TANAP-ın təməli atıldı

0
372
Dünən Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazı Türkiyə ərazisi vasitəsilə Avropaya çatdıracaq  “Trans-Anadolu” təbii qaz boru xəttinin təməlləri atılıb. Türkiyənin Qars şəhərində baş tutan təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti   Rəcəb Tayyip Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak edib.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” təbii qaz boru xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. Ötən ilin oktyabr ayında imzalanan Ana Xətt Boruları Satınalma Sözləşmələri çərçivəsində ümumi boru həcminin 80%-nin Türkiyə istehsalçıları tərəfindən tədarük edilməsinə və dekabr ayında imzalanan Quru Sahəsi üzrə Boru Xətti İnşaat Sözləşmələri çərçivəsində boru xəttinin Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan 56 düym diametrindəki 1334 kilometrlik hissəsinin üç lot halında, aralarında Türkiyə və Azərbaycan podratçılarının çoxluq təşkil etdiyi şirkətlər tərəfindən inşa edilməsinə qərar verilib.

TANAP $10-11 milyard dollar dəyərində qiymətləndirilir. TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti – 58%, BOTAŞ – 30%, BP – 12%.

“Bu gün Qarsda TANAP layihəsinin təməli qoyulur.TANAP bizim müştərək layihəmizdir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qarsda inşa edilmiş Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin açılış mərasimində deyib. Prezident bildirib ki, 3 il əvvəl İstanbulda TANAP layihəsi ilə bağlı sənəd imzalanıb: “Biz bu gün artıq bu layihənin təməli qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni mənzərə ortaya qoyur. Bizim həyata keçirdiyimiz birgə enerji layihələri xalqlarımız üçün yeni imkanlar, iş yerləri yaradır, siyasi və iqtisadi gücümüzü artırır”.

Dövlət başçısı Azərbaycanın Türkiyəyə sərmayələr qoymağa başladığını qeyd edib: “SOCAR Türkiyəyə 20 milyard dollar dəyərində sərmayə qoymağa başlayıb, önəmli enerji layihələrinin həyata keçirilməsinə başlanacaq. SOCAR Türkiyənin təhsil sahəsinə də sərmayə qoymağa başlayıb, Qars, Ankara, Kocaeli, Ceyhan və Əliağada 5 lisey və məktəb tikilib. Təhsil sahəsinə qoyulan sərmayə gələcəyimizə qoyulan sərmayədir. Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Çalışmalıyıq ki, həm Türkiyədə, həm Azərbaycanda təhsili bundan sonra da inkişaf etdirək, gənclərimiz bilikli, savadlı olsunlar. Bu gün dünyada bilik, savad hər şeyi həll edir, texnoloji inkişafı şərtləndirir. Təhsilinin səviyyəsi yüksək olan ölkələr gələcəkdə inkişaf edəcək”.

Prezident  qeyd edib ki, Azərbaycanda da təhsil sahəsi prioritetdir. Onun sözlərinə görə, son 11 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib, təmir edilib, gənclər üçün gözəl imkanlar yaradılıb: “Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyində peşə sahibləri oxuyacaq. Daha sonra bu peşə sahibləri Türkiyə və Azərbaycan maraqlarını qoruyacaqlar. Bura artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə bir məktəbin açılması bizim hamımızı ürəkdən sevindirir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here