Bəlkə bu dəfə gəlməyəsən?

0
243
– Məktubunu aldım, ay Novruz! Yazırsan ki, bir neçə gündən sonra dərələr, dağlar aşaraq, çox ellər dolaşaraq sizə gəlirəm. Gəl, qadan alım, gəl. Qədəmlərinə qurban olaram, gəl. Deyirəm, qoy mən də quru-quru qurban olanlardan biri olum, mən olmasam dünya dağılmayacaq ki? Bəli, dərələrdən sel kimi, təpələrdən yel kimi, gələcəyinə  əminəm. Amma ehtiyatlı ol… Bir vaxtlar keçdiyin dərələrdə, təpələrdə elə villalar peyda olub ki…
Bəli, bilirəm ki, sənin fikrin, xəyalın cücəplovun yanındadır, şəkərburanın yanındadır, səməni halvasının yanındadır, paxlava yanındadır. Amma nə gizlədim, bu dəfə bu sadaladıqlarımın heç birini bizdə görməyəcəksən. Ayaqlarının altında mələməz quzu kəsəcəyimi isə əsla ağlına belə gətirmə. Çünki bu il sən düşündüyündən də əlim aşağıdır. Bunun əsas səbəbi manatın devalvasiyasından, sənin başa düşəcəyin dildə desəm, manatın kəskin ucuzlaşmasından sonra vaxtilə dollarla aldığım krediti hazırkı kursla ödəməyimdir. Bu, heç bilirsən nə deməkdir: hər yüz manata otuz dörd manat itki. Halbuki həmin otuz dörd manata mən nələr edə bilərdim… Bu mənzərədən söz açıb qanınızı qaraltmaq istəmirəm. Nə isə, əl aşağı olanda baş ondan aşağı olur. Vallah, ay Novruz, görünür, bu zəmanədən heç başım da baş çıxara bilmir. Bəlkə elə bu səbəbdən həmişə başımdan tüstü çıxır.Tüstü demişkən, ay Novruz, bazarlarımız da od tutub yanır e… Doğrudur, adınla bağlı təşkil edilmiş kənd təsərrüfatı yarmarkarları ilə bu odu söndürməyə cəhd edirlər. Amma səni inandırım, indiki yarmarkalar yanmaqda heç bazarlarımızdan geri qalmır. Yəni yarmarkalardakı qiymətlər bazarlardakından o qədər də fərqlənmir. Üstəlik, bu məkanlarda keyfiyyətsiz məhsullar çoxluq təşkil edir. Şəxsən mən belə keyfiyyətsiz məhsulları alıb, sənin şəninə açacağım süfrəyə qoymağı özümə rəva bilmirəm. Vallah-billah, ay Novruz, arada sənin gül kimi adını bədnam edirlər e… Bir də bir şeyi başa düşə bilmirəm, niyə sənin gəlişindən xəbər tutan kimi alverçilərimiz məhsulların qiymətlərini belə qaldırırlar? Olmaya, bu dərəbəylikdə sənin də əlin var? Olmaya, sən də onlarla şəriksən? Eşidəm, biləm ki, belədir, inandırım səni, bir də qulaq falına çıxsam, tonqalın üstündən hoppansam, heç atamın oğlu deyiləm.

Qulaq falı demişkən, dünən (ilaxır çərşənbəsi idi axı) qulaq falına çıxanda çox sözlər eşitdim, amma nə Şuşa bacı, nə Laçın bacı, nə Füzuli baba, nə Kəlbəcər əmi, nə Qubadlı dayı, nə Zəngilan qardaş, nə Ağdam əmioğlu, Cəbrayıl bacıoğlu… ilə bağlı bir kəlmə söz eşitmədim. Sözün düzü, qulaqlarımdan şübhələndim. Odur ki həkimə gedib qulaqlarımı yudurmaq istədim. Həkim deyəndə ki, qulaqlarında heç bir problem yoxdur, sözün düzü, yenə qulaqlarıma inanmadım. İstədim, gedib ATƏT-in Minsk Qrupunun üzvlərinin qapılarını pusum. Lakin az sonra dərk etdim ki, bu olduqca mənasız bir hərəkətdir. Çünki indiyədək qapılarına atdığımız papaqlarımızın içinə onlar hələ bir şey qoymayıblar.

Hə, ay Novruz, siyasətlə başını yormaq istəmədim, amma nə edim ki, söz sözü gətirdi. Hə, dünən axşam binamızın imkanlı sakinlərindən birinə dedim ki, axır çərşənbədir, həyətdə uşaqlar yaxşı tonqal qalayıblar, gedək üstündən hoppanaq. Nə desə yaxşıdır? Get tullan. Bayram axşamı olduğu üçün onun dediyi bu sözü böyüdüb qanqaraçılıq salmaq istəmədim. Az sonra o, könlümü alırmış kimi dedi: “İldən-aydan bir dəfə bayram edirsən, onda da belə… Başa düş, birdəfəlik anla. Mənim kimi imkanlılar üçün bayramın konkret bir günü yoxdur… Bu mənada şəxsən mənim üçün hər gün bayramdır. Yəni hər gün istədiyim məhsulu alıb, bayram süfrəsi aça bilirəm. Sən isə, yenə deyirəm, ildən-ayda bir dəfə… Hətta ağlıma bir fikir də gəlib, qoy onu da deyim. Vallah-billah, elə bu bayramlar siz kasıbların ucbatından bu günümüzə gəlib çıxıb. Yoxsa, biz imkanlıların ümidinə qalsa idi, bu kimi bayramlar çoxdan yoxa çıxmışdı. Mənə elə gəlir ki, kasıbçılığın bu kimi üstünlükləri var. Nə isə, ay Novruz, deyəsən, mətləbdən uzaqlaşdım axı. Amma bir o qədər də yox…

Novruz, bütün bu dediklərimi ürəyinə salma. Heç nəyə gücüm çatmasa da, budəfəki gəlişin münasibətilə bir maraqlı konsert təşkil etmək niyyətim var. Həmin konsertdə də özüm yazıb, özüm bəstələdiyim mahnıları oxuyacağam. Nədən ki, indi mod belədir. Yəqin maraqlanırsan: necə oldu ki, mən müğənni oldum? Qoy bu “sirr”i sənə açım. Uzun müddət işsiz qalanda, iş üçün yüzlərlə qapı döyəndə, növbələrdə dayananda o qədər zümzümələr etdim ki, bir də gördüm indi ekranlarda meydan sulayan müğənnilərdən yaxşı oxuyuram. Əgər bu sahədə işlərim uğurla getsə (hərçənd buna şübhəm yoxdur), sənin gələnilki gəlişində elə ziyafət təşkil edəcəyəm ki… Odur ki, bu dəfə məni bağışla. Deyirəm, bəlkə bu il bizə gəlməyəsən? q.mehebbetoglu@zaman.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here