ÖvladınızI başlı-başına buraxmayın

0
314

Azərbaycanda övladları müxtəlif xoşagəlməz yollara düşsə də, onları xilas edə bilməyən ailələr var. Valideynlərindən xəbərsiz hansısa qruplaşmalara qoşulub döyüşmək üçün xaricə gedənlərin, evlərindən oğurluq edənlərin, qəza törədib ailəsini işə salanların, öz valideynlərini, doğmalarını qətlə yetirənlərin də sayı az deyil. Bəs öz övladları tərəfindən hədə və şiddətə məruz qalanlar?

Elə bilirsiniz o uşaqlar, o övladlar özbaşına elə olublar? Təbii ki, bu məsələdə irs, gen böyük rol oynayır, amma əsas məsələ övladın tərbiyəsinə, şəxsiyyət kimi yetişməsinə vaxtında müdaxilə edilməməsi, düzgün istiqamət göstərilməməsi, kimlərlə oturub-durmasına diqqət edilməməsidir. Bəli, uşaqların gələcəkdə necə bir insan olması həm də onun oturub-durduğu, gəzdiyi, görüşdüyü dostların kimliyindən asılıdır. Ömür boyu narkotikin, heroinin nə olduğunu bilməyən yeniyetmə bəs necə olur ki, birdən-birə onun aludəçisinə çevrilir?

Sosial şəbəkələrdə, internet saytlarında Suriyaya döyüşmək üçün gedən gənclərin videoları ilə yəqin siz də rastlaşırsınız. Məsələn, bu yaxınlarda “qafqazinfo”da yerləşdirilən bir videoda azərbaycanlı gənc atasını da döyüşmək üçün getdiyi ölkəyə dəvət edirdi. Videodan görünürdü ki, o gəncin yaşı elə də çox deyil. Yaxşı, bəs necə oldu ki, onun beyni “yuyuldu”, bu cür yetişdirildi və döyüşmək üçün xaricə getdi? Hər halda yəqin ki, bunları ona aşılayan, təbliğ edən olub. Bəs onda həmin gəncin atası oğlunun kimlərlə gəzdiyini görmürdümü, bilmirdimi? Bilmirdisə, niyə fikir vermirdi? Bu cür misalları çox çəkmək olar.

Əyri yola düşən yeniyetmələr arasında valideynləri boşananlar da az deyil. Ailə dağılır, ailə başçısı uşaqlara nəzarəti itirir, ana ya uşaqları nəzarətsiz buraxır, ya da lazım olan diqqəti göstərə bilmir…

Mövzu geniş və bir qədər də qəlizdir. Elə isə gəlin məsələyə mütəxəssislərin prizması ilə baxaq. Psixoloq Lalə Bağırovanın qənaətinə görə, valideynlərin münasibətlərində intizamın pozulması, ailənin uşağın üstünə həddən çox getməsi, ata-ananın uşağa həddən artıq sevgisi və ya sevgisizliyi, evlilikdən kənar yaşanan əlaqə və bunun nəticəsində doğulan uşaq, valideynlərdən hər hansı birinin olmaması, ayrılmış ata-ana, atanın içki qəbul etməsi, işi ilə əlaqədar atanın uzun müddət evdən ayrı yaşaması, işsizlik, maddi imkansızlıq və sairə səbəblər ailəyə və doyasilə də uşaqların tərbiyəsinə, psixologiyasına mənfi təsir göstərir. Azərbaycanda son illər boşanmaların sayının artması və buna paralel olaraq, cinayətlərin də çoxalması insanları bu baxımdan düşündürməlidir… Psixoloqların qənaətinə görə, ailədə tərbiyə düzgün qurulmayanda, əxlaq qaydalarına əməl olunmayanda, mənəviyyat arxa plana keçəndə burada böyüyən oğlan uşaqları problemlərini fiziki güclə həll edə biləcəklərini düşünürlər. Bundan başqa, onlar maddiyyatı əsas götürürlər. Tez və yersiz aqressiya göstərirlər, düşünülməmiş, ölçüsüz və lazımsız reaksiya verirlər. Yaş artdıqca isə təkbaşlarına güclü olmadıqları üçün müəyyən qruplara qoşulmağa cəhd edirlər. Bu tip gənclər “dost” tövsiyələri ilə cinayətə yönələ bilirlər. Hətta onlarda ailəyə qarşı kin, nifrət, qısqanclıq, zorlama duyğuları formalaşa bilir…

