Minsk anlaşması Ukraynaya sülh gətirəcəkmi?

0
418
Fevralın 12-də Belarusun paytaxtı  Minskdə “Normand dördlüyü”nə daxil olan ölkələrin – Fransa, Almaniya, Ukrayna və Rusiya prezidentlərinin iştirakı ilə Ukraynanın cənub-şərqində davam edən münaqişənin dayandırılması ilə bağlı keçirilən 16 saatlıq danışıqlar nəticəsində tərəflər ortaq məxrəcə gələ biliblər.
 Bu müstəvidə də Təmas Qrupu tərəfindən ötən ilin sentyabr ayının 5-i və  19-da Minskdə imzalanan razılaşmaların yerinə yetirilməsini nəzərdə tutan sənəd imzalanıb.  Ukrayna üçün Minskdə ən arzuedilməz hal sənədə Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitskinin də imza atmaları olub. Bu, faktiki olaraq əli minlərlə insanın qanına batan qondarma rejimin rəhbərlərinin  müstəqil tərəf kimi tanınması anlamına gəlir. Məsələyə belə yanaşma və separatçı qurumların  Rusiya tərəfindən müstəqil tərəf kimi tanıdılmasına nail olunmasının isə Ukrayna üçün gələcəkdə ciddi başağrısına çevriləcəyi şübhə doğurmur. Sənədə əsasən, fevralın 15-i, gecə saat 00-dan atəşkəs elan ediləcək və bundan sonra anlaşmada nəzərdə tutulanların yerinə yetirilməsinə başlanılacaq. Bununla bağlı Ukrayna və Rusiyanın Baş Qərargah rəisləri arasında fevralın 15-də atəşkəs rejiminə əməl olunmasına nəzarətlə bağlı görüş keçirilməsi nəzərdə tutulub.

Buna baxmayaraq “Minsk razılaşmaları”nın yerinə yetirilməsinə dəstək barədə bəyannaməni imzalamaq mümkün olmayıb.

Tərəflər arasında əldə edilən razılığa əsasən, Donbassın separatçıların əlindəki hissəsinə status verilməsi, xarici qoşunların Ukraynadan çıxarılması, sərhədə nəzarətin Ukraynaya qaytarılması əksini tapıb.

Təbii ki, bu sənədin qəbul edilməsi həm Ukrayna, həm Rusiya, həm də Avropada müxtəlif prizmalardan qiymətləndirilir. Qərbin əksər tanınmış siyasətçiləri və politoloqları tərəfindən sənəddə Rusiyanın Ukraynaya  öz iradəsini diktə etdirməsi,

Olland və Merkelin Putinin qabağından geri çəkilməsi, Putinin hərbi güc tətbiq etmək yolu ilə Avropanı güzəştlərə getməyə şirnikləndirməsi kimi dəyərləndirirlər. Eyni zamanda sənəddə nəzərdə tutulanlar yerinə yetiriləcəyi təqdirdə, Ukraynanın federallaşma təhlükəsi ilə üz-üzə qalacağı, buna paralel olaraq Kiyevin öz sərhədləri üzərində nəzarəti bərpa edəcəyi və bunun da Poroşenko rejiminin xeyrinə işləyəcəyi barədə ziddiyyətli ehtimallar da irəli sürülməkdədir.

Ukraynanın güzəştləri

Minskdə imzalanan sülh anlaşmasına əsasən, Ukrayna separatçılara kifayət qədər böyük güzəştlərə gedib. Belə ki, əldə edilən razılığa əsasən, Ukrayna separatçıların nəzarəti altında olan və sənəddə “Donetsk və Luqansk vilayətlərinin ayrıca götürülmüş rayonları” adlanan ərazilər üzərində nəzarəti tamamilə itirmiş olacaq. Bu isə ən azından Rusiyanın xeyrinə işləyən amil hesab edilir. Məsələnin bu cür qoyuluşu MDB məkanında Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı kimi sənəddə “Donetsk və Luqansk vilayətlərinin ayrıca götürülmüş rayonları” adlanan ərazilərin də dondurulmuş münaqişəyə çevriləcəyi ehtimalını ortaya çıxarıb. İş orasındadır ki, tərəflər arasında əldə edilən razılığa əsasən,  “Donetsk və Luqansk vilayətlərinin ayrıca götürülmüş rayonları” adlanan ərazilərə öz məhkəmə orqanlarını, prokurorlarını seçmək, xalq milisi dəstələrinin yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, hazırda Ukraynadan ayrılmaq uğrunda əldə silahla mübarizə aparan və Rusiya tərəfindən silahlandırılan separatçı dəstələr tərk-silah edilməyəcək və “xalq milisi” onlardan təşkil ediləcək. Bu isə adıçəkilən ərazilərin de fakto müstəqilliyi anlamına gəlir. Eyni zamanda Ukrayna  “Donetsk və Luqansk vilayətlərinin ayrıca götürülmüş rayonları” adlanan ərazilərin sərhədyanı bölgələrinə Rusiya Federasiyasının regionları ilə birbaşa ticari, mədəni, elmi texniki əlaqələrə girməsinə mane olmayacağı barədə öhdəlik götürüb.

Ukraynanın separatçı qurumlara getdiyi digər ən böyük güzəştlərdən biri də Konstitusiya islahatları keçirməyə razı olması və Ollandın da ifadə etdiyi kimi, bu əsasda da Şərq regionlarında yaşayan əhalinin hüquqlarına hörmət edəcəyi ilə bağlıdır. Yeni Konstitusiya bu ilin sonuna kimi qəbul edilməlidir. Məsələnin bu cür qoyuluşu isə Poroşenko üçün ölkə parlamentində də başağrısına çevrilə bilər. Belə ki, parlamentdəki vətənpərvər qüvvələrin separatçılara həddindən artıq səlahiyyətlər verilməsini Şərq bölgələrinin müxtəlif yollarla Ukrayna tərkibindən çıxarılması kimi dəyərləndiriləcəyi və buna onların razılıq verməyəcəyi ehtimal edilir. Necə deyərlər, sənədin parlamentdəki müzakirəsi Poroşenkoya qarşı millət vəkilləri tərəfindən üsyana gətirib çıxaracağı proqnozlaşdırılır.

