“Son sözü çempionatın sonu deyəcək”

0
240

2015/2016-cı il mövsümündə də Topaz Premyer Liqası klublarının sayı 10 olacaq. Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, 2 komanda gedəcək, aşağı dəstədən, yəni birinci diviziondan isə 2 komanda gələcək: “Bu da lisenziyalaşmış komanda olacaq. Yəni UEFA-nın qaydalarına əsasən, lisenziyası olan klub Premyer Liqada oynayacaq. Əks təqdirdə, həmin komanda Premyer Liqaya buraxılmayacaq”.

Qeyd edək ki, əvvəlcə sonuncu pilləni tutan kimandanın elitanı tərk edəcəyi deyilirdi, indi vəziyyət dəyişir. “Araz Naxçıvan”ın çıxışını dayandırdığını nəzərə alsaq, indi ona daha bir komanda – 9-cu pilləni tutan da qoşulmalıdır. Bu mənada hazırda 11 xalla 9-cu pillədə qərarlaşan “Bakı”nın vəziyyəti heç də ürəkaçan olmayacaq. Halbuki dünənə qədər “zolaqlılar” onsuz da elitada qalacaqlarını düşünərək çıxış edirdilər.

Məsələ ilə əlaqədar “Bakı”nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. Qəbul edilmiş qərara hörmətlə yanaşdığını vurğulayan “zolaqlılar”ın rəsmisi bildirdi ki, hələ Topaz Premyer Liqasının oyunları başa çatmayıb: “Odur ki, indidən hansı komandanın liqadan gedəcəyini söyləmək doğru deyil. Hələ qarşıda çox tur var. Unutmayın ki, futbol sürpizlərlə dolu bir oyundur. Futbolda mümkün olmayan heç nə yoxdur. Bu mənada indidən kimsə çempionatın sonunda “Bakı”nınmı, “Sumqayıt”ınmı doqquzuncu pillədə olacağını deyə bilməz. Xatırladım ki, hazırda “Bakı” turnir cədvəlində 11xalla 9-cu, “Sumqayıt” isə 19 xalla 8-ci yerdədir. Zənnimcə, bu, o qədər də böyük xal fərqi deyil. Bir sözlə, son sözü çempionatın sonu deyəcək”.

İcraçı direktora komandanın kapitanı Jaba ilə bağlı bəzi mətbuat orqanlarında yer almış məlumata da aydınlıq gətirməsini xahiş etdik. Yaşar Seyidov dedi ki, həmin məlumatların heç bir əsası yoxdur. O ki qaldı Jabadan futbolçuların şikayətinə… Mən “Bakı”nın rəsmi bir şəxsi kimi sizi əmin edirəm ki, futbolçuların ondan rəhbərliyə şikayət etməyə hazırlaşmaları da cəfəngiyyatdan başqa bir şey deyil.

Qeyd edək ki, bəzi idman qəzetlərində “Bakı”nın gənc futbolçularının komandanın kapitanı Jabadan boğaza yığıldıqları ilə bağlı məlumat dərc olunub. Buna səbəb braziliyalı futbolçunun hər oyunda yeri gəldi-gəlmədi gənc komanda yoldaşlarının üstünə qışqırması, onları hətta təhiqr etməsidir. Məlumatda həmçinin qeyd olunub ki, səbr kasası daşan gənc futbolçular Jabadan rəhbərliyə şikayət etməyə hazırlaşırlar.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here