Halbuki həmin ailələrdə övladlara həyata, insana sevgi, hörmət, fədakarlıq hissləri aşılansa, vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq olar. Yeniyetmə və gənc xasiyyətinin formalaşdığı dövrdə lazımi diqqəti görməyəndə o, belə desək, böhran yaşayır. Bu yaş dövrlərində müxtəlif psixi pozuntular, xəstəliklər meydana gələ bilir. Bu yaşda olan insanlara çox diqqətlə yanaşmaq lazımdır. Həmçinin yeniyetməni evdə ata-anası bir cür tərbiyə edir, internet başqa şey təklif edir, televizorda fərqli şeylər göstərirlər. Bu da formalaşma mərhələsində olan xasiyyət üçün çox çətindir. Cəlbedici şeylərdən boyun qaçırıb düzgün yolla getmək o qədər də asan olmur. Davranış pozuntusuna, nevrotik pozuntulara səbəb olur. Yaxınları onların davranışlarını qeyri-adi sayır. Əslində bu, xəstəlik deyil. Belə gənclərə dərman yox, düzgün söhbət daha çox fayda verir. Odur ki, bu yaşda olan insanlarla münasibət bir qədər həssaslıq və diqqət tələb edir. Valideynlər bunu mütləq nəzərə almalıdırlar. Bunlar olsa, münasibətlərdəki, davranışlardakı çatışmazlıqların həlli daha da tezləşə bilər.

Bəzən yeniyetmələr öz xarici görünüşlərindən, adi bir detaldan belə narahat olur və özlərini bəyənmirlər. Bu zaman lağ etmək, onların qayğısına etinasız yanaşmaq olmaz. Əksinə, “bunlar hamısı keçəcək”, “hər şey yoluna düşəcək” kimi sözlərlə təsəlli etmək, onları narahat edən bu detalın üstündə durmamaqla, başqa üstünlük və gözəlliklərini qeyd etmək lazımdır. Yeniyetməlik dövründə siqaret və alkoqollu içkilərə marağın artmasına gəlincə, yeniyetmələr bu zərərli vərdişlərə yiyələnməklə, sanki özlərini böyük kimi göstərmək istəyirlər, eyni zamanda bununla sanki yaşıdlarından seçilmək istəmirlər.

Psixoloqlar bu fikirdədirlər ki, bu zaman uşaqlara izah edilməlidir ki, azad və güclü insan zərərli vərdişlərə yiyələnən yox, əksinə, onlardan imtina etməyi bacarandır.

“Uşağınızın dostlarının kimlər olduğu haqda narahatlığınız varsa, onlarla tanış olmağınız məsləhətdir”

Yaşıdları ilə normadan çox yaxınlıq, onlarla daha çox zaman keçirmə, uzun telefon danışıqları, ailədən uzaqlaşmanın yeniyetməlik dövrünün əsas narahatlıq doğuran məqamlarındandır. Bu dövrdə yeniyetmələr valideyn sözündən daha çox, dost sözünə inanır və əməl edirlər. Valideynlərini isə bəzən, əksinə, inkar edirlər. Nəzərə almaq lazımdır ki, uşaqda öz müstəqilliyini sübut etmək arzusu yaşın gətirdiyi müvəqqəti bir haldır. Əgər uşaq ailəsindən bir qədər uzaqlaşmasına baxmayaraq, şən, yüksək əhvali-ruhiyyəli, həyata bağlıdırsa, demək, hər şey qaydasındadır. Uşağınızın dostlarının kimlər olduğu haqda narahatlığınız varsa, onlarla tanış olmağınız məsləhətdir. Bunun ən asan yolu həmin dostları evinizə dəvət edib, birgə vaxt keçirmələrinə imkan vermənizdir. Əksinə, övladınız otağına çəkilərək, ruh düşkünlüyü yaşayırsa, özünə qapanıb və ətraf mühitdən tamamilə təcrid olubsa, onunla söhbət edib, bunun səbəbini aydınlaşdırmağa çalışmaq lazımdır. Bu halda uşağa əsəbiləşmək, onun üstünə çığırıb-bağırmaq, təhqir etmək qətiyyən yolverilməzdir. Cəhdləriniz nəticəsiz qalırsa, o zaman münasibətləri gərginləşdirmədən bir mütəxəssisdən məsləhət almaq lazımdır. Bu mərhələdə uşaqlara öz yüksək keyfiyyət və bacarıqlarını söyləmək lazımdır. Məsələn, “gözəlsən”, “sağlamsan”, “yaxşı xasiyyətin var” və s. deməkdə fayda var.

