“Ermənilər elə biliblər ki…”

0
293
Biləsuvar rayonunda Milli Qəhrəman  Mübariz İbrahimovun doğum günü qeyd olundu. 
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq- mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək, ailəsi ilə görüşdülər. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki, 22 yaşında Milli Qəhrəman olmaq hər kəsin işi deyil: “Qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. O, xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək, əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər, əvvəlcə, elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur. Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi”.

Mahir Quliyev xatırladıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb: “Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına  verilən bu yüksək qiymət respublikamızın hər yerində igid Vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür. Təhsil və tərbiyə müəssisələrimizdə gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır. Hərbi xidmətə yola salınan gənclərimizə Vətəni necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur”. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi. Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış oldular. Qeyd edək ki, Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü münasibətilə Yaradıcılıq Festivalı da keçirildi. Festival Heydər Əliyev Mərkəzində Biləsuvar  Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətən sağ olsun” adlı vətənpərvərlik mövzusunda təşkil olunub. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova, Rayon Gənclər və İdmanİdarəsinin rəisi Aqşin Bağırov, Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov, Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəfiqə Cəfərova iştirak etdilər. Festivalda rayonun 36 ümumtəhsil məktəbindən gənclər də iştirak etdilər. Festivalın əsas məqsədi Azərbaycanın milli qəhrəmanlarını gənclərə tanıtmaq və gənclərin intellektual yaradıcılıq imkanlarını üzə çıxarmaqdan ibarət idi. Sonra festival çərçivəsində məktəblilər arasında inşa, şeir və rəsm müsabiqələrinə start verildi. 2 gün davam edən Yaradıcılıq Festivalında ayrı-ayrı nominasiyalar üzrə qalib gələn məktəblilər Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar. Babək Əsgər, Biləsuvar

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here