Mərkəzi Bank məzənnə siyasətini dəyişdi

0
466

Mərkəzi Bankın İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Bu barədə Bankdan bildirilib. “Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcəkdir”,- Mərkəzi Bankın məlumatında deyilir.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuata verdiyi açıqlamada deyib ki, fiskal və monetar siyasətə bəzi düzəlişlər edilməsi çox vacibdir: “Hesab edirik ki, mübadilə kursunun daha çevik rejiminə keçməliyik və biz tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik. Valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq”.

Mərkəzi Bankın rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir: “Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək”. E. Rüstəmov onu da qeyd edib ki, 2015-ci il ən çətin illərdən biridir: “Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır”.

 “Hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi”

”Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi”. Bu sözləri isə Mərkəzi Bankın qərarına münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev bildirib. Samir Əliyev deyib ki, əslində bu addım gözlənilən idi: “Çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Mərkəzi Bank iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edirdi. Bu isə valyuta ehtiyatının 15 faizinə bərabər idi. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmaq (təxminən 20-30%), ya da tədricən ucuzlaşdırmaq. Göründüyü kimi 2-ci yol seçildi. Çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi. Bu gün (dünən-red.) artıq manat dollara nəzərən 0,05% ucuzlaşıb. Bu ucuzlaşma avronun dünya bazarlarında dollara münasibətindən asılı olaraq davam edəcək. Manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyənləşdirilməsi mexanizmi bizdə mövcud olub və ondan 2011-ci ildə imtina edilib. Həmin səbət 90/10 nisbəti əsasında dollar-avrodan ibarət idi. İndi səbətdə dollar və avronun payı haqqında məlumat verilməsə də, ehtimal etmək olar ki, ilkin dövür üçün əvvəlki səviyyədə saxlanılıb. Sonrakı dövrlərdə xarici ticarət dövriyyəsinin avrozonanın xüsusi çəkisindən asılı olaraq avronun payı artırıla bilər. Hər bir halda bivalyuta səbəti manatın ucuzlaşmasını şərtləndirəcək”.

 Təsbit olunmuş mübadilə məzənnəsi siyasətindən imtina edildi

Məlumat üçün qeyd edək ki, valyuta səbəti – müəyyən miqdarda götürülən xarici valyutaların toplusudur. Valyuta səbəti məzənnə siyasətinin həyata keçirilməsində istifadə olunur. Bu zaman Mərkəzi Bank milli valyutanın hər hansı bir xarici valyutaya qarşı deyil, səbətə daxil olan bir neçə valyutaya (indiki halda dollar və avroya-red.) qarşı orta çəkili məzənnəsini tənzimləməyə çalışır. Qeyd etdiyimiz kimi Mərkəzi Bank dünəndən etibarən təsbit olunmuş mübadilə məzənnəsi siyasətindən imtina edərək, məzənnə siyasətini dollar və avronun daxil olduğu iki valyutalı (bivalyuta) səbət mexanizmi əsasında həyata keçirilməyə başlayıb. Yəni əvvəllər manatın digər valyutalar qarşı məzənnəsi dolların həmin valyutalara qarşı məzənnəsinə əsasən müəyyən edilirdi. Məsələn, Rusiya rublu dollar qarşısında ucuzlaşan zaman, manat qarşısında da ucuzlaşırdı və yaxud da əksinə. Dünəndən etibarən isə manatın digər valyutalara qaşı məzənnəsi dollar və avronun həmin valyutalara qarşı məzənnəsinin dəyişməsi əsasında müəyyən olunacaq. Məsələn, Rusiya rublu dollar qarşısında 5% ucuzlaşıb, avro qarşısında isə 5% bahalaşdığı zaman, manata qarşısında sabit qalacaq.

 Prezidenti İlham Əliyevin etirazı həlledici olub…

Onu da qeyd edək ki, Mərkəzi Bank təsbit olunmuş mübadilə məzənnəsi siyasətindən imtina edərək, manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyənləşdirməsində ötən ay Prezident İlham Əliyevin manatın həddindən artıq bahalaşmasına etiraz etməsi də həlledici olub. Ölkə başçısı ötən ay “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib ki, dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır: “Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq”. Dövlət başçısı bildirib ki, bir manat bir avrodan daha qiymətlidir və bahalıdır: “Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil”. Dövlət başçısı deyib ki, bu vəziyətdə 1 manat 1 avroya bərabər olmalıdır: “Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here