Gürcüstandan gətirilən avtomobillərin orta qiyməti 20,3 min dollara yüksəlib

0
251
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 3,5 dəfə və ya 1710 ədəd azalıb. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən ümumi vəsait azalsa da, avtomobillərin orta qiyməti 2,5 dəfə artıb. Ötən ilın yanvarında Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 8,5 min dollar olduğu halda, bu ilin yanvarında 20,3 min dollar təşkil edib.
Cari ilin yanvar ayı ərzində qonşu Gürcüstandan ölkəmizə 13,7 milyon dollar dəyərində 671 ədəd avtomobili gətirilib. Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Xidmətin yaydığı statistik məlumata istinadən apardığımız hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 3,5 dəfə və ya 1 710 ədəd azalıb. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən ümumi vəsait azalsa da, avtomobillərin orta qiyməti 2,5 dəfə artıb. Belə ki, 2014-cü ilin ilk ayında 2 min 381 avtomobil üçün 20,4 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, ötən ilın yanvarında Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 8,5 min dollar olduğu halda, bu ilin yanvarında 20,3 min dollar təşkil edib. Avtomobillərin orta qiymətinin son bir il ərzində 2,5 dəfə artmasının əsas səbəbi odur ki, “Avro-4” standartına cavab verməyən avtomobilərin ölkəyə gətirilməsinə ötən ilin aprel ayının 1-dən etibarən qadağa qoyulub. Əvvəllər Gürcüstandan Azərbaycana buraxılış ili köhnə olan ucuz avtomobillər gətirilirdi. Qeyd olunan qadağadan sonra ölkəyə buraxılış ili yeni olan avtomobillər gətirildi ki, bunların da qiyməti yüksəkdir. Ümumiyyətlə Gürcüstandan gətirilən avtomobillər ölkəyə idxal edilən avtomobillərin 16,4%-i təşkil edib. Qeyd edək ki, Azərbaycan Gömrük Komitəsi bu ilin ilk ayı ərzində ölkəyə 4 min 90 ədəd avtomobil gətirildiyini bildirib.

 

Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkədir

Məlumat üçün onu da bildirək ki, Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 28,49 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 23,1% və ya 8 milyon 596 min dollar azalıb. Qeyd edək ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkədir. Cari ilin ilk ayında Gürcüstanın ümumi ixracının 18,2%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında növbəti yerlərdə Bolqarıstan (ilk ay ərzində 16,7 milyon dollar), Hollandiya (13,5 milyon dollar), Türkiyə (13,4 milyon dollar), İtaliya (9,7 milyon dollar) və Ermənistan (9,1 milyon dollar) gəlir. Avtomobildən başqa Gürcüstandan Azərbaycana əsasən qara metallar və onlardan hazırlanan məhsullar (ilk ay ərzində 13,7 milyon dollar), maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib (1,5 milyon dollar) və irubuynuzlu heyvan (795,6 min dollar) ixrac olunub.

Gürcüstan bir ayda Azərbaycandan 35,68 milyon dollar dəyərində neft və təbii qaz satın alıb

Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı statistik göstəricidə maraqlı məqamlardan biri də odur ki, burada Azərbaycana ixrac olunan məhsullarının ümumi dəyəri 28,49 milyon dollar göstərilsə də (bax-http://geostat.ge/cms/site_images/_files/english/bop/FTrade_01__2014_ENG.pdf), Azərbaycan Gömrük Komitəsi 2015-cı ilin ilk ayı ərzində Gürcüstandan cəmi 4,9 milyon dollar dəyərində məhsul idxal olunduğunu bildirir (bax-http://customs.gov.az/files/201501.pdf). İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk ayında Azərbaycandan 50,55 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Bu məhsulların 35,68 milyon dolları neft və təbii qazın, 6,6 milyon dolları neft və neft məhsullarının payına düşüb. Onu da bildirək ki, ixracla bağlı açıqlanan rəqəmlərdən fərqli olaraq idxal göstəriciləri Azərbaycan Gömrük Komitəsinin açıqladığı göstəriciyə nisbətən yaxın olub. Azərbaycan Gömrük Komitəsinin məlumatına görə bu il Gürcüstana 40,6 milyon dollar dəyərində məhsul göndərilib. Rəqəmlərdən də göründüyü kimi, iki ölkənin açıqladığı ixrac (Gürcüstandan Azərbaycana ixrac-red.) göstəricilərində 23,6 milyon dollar və ya 5,8 dəfə, idxal (Gürcüstanın Azərbaycandan idxalı-red.) göstəricilərində isə 9,9 milyon dollar və ya 19,6% fərq var.

Allahvedi Cəfərov  

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here