Deyirəm, ay can-ciyər, oynatmıram, əl çəkin!

Eyləməyin dəngəsər, oynatmıram, əl çəkin!

 

Öz sözümü demişəm bəri başdan, əzəldən,

Getmərəm bir kimsəçün əsla ayaqdan-əldən.

Mən heç nə gözləmirəm “Simurq”, “Bakı” AZAL-dan

Duydum işi sərbəsər, oynatmıram, əl çəkin?

Eyləməyin dəngəsər, oynatmıram, əl çəkin!

 

O Nurlana deyin ki, dinməsin boş-boşuna,

Eyləmərəm rəhm onun gözdən axan yaşına,

Ölsə də verməm riza qoşulmağa “qoşuna”,

Əlhəzər, ondan həzər, oynatmıram, əl çəkin?

Eyləməyin dəngəsər, oynatmıram, əl çəkin!

 

“Bəsdir o bildikləri, kaş onu da bilməsə!

Canıma olsun fəda bir də üzü gülməsə!

Ta ki, o zehnindəki fikrləri silməsə,

Sanma ola bəxtəvər”, oynatmıram, əl çəkin!

Eyləməyin dəngəsər, oynatmıram, əl çəkin!

 

Gətirmişəm özümlə mən yeni bir “fəlsəfə”,

Axı bunu hər kəsə söyləmişəm hər dəfə…

Məhz onunla gedirəm o zirvəyə – hədəfə

Bir kərə qan, müxtəsər, oynatmıram, əl çəkin!

Eyləməyin dəngəsər, oynatmıram, əl çəkin!

 

Qoysanız öz millimi mən salım öz halıma,

“Fəlsəfə”mi öyrədib uydurum əhvalıma,

Səs salım Avropaya, cümlə bütün aləmə

Adım dillərdə əzbər, oynatmıram, əl çəkin?

Eyləməyin dəngəsər, oynatmıram, əl çəkin!

 

“Milli mənimdir, kişi, dəxli nədir sizlərə?

Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?”

Uymaram əsla belə şəstə dəyən sözlərə!

Dözəcəyəm birtəhər, oynatmıram, əl çəkin!

Eyləməyin dəngəsər, oynatmıram, əl çəkin!

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here