“Kasparov gələndə balaca uşaq idi”

0
436
Müasir dövrün tələblərindən biri də universal olmaq, bir çox sahə ilə bağlı məlumatlı olmaqdır. Halbuki SSRİ dönəmində belə deyildi. Hər kəs öz işinin ustası olmalı idi. Amma həmin dövrün adamları arasında bir çox peşəni mükəmməl səviyyədə bilən azsaylı nümayəndələrimiz də var.
Onlardan biri də Fikrət Əlizadədir. 1951-ci ildə həkim ailəsində dünyaya gələn Əlizadə həyatın keşməkeşli yollarında bir çox sahəyə maraq göstərib və təsadüfi deyil ki, “fenomen” ləqəbi qazanıb. Hazırda filologiya elmləri namizədi olan Fikrət Əlizadə 1995-ci ildən bəri Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dossentidir. Həmçinin jurnalistlər birliyinin üzvü olan Əlizadənin musiqiyə və rəssamlığa da böyük marağı var. Bakı Xalq Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb, 100-ə yaxın mahnı, rəqs, musiqi hekayəsi yazıb. Eyni zamanda 2009-cu ildə keçirilən BDU-nun rəsm müsabiqəsinin qaliblərindən biridir. Müxtəlif filmlərdə də çəkilmiş universal bir insan təbii ki, idmanı unuda bilməzdi. 2 övlad atası olan Fikrət Əlizadə həm də təcrübəli şahmatçıdır. 1972-ci ildən bir çox yerlərdə şahmat dərsi verib. Müasir, fərqli, pedoqoji üsullar işlətdiyi üçün 2 dəfə – 1998 və 1999-cu illərdə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb. 1982-ci ildən idman ustalığına namizəddir.

Bəs görəsən, Əlizadənin şahmata marağı necə olub və hansı məşhurlarla birgə çıxış edib. Bu barədə isə o özü  danışdı: “8 yaşımdan şahmata marağım var. Uşaq vaxtı qardaşımla tez-tez oynayardıq və o məni həmişə udardı. Onda da çox qürrələnərdi. Bir sözlə, məni bu idman növünə qardaşım həvəsləndirdi. Evdə şahmat kitabı var idi, onu oxudum və marağım daha da artdı. Dama üzrə dünya çempionu Üzeyir Abdullayev mənim sinif yoldaşım idi. 10 yaşımda onunla birlikdə gedib şahmata yazıldım. Amma bu çox çəkmədi. Bir də məktəbi bitirəndən sonra şahmata getdim. Harri Kasparovun birinci məşqçisi Oleq İsakoviç Privoroski yoxladıqdan sonra məni öz qrupuna yazdırdı. Sonradan Kasparovu da gətirdilər, balaca uşaq idi. Bir çox yarışlarda, xüsusən də, yazışma üzrə dünya çempionatında iştirak etdim. Daha sonra dərəcə aldım və bunu bacaran ilk azərbaycanlı oldum. Bir çox tələbəm var ki, mötəbər turnirlərdə iştirak ediblər. Tanınmış qrossmeysterlərdən Azər Mirzəyev və rəhmətlik Samir Bədəlovun müəllimi olmuşam. Onu da deyim ki, şahmata gedəndən sonra qardaşım məni bir dəfə də olsun uda bilmədi. Şahmat mənim üçün ikinci həyat oldu. Cavan vaxtı yaddaşım zəif idi. Şahmata getdikdən sonra bu problemim düzəldi. Ümumiyyətlə, şahmat mənim üçün mənəvi rahatlıq deməkdir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here