Növbəti nigarançılıqlarım

0
318
Bir neçə şeydən yana nigaranam. Birinci nigarançılığım “Topaz” oyunları haqqındadır.
 Məlumat üçün deyim ki, topaz – bəzi idman oyunlarının, xüsusilə, futbol yarışlarının nəticəsini qabaqcadan proqnozlaşdırmaq və hansı komandanın udacağını təxmin edib, ona “pul qoymaq” prinsipinə əsaslanır. Kim nə deyir desin, mənim fikrimcə, bu dolayısı ilə qumarın sivil bir növüdür. Sözüm bunda yox, sözüm onda ki, bu günlərdə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə bu mərc oyununun ləğv edilməsi təklifi ilə çıxış edib. Bu təkilifin heç qırxı çıxmamış bizim gənclər və idman naziri Azad Rəhimov deyib ki, hazırda “Topaz”ın dövriyyəsindən 4.2 faiz vəsait “Azəridmanservis” (bu, Gənclər və İdman Nazirliyinin tabeliyindədir) dövlət müəssisəsinin hesabına gəlir. Həmin vəsaitin 30 faizi AFFA-nın, 70 faizi digər idman növlərinə paylanır: “Bu birmənalı olaraq idmanın inkişafı üçün böyük köməkdir”. İndi, görəsən, məsəl üçün, bir saatlığa tutaq ki, “Topaz” bağlandı. Onda gəlin görüm başları bu qumara qarışan, hətta evlərini bu oyuna qurban verənlər, buna adətkərdə olan kişilər, qadınlar, gənclər, uşaqlar öz asudə vaxtlarını nəyə sərf edəcəklər? Digər yandan, idmanımız inkaşafdan qalmazmı? Bundan yana çox nigaranam.

İkinci nigarançılığım, internetlə bağlıdır. Bu günlərdə məlum olub ki, ölkələr arasında internet istifadəçiləri üzrə ən çox video izləyənlərin siyahısında bizim məmləkətin vətəndaşları ilk pillələrdə yer tutublar. İndi məni dərd alıb: qorxuram, sabah məmləkətimin vətəndaşları başqa bir işin qulpundan yapışarlar və bununla da belə bir “mədəniyyət göstəricisini” əldən verərlər. Təbii ki, bundan yana da çox nigaranam.

Üçüncü nigarançılığım bəzi marşrutlar üzrə hərəkət edən avtobuslarda, eləcə də metrodakı basabaslarla əlaqədardır. Son günlər həmin sahələrə cavabdeh olan şəxslər bu problemi aradan qaldırmağa cəhd edirlər. Lakin bununla nə etdiklərinin əsla fərqində deyillər. İndi, məsəl üçün tutaq ki, bir gün həmin “məkanlarda” basabas olmadı, onda heç şübhəsiz ki, o biçarə sərnişinlərin sevincləri yerə-göyə sığmayacaq. Elə isə bizim rəsmilər bu addımla niyə yerə, göyə əlavə problemlər yaradırlar. Məgər yerin, göyün problemi azdır? Bundan yana çox nigaranam.

Dördüncü nigarançılığım budur ki, “İnter” futbol klubunun baş məşqçisi Kaxaber Sxadadze yol üstədir. Şəxsən mən istəmirəm ki, o bizi tərk etsin. Elə bu səbəbdən, sözün düzü, ona heç “Yaxşı yol” deməyə də dilim gəlmir. Nədən ki, əgər bu gürcü ölkəmizi tərk etsə, hər oyundan sonra bizim azarkeşlərə qeyri-etik jestlər göstərən, hərdən qoçuluq edən, üstəlik, bizim topdaşıyan balalarımıza qışqıran olmayacaq. Tərslikdən bu boşluğu dolduracaq ikinci adam da yoxdur. Belə şeydən nigaran qalmamaq olarmı?

Digər nigarançılığım, 1915-ci il hadisələri ilə bağlı ağzına, başqa sözlə desəm, olmayan ağlına gələni danışan, özünü dövlət xadimi kimi deyil, küçə uşağı kimi aparan Ermənistan prezidenti Serj Sarkisyanın Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirə dəvət olunmasından və onun bu mərasimə qatılmayacağı ilə bağlı yaydığı bəyanatdan qaynaqlanır. Bundan hirslənən “Sabah” qəzetinin köşə yazarı Çatsın Ramoğlu onu çaqqal adlandırmaqla nigarançılığımı daha da artırıb. Çünki onun çaqqal kimi bir heyvana oxşadılması yolverilməzdir. Nədən ki, Sarkisyanın nə insanlar, nə də heyvanlar arasında oxşarı yoxdur. Dünya hələ onun kimi nə bir insan görüb, nə də heyvan, yəni onun dünyada analoqu yoxdur. Lakin bunları bilə-bilə Sarkisyanın adam yerinə qoyularaq belə bir mərasimə dəvət etmək istəyənlərdən çox nigaranam.

Daha bir nigarançılığım da siyasidir. Hamı bilir ki, BMT kimi lap yekə bir qurum hələ neçə il öncə Qarabağ münaqişəsi, daha doğrusu, Ermənistan qoşunlarının zəbt etdikləri Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı nə az, nə çox düz dörd qətnamə qəbul edib. Lakin həmin qətnamələrin heç biri icra olunmayıb. Bu isə o deməkdir ki, Ermənistan BMT-nin qətnamələrinə öz zövqünə uyğun olmayan adi bir menyu kimi baxır. Görəsən, həmin menyunu Ermənistana yedirdən olacaq, ya yox? Bundan yana çox nigaranam.

…Hər kəs bu yuxarıda saydığımız nigarançılıqlara bir sakitedici cavab yazıb göndərsə, onu məmnuniyyətlə qəzetimizin elə bu yerində dərc etməyə söz veririk.  Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here