“Qarabağ” çəkindi, AZAL narahat oldu

0
168

Bu dəfə ənənəmi pozub, alayı bir səpgidə yazı yazmaq istəyirəm. Bu fikrə birdən-birə düşmədim. Bir neçə gün öncə Topaz Premyer Liqasının XXV turunun bəzi oyunlarına baxarkən bu qənaətə gəldim.

Başlayaq “Qarabag” – “Xəzər Lənkəran” oyunundan. Bəli, bu oyunda “Xəzər Lənkəran” “Qarabağ”a asanlıqla təslim olmadı. Hətta deyərdim ki, rəqibi əməlli-başlı tərlətdi. Başqa sözlə desək, “Qarabağ” ona vacib olan 3 xalı almaq üçün, sözün həqiqi mənasında, dəridən-qabıqdan çıxdı. Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu dəridənçıxmanı etiraf etdi: “Xəzər Lənkəran” çox istəklidir və sərbəst oynayır. Bütün bunlara baxmayaraq, qalib gəldik. “Xəzər Lənkəran” isə böyük perspektiv vəd edir. Məncə, bütün komandalar üçün “Xəzər Lənkəran”la oyun çətin keçəcək. Çünki onlar öz oyununu tapıblar”. Təbii ki, Qurban Qurbanov kimi bir məşqçi bu sözləri kimlərəsə xoş gəlmək üçün demədi. Onun belə şeyə heç ehtiyacı da yoxdur. Qurban müəllim, sadəcə, “Xəzər Lənkəran”ın artıq formalaşdığını bəyan etdi. O həm də bununla digər komandalara mesaj göndərdi: özünüzü “Xəzər Lənkəran”dan gözləyin. Yəni “Xəzər Lənkəran” 5-6 ay əvvəlki komanda deyil, onlardan asanlıqla xal almağa ümid etməyin. “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun “Xəzər Lənkəran” daha çox gənclərdən təşkil olunmuş komanda olmasına baxmayaraq, əzmkar oyun nümayiş etdirdi” sözləri də dediklərimizi bir daha sübut edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, doğma divarlar arasında “Qarabağ” “Xəzər Lənkəran”la oyunun 49-cu dəqiqəsində Riçard Almeydanın vurduğu yeganə qolla aktivinə 3 xal yazdırdı.

Bu sözləri hazırda turnir cədvəlinin “zirzəmi”sində olan “Bakı” barədə də demək olar. Çünki “Bakı” da AZAL-la keçirdiyi son görüşdə rəqibinin kürkünə birə salmağa müvəffəq oldu. Bəli, düz 70 dəqiqə Bakı AZAL-la başbaşa mübarizə apardı. Bəli, bu dönəmə qədər “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədovun nələr keçirdiyini hiss etməmək mümkün deyildi. Çünki o, “Bakı” səmasında uçan “təyyarə”sinin “vurulacağından” təşvişə düşmüşdü. “Bakı” onun “təyyarə”sini hədəfə almışdı və niyyətinə də çox yaxın idi. Elə ki “Bakı”nın kapitanı Jaba qırmızı vərəqə aldı, matçın məcrası dəyişdi, AZAL oyunda dönüş yaratdı və rəqib qapısına iki dəfə yol tapdı. Tərlan Əhmədovun isə etirafı belə oldu: “Açığı ilk dəfə idi ki, oyuna görə bu qədər narahat idim. Çünki bu tip oyunlara komandanı kökləmək çox çətin olur”.

Bəli, istər “Xəzər Lənkəran”ın, istərsə də “Bakı”nın oyunları belə deməyə əsas verir ki, artıq komandalarda apardıqları gəncləşdirmə siyasətinin cücərtiləri görünməkdədir. Başqa sözlə desək, bəhrəsini verməkdədir. Bunu hər iki komandanın baş məşqçilərinin dilindən də eşitmək mümkündür. İstər Elbrus Məmmədov (”Xəzər Lənkəran”ın baş məşqçisi), istərsə də İbrahim Uzunca (”Bakı”nın baş məşqçisi) axırıncı oyunlarından sonra bu kimi ifadələri işlədirlər: “Futbolçularımdan razı qaldım” və yaxud “Bütün bunlara baxmayaq, mən oyunçularımı təbrik edirəm”.

Zənnimizcə, bu cücərtilərin komandalara daha çox xeyir verəcəyi gün uzaqda deyil. Yeri gəlmişkən onu da qeyd edək ki, bu komandaların heyətlərinin 70 faizi gənclərdən ibarətdir. Bu isə bir daha sübut edir ki, həmin komandalar sabahını gənclərə bağlamaqla heç də səhv addım atmayıblar. Bəli, bu gün bu komandaların heyətlərindəki gənc futbolçular bütün bacarıqlarını ortaya qoymağa çalışırlar. Əsas da odur ki, onlar daha ürəklə oynayırlar. Elə onların bu əzmkarlığını da bu ürək məsələsində axtarmaq lazımdır. Bu mənada hər iki komanda əvvəlki şöhrətini qaytarmaqda israrlı görünür.

Bəli, ola bilsin ki, mənim bu qənaətim kimlərdəsə müəyyən mənada şübhə oyatsın. Üstəlik, məni belə bir nəticəyə gəlməkdə qınasınlar. Amma yenə deyirəm, elə isə qoy onlar son 3 turda bu komandaların keçirdikləri oyunların videolarını bir daha diqqətlə izləsinlər.

QVAMİ MƏHƏBBƏTOĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here