“Qəbiristanlıqlardakı dəbdəbə cahilliyin işarəsidir”

0
175

Azərbaycanda dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı qanun layihəsi işlənib və artıq hazır şəkildədir. Qanun layihəsinin Prezident Administrasiyasından yaxın zamanlarda Milli Məclisə daxil olacağı gözlənilir. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. “Trend”in məlumatına görə, dəfn mərasimləri və qəbiristanlıqla bağlı qanun layihəsinin bu yaxınlarda müzakirəyə çıxarılması gözlənilir: “Orada qəbir daşlarının eyni cür olması və digər standart və tələblər yer alacaq. Dünyada konkret standartlar əsasında yaradılan qəbiristanlıqlar mövcuddur”.

Hadı Rəcəblinin fikrincə, Azərbaycan bu məsələdə bəzi İslam dövlətlərindən nümunə götürməlidir: “İslam dövlətlərinə bir baxın. Bu məsələdə onlardan öyrənməyə dəyər. Biz isə qəbiristanlıqlardan az qala muzeylər düzəltmişik. Bu da bizim yanlışlıqlarımızdan biridir. Bu yanlışlıq və eybəcərlik də bizə sovet dönəmindən miras qalıb. Biz sovet dönəmindən sonra dini qaydaları pozmuşuq. Artıq bu məsələdə də dəyişiklik etməyin vaxtı çatıb. Bu işdə tanınmış şəxslər, millət vəkilləri, nazirlər, biznesmenlər, imkanlı şəxslər cəmiyyətə nümunə göstərməlidirlər”.

 “Qəbiristanlıqların sahibi, onlara baxan, qulluq edən yoxdur”

Özəl qəbiristanlıqların yaradılmasına gəlincə, komitə sədrinin fikrincə, bu məsələ hələlik ağlabatan deyil: “Ola bilər ki, özəl qəbiristanlıqların yaradılması məsələsi qanun layihəsində yer almasın. Çünki bu məsələdə hərc-mərcliyə yol vermək olmaz. Bu gün qəbiristanlıqların sahibi, onlara baxan, qulluq edən yoxdur. Onlar kimə tabedir, bilinmir. Əslində qəbiristanlıqlar ya bələdiyyələrə, ya da icra nümayəndəliklərinə verilməlidir. Hazırda ölkədə qəbiristanlıqların çoxu pis gündədir. Bu məsələdə kimdən nə tələb edəsən, məlum deyil. Bununla bağlı qanunvericilikdə boşluqlar var. Bunlar hamısı dəqiqləşdirilməlidir”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının bir müddət əvvəl verdiyi məlumata görə, qanun layihəsində dəfn mərasimlərinin keçirilməsi qaydaları, qəbir və onun üstündəki sinə və baş daşlarının standartları, qəbiristanlıqlara xidmət göstərilməsi, onların qorunması və s. məsələlərin yer alacağı, eləcə də qəbiristanlıqlarda torpaq yerlərinin ayrılmasına görə rüsumların müəyyənləşdiriləcəyi gözlənilir.

 “Yoxsul insanlar da özlərini çox çətin duruma salırlar”

“Bu gün qəbiristanlıqlarımızdakı dəbdəbə, muzeyvarilik cəmiyyətimizin cahilliyinin işarəsidir”. Millət vəkili Fazil Mustafanın sözlərinə görə, bu məsələ təkcə 2-3 şəxsə aid deyil, söhbət insanlarımızın bir çoxunun dinlə bağlı təsəvvürlərinin, İslamla bağlı düşüncələrinin yalnışlığından gedir.

Fazil Mustafanın dediyinə görə, bir müddət əvvəl yas mərasimləri ilə bağlı müəyyən qadağalar tətbiq olundu, amma cəmiyyət bunu davam etdirmədi: “Çünki cəmiyyətin yalnış baxışı özümüzə zərərli olan müəyyən şeylərin aradan qaldırılmasına imkan vermir. Məncə, həyata baxışın dəyişməsi vacibdir. Mən dəfələrlə yas mərasimlərində bunu müşahidə eləmişəm – bəzən varlılardan danışılır, amma yoxsul insanlar da özlərini çox çətin duruma salırlar.

