Kredit faizləri yenidən yüksələcək

0
470

Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini artırıb. Fondun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixində keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib. Fond bəyan edib ki, bu dəyişiklik 24 fevral 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcəkdir. Xatırlatmaq istərdik ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.

 

Heç kim 12%-lə qoyulan

əmanətin qorunduğunu bilə-bilə

daha aşağı faizlə banklara

əmanət yerləşdirməz

Banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 2013-cü ilin avqust ayından əvvəlki səviyyəyə yüksəlib. Məlumat üçün bildirək ki, qorunan əmanətlər üzrə faiz dərəcəsi 2013-cü ilin avqust ayına kimi 12% olub. Avqust ayının 1-dən sonra 10%-ə, 19 may 2014-cü il tarixindən etibarən isə 9%-ə endirilib. Məlumdur ki, banka əmanət yerləşdirmək istəyən hər kəs daha çox faiz gəliri əldə etmək niyyətindədir. Bu baxımdan qorunan əmanətlər üzrə faiz dərəcəsinin 12%-ə yüksəldilməsi əhalini banklara daha yüksək faizlə əmanət qoymağa sövq edəcək. Heç kim 12%-lə qoyulan əmanətin qorunduğunu bilə-bilə daha aşağı faizlə banklara əmanət yerləşdirməz. Əvvəllər, yəni qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9% olduğu zaman, əhali əmanətlərini daha yüksək faizlə yerləşdirməyə risk etmirdilər. Xüsusəndə, “Röyal bank”la bağlı baş verən hadisələrdən sonra heç kim əlavə problemlə üzləşmək istəmirdi. Ancaq dünəndən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 12%-ə qaldırılması əhaliyə imkan verir ki, əmanətlərini daha yüksək faizlə banklara yerləşdirsinlər. Ötən illərin statistikasına nəzər salsaq görərik ki, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin dəyişməsi əmanət faizlərinin də dəyişməsinə səbəb olur. Məsələn, qorunan əmanətlər üzrə faiz dərəcəsi 12% həddində olduğu 2013-cü ilin iyul ayında milli valyuta ilə yerləşdirilən müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 10,7% olub. Qorunan əmanətlər üzrə faiz dərəcəsi 12%-dən 10%-ə düşürüldükdən 8 ay sonra – 2014-cü ilin aprel ayında milli valyuta ilə yerləşdirilən müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 9,8%-ə enib. Qorunan əmanətlər üzrə faiz dərəcəsi 10%-dən 9%-ə düşürüldükdən 8 ay sonra – 2015-cü ilin dekabr ayında milli valyuta ilə yerləşdirilən müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 9,5%-ə qədər azalıb.

 

Əmanət faizlərinin artması kredit faizlərini də artıracaq

Qeyd etdiyimiz kimi, əmanət faizlərinin yüksəlməsi isə bankları məcbur edəcək ki, kredit faizlərini yüksətsinlər. Hər kəs yaxşı bilir ki, kredit faizləri əmanət faizlərinin dəyişməsinə uyğun olaraq artıb-azalır. Yuxarıda qeyd etdiyimiz statistik göstəricilərin qeydə alındığı dövürlərdə kredit faizləri də əmanət faizlərinə paralel alaraq aşağı düşüb. Milli valyuta ilə yerləşdirilən müddətli əmanətlər üzrə orta faiz dərəcəsinin 10,7% olduğu 2013-cü ilin iyul ayında kreditlər üzrə orta faiz dərəcəsi 15,5% olub. Əmanət faizlərinin 9,8%-ə düşdüyü 2014-cü ilin aprel ayında kredit faizləri də 14,5%-enib. Əmanət fazilərinin 9,5%-ə endiyi ötən ilin dekabr ayında isə kredit faizləri 13,7%-ə qədər aşağı düşüb. Bütün bunlar onu deməyə əsas verir ki, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin artırılması yaxın zamanlarda əmanət faizlərini və buna paralel olaraq da kredit faizlərini artıracaq.

 

Kredit faizlərinin aşağı salınacağı

ilə bağlı ümidlərə birdəfəlik

son qoyuldu…

Onu da xatırladaq ki, uzun zamandır ölkədə kredit faizlərinin yüksək olması və aşağı salınması ilə bağlı müzakirələr aparılır. Hətta Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş də verib.

Mərkəzi Bankı kredit faizlərinin yüksək olmasının səbəblərinin aydınlaşdırılması məqsədilə xüsusi araşdırma da aparıb. Millət vəkilləri, ayrı-ayrı ekspertlər bununla bağlı dəfələrlə müxtəlif təkliflər səsləndiriblər. Hər kəs vaxtında geri qaytarılmayan, yəni problemli kreditlərin 1 milyard dollara yaxınlaşmasının əsas səbəbi kimi kredit faizlərinin yüksək olmasını göstərir. Kredit faizlərinin aşağı salınması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda qorunan əmanətlər üzrə faiz dərəcəsinin artırılması kredit faizlərinin aşağı salınacağı ilə bağlı ümidlərə birdəfəlik son qoydu.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here