Bəs mən bu fıştırığı harda çalım axı?

0
264
Necə oldusa səkkiz yaşlı Fəxrəddin mətbəxdə fit çaldı və hamı təəccüblə onun üzünə baxdı. Ən çox da anası. Qadın bərk əsəbləşdi və:
– Bu nə hərəkətdir? Heç utanmırsanmı? – deyə oğlunu danladı. Fəxrəddin də bu sərt reaksiyadan pərt oldu və ayağını yerə döyərək:

– Nədi ee, mən neylədim ki, hamınız üstümə töküldünüz? Məktəbdə fıştırıq çaldım, müəllim qoymadı; həyətdə çaldım, qonşumuz Oruc əmi qoymadı, evdə çaldım, hamınız gözünüzü ağardırsınız. Bəs mən bu fıştırığı harda çalım axı?

Bu mənzərəni göz önünə gətirin və tərəflərin mövqeyini saf-çürük eləməyə çalışın. Bəlkə də valideynlərin evdə fıştırıq çalan uşağa irad etmələrinə haqq verəcəksiniz, amma dərindən düşünsəniz, heç uşağı da haqsız görməyəcəksiniz. Yazıq uşaq yalan demir ki? O haradasa fıştırıq çalmalıdır, ya yox? Bu o demək deyil ki, bütün uşaqlar bir yerə yığışıb fıştırıq çalsınlar, amma insanlar qədər zövqlər də fərqlidir, hərə bir şeydən ləzzət alır. Yəni bir uşaq fiştırıq çalmaqdan zövq alırsa, yaxud da fıştırıq çalıb rahat olursa, bu imkanı onun əlindən niyə alırsınız ki?.. Deyəcəksiniz ki, uşağın fiştiriq çalmağı ədəbə uyğun deyil, ən azı ona görə ki, başqalarını narahat edə bilər. Doğru deyirsiniz. Amma onu da unutmayın ki, qadağalarla, “olmaz”larla doğru-düzgün tərbiyə vermək də olmur. Bəlkə də ədəbə uyğun deyil, başqalarını, ilk növbədə elə sizi narahat edir, amma qoy eləsin və siz də elə edin ki, o, sizi narahat etdiyini, sizin də onun bu şıltaqlığını səbirlə qarşıladığınızı anlasın. İnsan həmişə yasaqlara can atar, ona görə də nə qədər süni, gərəksiz yasaqlar varsa, o qədər də sağa-sola yayınmalar olacaq.

Heç düşünürsünüzmü, bəzən biz uşaqdan çox şey tələb edirik. İstəyirik ki, öz istədiyi kimi deyil, bizim istədiyimiz kimi olsun. Hətta bu istiqamətdə təzyiq də göstəririk. Bir növ onun sərbəstliyini, azadlığını əlindən almaq istəyirik.

Unutmayaq ki, 8-10 yaşlı uşaq 30 yaşlı kişi kimi düşünməz. Hər yaşın öz zövqü, öz düşüncə tərzi olduğu kimi, öz əyləncəsi və dünya görüşü də var. Kimsə istəmədiyi halda başqasını təqlid etmək istəməz, daha doğrusu, təqlid etməkdən zövq almaz. Ona görə də uşaqla davranış çox ciddi və əhəmiyyətli məsələ hesab olunur. Onu istədiyiniz kimi dizayn etməyə çalışmayın, nəticəsi istədiyiniz kimi olmaz, sözünüzü deyin, məsləhətinizi verin, amma basqı etməyin, zorla dəyişməyə, istəmədiyi kimi görünməyə məcbur etməyin.

Tərbiyə mövzusunda çox ciddi və son dərəcə əhəmiyyətli bir məqamı xatırlatmağı lazım bilirik: tərbiyə sözlə deyil, görüntü ilə veriləndə daha effektiv və səmərəli olur. Uşağınızı necə tərbiyə etmək istəyirsinizsə, əvvəlcə o dediklərinizi özünüzə tətbiq edin, yəni uşağı tərbiyə məsələsini özünüzdən başlayın. Böyük ehtimalla bu zaman heç söz deməyə ehtiyac da qalmayacaq. Çünki gözdən keçən tərbiyə qulaqdan keçən tərbiyədən hər zaman daha güclü olub.

Uşağınız evdə fit çaldımı? – Üzülməyin, heç acı söz deyib, onun da qəlbini qırmayın, çünki fit çalmaq onun təbii haqqıdır və bu haqqı onun əlindən almaq haqsızlıqdır. Uzaq başı, fit çalmağın yerini göstərin, gedib orda çalsın, vəssalam.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here