Vladimir Putindən ikibaşlı açıqlamalar

0
506

Ukraynanın Donbas bölgəsində baş verən münaqişə nəticəsində ölənlərin sayı 5800 nəfərə çatıb. Bu barədə BMT Humanitar məsələlər üzrə koordinasiya İdarəsinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, münaqişə nəticəsində 1 milyondan artıq ukraynalı öz evini tərk etmək məcbur olub: “2014-cü ilin aprelindən Donbasdakı hadisələrin qurbanına çevrilən 5793 nəfərdən 63-ü uşaqdır. Hadisələr zamanı 14, 5 min nəfər, o cümlədən 169 uşaq xəsarət alıb”. BMT həmçinin Ukraynanın hazırda ehtiyac duyduğu humanitar yardımın məbləğini də açıqlayıb – 316 mln. dollar.

”Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında heç vaxt hərbi münaqişə baş verməyəcək”. Bunu Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinə (VQTRK) müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib. “Fikrimcə, belə apokalipsis ssenari çətin ki, mümkün olsun”, – deyə o vurğulayıb.

V. Putin Ukraynadakı vəziyyətin nizamlanması üçün təcili diplomatik tədbirlərin görülməsinə və ya “Minsk-3” danışıqlarının keçirilməsinə hələlik ehtiyac olmadığını söyləyib: “Əsas məsələ Minsk razılaşmalarının yerinə yetirilməsidir. Ukrayna, Rusiya, Fransa və Almaniya tərəfindən hazırlanan bu razılaşmalar təkcə sənəd üzərində deyil, faktiki olaraq bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən beynəlxalq hüquq aktı kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrində də təsbit edilib”.

Rusiya prezidentinin sözlərinə görə, Avropa ölkələri də Ukraynadakı vəziyyətin normallaşmasında maraqlıdır: “Minsk razılaşmalarının icra edilməsində Avropa ölkələri Rusiyadan az maraqlı deyil. Heç kimə Avropanın periferiyasında münaqişə lazım deyil. Avropalı tərəfdaşlarımızın arzusu nizamlanmanı sona çatdıran güzəştli həll variantının tapılmasıdır. Minsk razılaşmasında da Ukraynada hakimiyyətin desentralizasiyası bəndi var, bu bəndin izahı da verilib. Bu izahın müəllifləri alman və fransız tərəfdaşlarımızdır. Bu, onların güzəştin əldə edilməsi üçün arzularının səmimi olduğunu göstərir”.

Putin Ukrayna Prezidenti Pyotr Poroşenkonun Krımı Ukraynanın tərkibinə qaytaracağı ilə bağlı bəyanatına da münasibət bildirib. Onun sözlərinə görə, bu bəyanat revanşizmin  təzahürüdür: “Məsələ hər hansı bir ərazinin geri qaytarılmasında deyil. Keçən ilin sonunda Federal Şuraya müraciətimdə dediyim ki, Krım necə olub, elə də qalacaq, rusların, ukraynalıların, tatarların, yunanların və almanların, Krım bütün bu xalqların evi olacaq. O ki, qaldı Krımın hansı dövlətə məxsus olmasına, orada yaşayan insanlar artıq öz seçimlərini ediblər. Buna hörmətlə yanaşmaq lazımdır. Rusiya buna başqa cür yanaşa bilməz”.

 

Lavrov: “Donbasda atəşin tam dayanmasını gözləmədən ağır silahları geri çəkmək lazımdır”

”Normand dördlüyü” görüşünün iştirakçıları Donbasda atəşkəsin elan edilməsindən asılı olmayaraq hərbi texnikanın təmas xəttindən geri çəkilməsinin vacibliyini vurğulayıblar”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bəyan edib. “Həmkarlarımız, ilk növbədə almaniyalı və fransalı XİN rəhbərləri bildiriblər ki, atəşin tam dayanmasını gözləmədən ağır silahların geri çəkilməsi prosesinə başlamaq vacibdir”, – deyə o vurğulayıb. Lavrov həmçinin bildirib ki, “Normand dördlüyü” XİN başçıları ATƏT-in xüsusi monitorinq komissiyası tərəfindən əlavə personal, avadanlıq və maliyyənin ayrılmasının zəruriliyini önə çəkiblər: “Hazırda Donbasda vəziyyət xeyli yaxşılaşsa da, bəzi hallarda müəyyən pozuntular qeydə alınır. Biz ölkələrimizin Vyanada ATƏT-in Ukraynadakı xüsusi monitorinq komissiyasının mandatının uzadılması ilə bağlı mümkün qədər tez bəyanat vermələrinə çağırmışıq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here