Azərbaycanda israfçılığa yol verənlərin əksəriyyəti yoxsullardır. Yoxsulu başa sala bilmirsən ki, borc alıb bahalı qəbir daşını qoydurma. Yoxsulu başa sala bilmirsən ki, dövlət sənə imkan yaratdı ki, bəhanə elə, yemək vermə, yüngülvari yas məclisi təşkil et. Amma biz bu gün bunun əksini görürük. Dində qayda yoxdur ki, ölən insana görə bütün sülalə əziyyət çəkməlidir”.

 “İnzibati metodlarla həyata keçirilməyəcəksə, şan-şöhrət yarışı yenə də davam edəcək”

 Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli dedi: “Mən öncə onu bildirim ki, 10 ildən də artıqdır ki, hələ ilk kərə bu məsələləri mətbuatın, televiziyanın gündəminə gətirənlərdən biri olmuşam. Hətta bu məsələləri müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri ilə, bu gün də çox hörmətli Mübariz Qurbanlı ilə dəfələrlə müzakirə etmişik”.

Müsahibimiz dedi ki, Azərbaycanda dini-milli tolerantlıq və digər tərəfdən xalqımızın özünün genefondundan gələn milli adət-ənənələrə, dini dəyərlərə dövlət tərəfindən xüsusi ehtiram göstərilir.

Həmsöhbətimizin fikrincə, Azərbaycanda zaman-zaman İslami və mənəvi dəyərlərimizin, mənəvi irsimizin həqiqi təbliğ olunması, dinin gətirdiyi qaydaların cəmiyyətə, topluma doğru və düzgün aşılanmamasının bir acı nəticəsi də ondan ibarətdir ki, insanlarımız böyük günahlara batmasına səbəb olan əməllərin sahiblərinə çevrilirlər: “Təbii ki, İslam dinində qəbir yerləri, israfla bağlı qoyulan məsələlərdən xəbərsiz olan insanlarımız şan-şöhrət, sərvət baxımından, özünü göstərmək kimi dinin qətiyyətlə rədd etdiyi əməl sahiblərinə çevriliblər. Bir daha deyirəm, bu gün dövlətin xüsusi olaraq qəbir yerləri ilə əlaqədar standartlarla bağlı təkliflərini qəbul etmək durumundayıq. Bunu xüsusi olaraq vurğulayıram. Çünki israfla bağlı dövlət, şifahi formadada olsa, yerli icra orqanları ilə sistemli şəkildə iş qurdu və israfın qarşısının alınması üçün müəyyən işlər həyata keçirməyə çalışdı. Mən cəmiyyətlə, toplumla işləyən bir şəxs olaraq deyirəm ki, insanlarımız buna narazılıq etdi, yenə də borc alıb ehsan verən, günah əməllərin sahibinə çevrilən şəxslər öz günahlarında israrlı oldular. Bəziləri hətta bildirdilər ki, dövlət dini məsələlərə qarışır. Mən belə başa düşürəm ki, israfın qarşısını almaq üçün sistemli maarifləndirmə işi aparılmalı, Azərbaycanın dini mühitinə təsir edə biləcək, cəmiyyətin, toplumun, məzhəblərarası münasibətlərdə cavabdeh olan tanınmış insanlar maarifləndirmənin öndərliyini etməlidirlər. Digər tərəfdən, biz toplum olaraq da qəbir daşlarının eyni cür olması və digər standart və tələblərin qanunda yer almasını qəbul etməliyik. Çünki belə görünür ki, inzibati metodlarla həyata keçirilməyəcəksə, şan-şöhrət yarışı yenə də davam edəcək”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here