“Yeniyetmə qız və oğlanlara bizim bu müsbət cəhətlərimiz lazımınca aşılanmır”

Bəzi ailələrin “avropalaşmağa” səy göstərmələri də övladların başında çatlaya bilir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, Şərqdə ailələr problemə dayanıqlı olduğundan boşanmalar Qərbdəki kimi tüğyan eləmir: “Bütün bunlar təqdir, təbliğ ediləsi, qürur duyulası və yetişməkdə olan nəslə aşılanası məsələlərdir. Şərq ailələrində səliqə-sahman, nizam-intizam, övladı tərbiyə etmənin əsas yükü qadının üzərində olsa da, o, kişinin son sözü demək haqqını tanıyır. Şərqdə ailə bir növ müqəddəs sayılır. Qərb ölkələrində isə yerli əhalinin 80-90 faizi vətəndaş nikahı ilə yaşayır. Bir azərbaycanlı başqa bir yerə gedəndə, yaxud ölkədən kənara çıxanda ailəsindən arxayın qalır. Çünki bilir ki, xanımı onu gözləyəcək, ailəsini qoruyub saxlayacaq və s. Rusiyaya iş dalınca gedən on minlərlə soydaşımızın ailəsi məhz dediklərimizə sübutdur. Ancaq Qərbdə belə bir təminat yoxdur. Orada kişi qarşı tərəfə arxayın olub, çətin ki, başqa yerə gedə bilsin. Təəssüf ki, bəzi ailələrdə yeniyetmə qız və oğlanlara bizim bu müsbət cəhətlərimiz lazımınca aşılanmır. Halbuki onlara bunlar aşılanmalı, təbliğ edilməlidir ki, bunu davam etdirsinlər. Bu, zəif aparıldığından “avropalaşmağa” meyil və maraq artıb. Bəziləri hətta bunun nə demək olduğunu, nə anlama gəldiyini, ümumiyyətlə, başa düşmür, amma guya fərqlənmək üçün axına düşür.

Bir çox valideynlərin diqqət etmədiyi məqam…

Qeyri-sağlam ailələrdə böyüyən uşaqlar özləri də, belə deyək, qeyri-sağlam davranış sərgiləyirlər. Məsələn, ailədə ata-ananın uşağa qarşı olan qəddar münasibəti, onun sosial cəmiyyətdən, ümumiyyətlə, təcrid edilməsi sonda zalım insanın formalaşmasına səbəb olur. Beynəlxalq səviyyədə psixoloqlar tərəfindən aparılan araşdırmalar terrorçuların xeyli hissəsinin məhz bu qrupa aid olduğunu göstərir. Belələri qeyri-sağlam ailələrdə böyüyən və ya valideynləri ilə ciddi problemləri olan, istəkləri reallaşmayan, qapalı, bir sözlə, uşaq yaşlarında çox ciddi psixoloji travmaya məruz qalmış insanlardır.

Zənnimizcə, bu məsələdə ən yaxşı seçim övladın təhsilə meyilləndirilməsi də ola bilər. Uşaq təhsilə yönəldilsə, valideyn öz həyat tərzi ilə uşağa əsl nümunə ola bilsə, onda problem öz aktuallığını tədricən itirmiş olar. Amma nə yazıq ki, bir çox valideynlər bu məqama ciddi əhəmiyyət vermirlər. İki gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin şagirdlərin təhsil səviyyəsinin aşağı olması barədə açıqladığı faktlar insanı düşündürməyə bilməz. Elə düşünməyin ki, burada məsuliyyət və problem təkcə yalnız məktəblərin üzərinə düşür. Ailələrin, valideynlərin günahı da az deyil. Övladını şəxsi təsərrüfatında işə cəlb edib, tez ərə vermək üçün məktəbdən çıxaranlar günümüzdə azdırmı? Əgər valideyn uşağı oxutmursa, oxutmaq istəmirsə, başqa işlərə cəlb edirsə, onda biçarə müəllimin cəhdinin nə faydası?

Sonda uşaqlarımıza aşılamalı olduğumuz bir məqamı da qeyd etmək yerinə düşər. Təəssüf ki, günümüzdə ailələr arasında qohumluq münasibətləri zəifləməkdədir. Bir vaxtlar ailələr arasında qohumluq münasibətləri, gəliş-gediş o qədər yüksək səviyyədə idi ki, uşaqlar da bir-birinə qaynayıb-qarışır, tanıyır, dost olurdular. Həmin uşaqların birində problem olanda bu problem qohum valideynə çatdırılır və qarşı tərəf də tədbir görürdü. Amma indi qohumluq münasibətləri zəiflədiyindən, xüsusən, şəhər yerlərində uşaqlar öz dostlarını da kənarda tapırlar…

Belə… Övladlarınızın kiminlə oturub-durduğuna, dostluq etdiyinə ciddi yanaşın. Bunun üçün isə birinci özünüz övladınızla dost olun. Sonra deməyin ki, dostumun dostu…

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here