Yaxşı-yaxşı fikirləşin…

0
337
(Bir sənətkarın monoloqu)
– Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın! Bu sizin kitabınızda o qədər də ürəkaçan olmayan səhifədir. Sizdən sonra gələn nəsillər bu kitabı vərəqləyib, həmin səhifəni görəndə nə deyəcəklərini dəqiq deyə bilmərəm. Elə bilməyin ki, mən bu sözlərlə həddimi aşıram, bir o qədər də yox… Amma indi də növbə mənimdir.Yəqin, məni tanıyırsınız, mən xeyli vaxtdır ki, şou-biznes aləminin nümayəndələrini quru yuyub yaş sərməklə, yaxud onların bostanlarına daş atmaqla məşğulam. Kim nə deyir desin, bu mənada mən şou-biznez aləminin xalis ağacdələniyəm. Bildiyiniz kimi sərt dimdikli bu quş ağac koğuşlarındakı cücülərlə qidalanır. Başqa sözlə desək, ağacları zərərverici cücülərdən təmizləyir. Bu mənada mən də şou-biznesi bu aləmə xələl gətirənlərdən təmizləyirəm. Və bu işimlə fəxr edirəm. Çünki məhz mənim açıqlamalarımdan sonra bu aləmin “xod” gedənləri öz “xod”larını alıblar. Buna görə mənə təşəkkür edənlər də olub, dalımca danışanlar da… Sözün düzü, elə fəaliyyətimi bu istiqamətdə davam etdirmək niyyətində idim. Lakin futbolumuzun bu gününü görəndə ürəyim ağrıdı. Odur ki, futbol məkanına nüfuz etmək, burada da toz qoparmaq, bu aləmi bu günə qoyanları, sözün həqiqi mənasında, topa tutmaq qərarına gəldim. İndi, necə deyərlər, top məndə…

Ay futboldan az-çox başı çıxanlar, axı nə vaxta qədər bir ətək xərc töküb Avropanın beşinci liqalarından oynaya bilməyənləri  klublarımıza gətirəcəyik? Məgər indiyədək gətirdiklərimizdən o qədər razı qalmışıq? Niyə bundan bir nəticə çıxarmırıq? Halbuki regionlarda yaşayan istedadlı uşaqlarımız hələ də yalvarırlar ki, vallah, biz sizin o gətirdiklərinizdən daha sanballı oyunçularıq, amanın günüdür bizi klublara dəvət edin. Amma bizim futboldan az-çox başı çıxanlar onların fəryadlarını eşitmək istəmirlər. Bəyəm Anatoli Banişevski, Kazbek Tuayev, Semiqlazovu xaricdən gətirmişdilər? Bunlar hamısı küçədən çıxan oyunçular olublar. Elədirmi? Doğrumu deyirəm? Yox, mən ondan ötrü incimirəm. Çünki siz əcnəbiləri bura çəkib gətirəndə elə xəyal edirsiniz ki, futbolumuzu dirçəldəcəksiniz. Amma onlar bizim futbolumuza bir fayda verə bilməyirlər.

İkinci bir məsələ, bizim futbolçularımız qabaqlarına ancaq iki məqsəd qoyurlar: ev almaq, maşın almaq. Vallah, bu məsələdə şou-biznes nümayəndələrinin adı çıxıb e… Belə futbol olar? Bu məqsədlə nəyə nail olacaqlar? Heç nəyə. Vallah, sovet dönəmində bizim futbolçular indikindən yaxşı oynayırdılar. O vaxt futbolumuz, musiqimiz, hamısı yerində idi. Elə bil demokratiya bizi sındırdı, məhv etdi. Bu nə deməkdir, pul ver oynayım, pul ver işə gedim, pul ver, ata, sənə gedim çay gətirim. Uşaq da ataya pulla çay gətirər? Tüpürüm o cür düşünən oyunçunun futboluna. Bağışlayın, mən bir az biədəblik edirəm. Amma bayaq dedim də, indi də növbə mənimdir. Gərək dediklərimi həzm edəsiniz. Əlbəttə, başa düşürəm ki, pul lazımdır. Amma pulu bu qədər sevmək olmaz da. Bu nə sözdür e… pul versələr, oynayıram, verməsələr, yox. Baxın, Donetsk dağılır, amma “Şaxtyor” Çempionlar Liqasında oynayır, nələrə qadir olduğunu dünyaya nümayiş etdirir.

Bəli, biz bu gün dünyaya boylanmalıyıq. Baxın da bəzi ölkələrə… Elə götürək Koreyanı. Bu ölkədə nə vaxt futbol olub? Amma indi elə oyun nümayiş etdirirlər ki, adam qalır mat-məəttəl. Etiraf edim ki, 10-15 il bundan qabaq Türkiyədə futbolun səviyyəsi qalxmışdı. Amma sonra birdən-birə düşdü. Niyə? Çünki pul yıxdı onların evini. Pul, ümumiyyətlə, biz müsəlmanları yıxıb e…

Bütün bunlar bir yana, ay futboldan az-çox başı çıxanlar, axı niyə siz Berti Foqts gedəndən sonra millinin baş məşqçisi postuna Robert Prosineçkini gətirdiniz? Siz elə bilirsiniz ki, o, futbolumuzda tarix yazacaq. Ay yazdı ha… Axı bizim öz məşqçilərimizə nə gəlib? Ağasəlim Mircavadov, Böyükağa Hacıyev kimi bacarıqlı məşqçilərimiz var. Niyə onların potensialından istifadə olunmur? Niyə biz özümüzünkülərə qiymət verməyi bacarmırıq? Axı nə vaxta qədər gözümüz xaricdə olacaq? Onları Məşqçilər Komitəsi adlı bir yerə yığmaqla nə demək istəyirsiniz? Axı onların heç bir səlahiyyəti yoxdur. Bircə səlahiyyətləri var ki, o da tövsiyə verməkdən ibarətdir. Məgər indi məmləkətimizdə tövsiyəyə qulaq asan var?

Onu da deyim ki, bu sözlərlə mən Kefli İsgəndərsayağı aləmə car çəkib: “Futbolumuzu bu günə qoyanlara nə ad vermək olar?” demirəm. Çünki yaxşı bilirəm ki, onda hərənin ağzından bir avaz gələcək. Mən isə haqqınızda səslənəcək o avazlarla razılaşa bilmərəm. Axı sizin hər biriniz mənim xalqımın nümayəndəsisiniz. Odur ki, deyirəm, topu qabağınıza qoyub yaxşı-yaxşı fikirləşin.  Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here