Digər tərəfdən də, qondarma DXR və LXR tərəfində döyüşən separatçılara, həmçinin adıçəkilən qurum rəhbərlərinə amnistiya verilməsinə Poroşenkonun razılıq verməsi də ölkə daxilində ona qarşı çıxanların sayının daha da artması demək ola bilər. Çünki Poroşenko dəfələrlə separatçı gücləri və onların rəhbərlərini terrorçu və hərbi cinayətkarlar adlandırıb. Nəhayət, imzalanan sənəddə Ukraynanın “üsyançı zona”nın əhalisinə pensiyaları və qanunla nəzərdə tutulan digər sosial yardımları ödəməsi məsələsi də nəzərdə tutulub. Bu isə hazırda maliyyə cəhətdən problem yaşayan Ukrayna üçün əlavə bir problemin ortaya çıxması demək olacaq.

 

Rusiyadan qeyri-müəyyən güzəştlər

Rusiyanın sənəddəki güzəştlərinə gəlincə, Moskva faktiki olaraq qarşı tərəfə yalnız bir məsələdə – Ukraynanın sərhədləri nəzarət etməsi hüququnu tanıyıb. Ancaq sənəddə bu məsələyə aydınlıq gətirilməyib. Ola bilsin ki, Rusiya Ukraynanın sərhədlərə nəzarəti dedikdə Krım və qondarma DXR və LXR-lə olan sərhədlərini nəzərdə tutub. Hər halda sənəddə məhz hansı sərhədlərdən söhbət getdiyi məlum deyil. Bir sözlə, siyasi müşahidəçilərin əksəriyyəti belə hesab edir ki, bu sənəd faktiki olaraq münaqişənin dondurulması anlamına gəlir və bu hazırki vəziyyətdə Rusiyanın maraqlarına cavab verir.

Bu isə o deməkdir ki, sənəddə “DXR” və “LXR” MDB məkanındakı digər analoji münaqişələrə münasibətdə olduğu kimi, yalnız formal olaraq Ukrayna ərazisi hesab edilir.

Nəhayət, Ukrayna üçün təsəlliverici, ancaq ciddi əhəmiyyəti olmayan bir fakt da qondarma respublikaların ərazisində Ukrayna qanunlarına uyğun şəkildə yeni seçkilərin keçirilməsinin nəzərdə tutulmasıdır. Amma bu seçkilərin də ötən ilin 2 noyabrında “DXR” və “LXR”-in separatçı liderləri tərəfindən keçirilən seçkilərdən heç bir fərqi olmayacaq. Çünki Ukraynadan ayrılmağı nəzərdə tutan 2 noyabr seçkilərini keçirənlərlə yeni seçkiləri hazırlayan və ona rəhbərlik edənlər də eyni adamlar olacaqlar.

Rusiya xarici hərbi birləşmələrin və hərbi texnikanın münaqişə zonasından çıxarılmasına razılıq verib. Yenə də konkret olaraq Rusiyaya məxsus hərbi birləşmələrin münaqişə zonasında çıxarılması göstərilməyib. Belə olanda, separatçıların rəhbərləri bu ifadənin Rusiyaya deyil, Ukraynaya aid olduğunu iddia edə bilərlər. Qeyri-qanuni silahlı birləşmələrin tərk-silah edilməsi ilə bağlı sənəddə əksini tapan müddəada qeyri-dəqiqlik var. Söhbətin yenə də məhz hansı qeyri-qanuni silahlı birləşmələrdən, separatçı güclərdən, yoxsa Ukrayna tərəfində vuruşan özünümüdafiə dəstələrindən getdiyi məlum deyil.

 

Uzunmüddətli sülhə

inam yoxdur

“Normand dördlüyü” tərəfindən Minskdə imzalanan sülh sazişinin Rusiya tərəfindən yerinə yetiriləcəyinə Qərbdə inanmırlar. Bunu Qərb mətbuatının yazdıqları da sübut edir. Məsələn, Almaniyanın “Deutshche Velle” yazır ki, Rusiyanın bundan əvvəl olduğu kimi, “Minsk-2” anlaşmasını da yerinə yetirəcəyi inandırıcı görünmür. Qəzet buna səbəb kimi Putinin separatçılara dəstəyi davam etdirmək niyyətindən geri çəkilmədiyini nümayiş etdirməsi ilə izah edib.

İngiltərənin “Tayms” (The Times) qəzeti isə yazır ki, sülh uzunmüddətli olmayacaq və Rusiya əlverişli imkan əldə edən kimi yenidən hərbi gücünü işə salacaq. Qəzet yazır ki, bu anlaşma Ukraynanı parçalanmaya aparır və ondan yaxşı nə isə gözləməyə dəyməz.

“The Daily Telegraph” isə yazır ki, bu konflikt faktiki olaraq dondurulub. “The Daily Telegraph”: “Sənəddə Krım barəsində heç nə yazılmayıb. Bu o deməkdir ki, artıq Ukraynanın parçalanması istiqamətində addım atılıb”.

“Le Figaro” isə yazır ki, Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanılması, ilk növbədə, Qərbin Poroşenkoya necə yardım edəcəyindən asılı olacaq.

 

ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here