Boğaz ağrısı, qızdırma və halsızlıq mövsümlə bağlı xəstəlikdir, yoxsa…

0
479
Son dövrlər ölkəmizdə əhali arasında boğaz ağrısı və qriplə müşahidə olunan bir sıra xəstəliklər müşahidə olunur. Deyə bilərsiniz ki, hər il belə xəstəliklər yayılır. Ancaq, zənnimizcə, bu dəfə vəziyyət bir qədər fərqlidir. Birincisi, bu xəstəlik təkcə Bakıda deyil, regionlarımızda da yayılıb. İkincisi isə, həm böyüklərdə, həm də uşaqlarda xəstəliyin əlamətləri bir-birinə bənzəyir: boğaz ağrısı, qızdırma, titrətmə, halsızlıq, iştahasızlıq və s.
İki uşaq atası olan İmran İsmayılov deyir ki, son 2-3 ayda uşaqları ən azı 3-4 dəfə bu xəstəliklərə yoluxub: “Boğazları şişir, qızdırmaları qalxır, gözləri qıpqırmızı qızarır. Hər dəfə də həkimə aparırıq, müalicə yazır. Təxminən bir həftə, on gün düzəlir, daha sonra yenə eyni vəziyyət baş qaldırır. Elə ay olmur ki, aldığım maaşdan 50-60 manatı iynə-dərmana getməsin”.

 “Uşaqların tez-tez boğazları şişir, qızdırmaları qalxır”

Müsahibimiz deyir ki, o bunun səbəbinin nə ilə bağlı olduğunu bilmir: “Hərdən evdə deyirəm ki, yəqin dərmanların keyfiyyəti azalıb. Amma, deyəsən, bu da əsas səbəb deyil. Çünki tanıdığım başqa ailələrdə də uşaqların tez-tez boğazları şişir, qızdırmaları qalxır və s”.

Qeyd edək ki, hazırda bəzi aran rayonlarında da eyni xəstəlik müşahidə olunur. Bəs bunun səbəbi nə ola bilər? Bir narahatlığa ehtiyac varmı? Valideynlər nələrə diqqət etməlidirlər ki, aldıqları maaş həkimlərə getməsin…

Yeri gəlmişkən, bir maraqlı faktı da oxucuların diqqətinə çatdıraq. Belə ki, bu günlərdə Dünya Səhiyyə Təşkilatı (DST) Avropanın ərazisində qripin yoluxma fəallığının yüksək səviyyədə olması barədə xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd olunur ki, virusun əsas yarımtipi yaşlı adamlar üçün daha təhlükəlidir: “Xroniki xəstəliklərdən əziyyət çəkənlər və 6 aylıq körpələrdən tutmuş 5 yaşadək uşaqlar da risk qrupuna daxildirlər”. DST qrip əlamətləri müşahidə olunan risk qrupuna daxil olan şəxslərə antivirus preparatları təyin etməyi məsləhət görüb.

 “Mövsümi olaraq zökəm deyilən bir xəstəlik hər il müşahidə edilir”

Tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov “Zaman-Azərbaycan”a müsahibəsində mövzuya belə münasibət bildirdi: “Qeyd etdikləriniz mövsümlə bağlı olan xəstəliklərdir. Başqa elə bir yayılma təhlükəsi yoxdur. Çoxları deyir ki, bu, qrip virusudur və s. Amma bunun qriplə əlaqəsi yoxdur. Mövsümi olaraq zökəm deyilən bir xəstəlik hər il müşahidə edilir. Bunu da həmin xəstəliyə aid etmək olar. Viruslar isə müxtəlif viruslar ola bilirlər. Söhbət qrip virusunun xaricində olan viruslardan gedir. Məsələn, adenoviruslar, koksiolla deyilən və bu kimi müxtəliftipli viruslardan gedir söhbət. Bu viruslar eyni tip simptomlar verirlər”.

Samir Cavadov bəzi məsləhətlərini də verdi: “İmmun sistemini normallaşdırmaq, əgər problem bağırsaqla bağlıdırsa, bağırsağın işini yaxşılaşdırmaq lazımdır. Belə deyim, xüsusi bir müalicəsi də yoxdur onun. Bir həftə, on günə öz-özünə düzəlib gedir. Əgər xəstəlik müalicə olunursa və qısa müddətdən sonra geri qayıdırsa, deməli, o adamın immuniteti normal deyil. İmmun sistemi normal olanda o heç vaxt təkrar qayıda bilməz. Qayıdan virus isə həminki olmur, yenisi özünü büruzə verir.

İmmun sistemini gücləndirmək üçün birinci növbədə bağırsaq normal işləməlidir. Bağırsağın işləməsi üçün isə meyvə-tərəvəzə üstünlük verilməlidir. Mənim fikrimcə, burada dərmanlıq bir şey yoxdur”.

“Epidemioloji baxımdan narahatedici vəziyyət…”

S. Cavadov bir maraqlı məqama da toxundu: “Əgər qızdırma lap yüksək deyilsə, onu aşağı salmağa ehtiyac yoxdur. Qızdırma səviyyəsi 39-u keçirsə, o zaman tədbir görülməlidir. Onu da qeyd edim ki, qızdırma 39-a qədər olduqda, orqanizmi qoruyucu funksiya daşıyır. Temperatur orqanizmi qoruyur ki, daxil olan virus, bakteriya və s. kənarlaşsın. Bu həm uşaqlara, həm də böyüklərə aiddir”.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə dünən mövzuya geniş münasibət bildirib. O, jurnalistlərə açıqlamasında deyib: “Hazırda Azərbaycanda həm qripə yoluxma halları, həm də epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur. Əhalinin müəyyən qrupu arasında xəstələnmələr var, bu da təbiidir. Çünki bu cür haldan nəinki biz, ümumiyyətlə, heç bir ölkə sığortalanmayıb. Bizdə heç bir qorxulu xəstəlik yoxdur. Təbii ki, havaların soyuq keçməsi orqanizmdə müqaviməti aşağı salır. Ona görə də hər bir insan çalışdığı qədər özünü soyuqdan qorumalıdır”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here