Hələ ki ümid “kaçalka”yadır

0
213

Yeni içməli su və kanalizasiya xəttinin çəkilməsi üçün Asiya İnkişaf Bankının bir neçə rayonla yanaşı, Ağdaş şəhərinə də kredit ayırması xəbəri mənzil-mənzil dolaşaraq hamıda xoş ovqat yaratmışdı. Tezliklə rayonun Qolqəti kəndi yaxınlığında artezian quyuları qazıldı, su anbarı tikildi, ətraf səliqəyə salındı, bununla da işlər dayandırıldı. Dörd il əvvəl şəhərin küçələrində ekskavatorlar, yükünü özüboşaldan maşınlar göründü, müəyyən layihə-texniki işlərdən sonra su və kanalizasiya xətlərinin çəkilişinə başlanıldı. İnşaat işləri sürətlə yerinə yetirilirdi. Bəzən tələskənliyə yol verilir, əhalinin mövcud kanalizasiya, su xətləri dağıdılır, küçələr bərbad vəziyyətə salınır, bu da insanlar arasında haqlı narazılıqlar yaradırdı. Bütün bunlara rəğmən, şəhər sakinləri dumduru artezian suyu ilə təmin olunacaqları arzusu ilə çətinliklərə dözürdülər. Su və kanalizasiya çəkilişinə qardaş Türkiyədən olan mütəxəssislərin rəhbərlik etdikləri “Alker” inşaat şirkəti yerinə yetirirdi. Təəssüf ki, inşaat işləri sürətlə başlandığı kimi qəfildən də dayandı. Aradan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, inşaat işləri davam etdirilmir. Niyə? Bu sualın cavabı hamı kimi bizi də maraqlandırırdı. Axı Ağdaşın ötən əsrin 60-cı illərində çəkilmiş kanalizasiya və su xətləri, demək olar ki, sıradan çıxmaq üzrədir. Yay aylarında lilli su bəzən həftələrlə gəlmir, ümid qalır “kaçalka”lara. Bu qurğu, hər bir ağdaşlının həyətində var. Deməli, 20 millimetrlik boru 10-12 metr dərinliyə basdırılır və əllə işlədilən nasosa (sovurucu) və ya kiçikhəcmli mühərrikə qoşularaq yer səthinə yaxın qrunt (şirə) suları çıxarılır və ondan istifadə edilir. Yerli sakinlər bu qurğuya “kaçalka” deyirlər. Biz bilmirik, bu sular insan orqanizmi üçün zərərlidir, ya yox. Amma onu bilirik ki, müəyyən mənada adamların ehtiyaclarını ödəyir. Kanalizasiya xətti isə daha bərbad vəziyyətdədir. Yağışlı günlərdə çirkab suları küçələrə, həyətlərə axır, gölməçələr yaradır. Zirzəmisi su ilə dolu fərdi və ictimai binalar da çoxdur. Mövcud vəziyyəti aydınlaşdırmaq üçün “Alker” inşaat şirkətinin rəhbəri Kan Gündüzlə görüşdük. O, işlərin dayandırılmasını maliyyə vəsaitinin çatışmaması ilə izah etdi. Onun dediklərindən məlum oldu ki, mövcud layihə təsdiq edilib, pul vəsaiti ayrıldıqdan sonra rayonun sosial həyatında mühüm hadisə baş verib. Belə ki, Milli Məclisin qərarı ilə qonşu kəndlərin torpaqlarının hesabına şəhərin ərazisi xeyli genişləndirilib. Həmin ərazilərin də şəhərin yeni su və kanalizasiya infrastrukturuna qoşulması üçün yeni layihə tərtib edilməli, vəsait ayrılmalı və işlərin icrası üçün tender keçirilməlidir. Mövcud layihə üzrə isə, işlərin, demək olar ki, 90 faizi yerinə yetirilib. Kan Gündüzə xatırlatdıq ki, əhali su və kanalizasiya xətləri çəkildikdən sonra küçələrin bərbad vəziyyətə salınmasından da narazılıq edir. Məsələn, 1 ildir ki, Vaqif, İstiqlal, Salih Salihov və digər küçələrdə su və kanalizasiya xəttlərinin çəkilməsi başa çatıb. Lakin küçələrin asfaltlaşdırılması ləngidilir. “Elədir. Havaların qarlı, yağışlı keçməsi işimizə mane olur, vəsaitimiz də çatışmır”,-deyə o, sualımıza cavab verdi.

“Görülən işin keyfiyyətindən də narazılıqlar var” iradımıza isə o, belə cavab verdi: “İnşaat işləri başa çatan küçələrdə testlər keçirilir, nöqsanlar aradan qaldırılır. Məsələn, şəhərin Ağalı kənd hissəsində yeni su xəttindən istifadə edilir”.

Mütəxəssislərlə söhbətlərimiz, araşdırmalarımız isə göstərdi ki, işlərin tam başa çatdırılması yaxın aylarda mümkün olmayacaq. Qolqəti kəndində qazılmış artezian quyularının işlədilməsinə çox enerji sərf olunduğundan sərfəli deyil. Şəhərin şimal hissəsində Türyançay çayının hövzəsində artezian quyularının qazılması, su anbarlarının tikilməsi daha əlverişlidir. Bunun üçün də layihə-smeta sənədləri tərtib edilməli, pul vəsaiti ayrılmalıdır.

Əhali ilə söhbətlərimizdən aydın oldu ki, kanalizasiya və su xətlərinin çəkilişində keyfiyyətsizliyə yol verilib. Bəzi küçələrdə gələcəkdə qazıntı işləri zamanı xətlərin zədələnməməsi üçün onun üzərindən qoruyucu zolaqlar çəkilməyib. Kanalizasiya quyularının kənarı keyfiyyətli betonla bərkidilməyib, indidən ovxalanır. Bəzi quyuların qapaqları yoxdur, bu isə gecə vaxtları insanlara zərər verir və nəqliyyatın hərəkətini çətinləşdirir. Əksər küçələrdə çınqıl işləri keyfiyyətsiz yerinə yetirilib. İlk baxışda, bəlkə də, bunlar xırda nöqsanlar kimi görünə bilər. Lakin istifadəyə verilmə aylarla ləngidildikdə bu “xırdalıqlar” birləşərək adamların rahat yaşayışına maneələr yaradır. Şirkət rəhbərinin bu mühüm sosial problemin həllinə münasibəti də bizi təəccübləndirdi: “Şəhərin böyük istehsal və ya xidmət sahəsi olmadığından, onun kanalizasiya xəttinə də ehtiyacı yoxdur. İdarə və müəssisələr, ailələr çirkab sularını axıtmaq üçün quyu qazsalar, problem həll olar”.

Qəribə məntiqdir. Elə həyətlərdə, küçələrdə qazılan belə quyuların nəticəsidir ki, şəhərdə torpağı bir metr qazmamış qrunt suları üzə çıxır. Bu isə rütubətliliyi artırmaqla yanaşı,  meyvə ağaclarının tez qurumasına səbəb olur. Şəhərin H. Əliyev prospektinin çox hissəsində bir həftə bundan qabaq yağan yağışdan yığılıb qalan çirkab suları isə heç də xoş ovqat yaratmırdı. Bütün bunlar kanalizasiya xəttinin vacibliyini bir daha təsdiqləyir. Elə bu yerdə atalar sözü də yada düşür: “İsinmədik istisinə, kor olduq tüstüsünə”.

Pərviz Əliyev, Rafiq Rəhimov, Ağdaş

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here