“Futbolda yazılmayan qanunlar var”

0
481

8-9 yaşlarında futbola başlayan Nazim Süleymanov Sumqayıtın Sintetik Kauçuk Zavodunun komandasında debüt edib. Bu zaman Süleymanovun hələ 17 yaşı var idi. Daha sonra istedadlı futbolçu Mingəçevirin “Avtomobilçi”, bundan sonra isə Bakının “Neftçi” komandasına transfer olunur. Futbol azarkeşlərinin böyük rəğbətini qazanan Süleymanovun ən böyük uğurları isə Rusya çempionatı ilə bağlıdır. 1995-ci ildə Vladiqafqazın “Alaniya” komandası ilə Rusya çempion olan futbolçu, həm də klubun ən sərrast hücümçusu ünvanını alıb. Süleymanov cəmi bir il sonra komandadan ayrılıb. Nazim Süleymanovun “Alanya”dan ayrılmasına səbəb isə 1996-cı ildə “Spartak” (Moskva) ilə keçirilən oyun idi. “Qızıl oyunda” “Spartak”ın qapısına qol vurmağa yaxın olan, ancaq hədəfdən yayınan Nazim Süleymanovu o zaman “Alanya”nın baş məşqçisi bağışlamadı. Daha sonra Rusyanın “Jemçujina” komandasında karyerasını davam etdirən Seleymanov elə bu komanda da futbolçu karyerasını sonlandırdı. Nazim Sülemanov Azərbaycan futbolunun yetişdirdiyi ən yaddaqalan oyunçulardan biridir, desək yəqin ki, yanılmarıq. Futbolçu karyerası ərzində 386 oyunda iştirak edən Nazim Süleymanov rəqib qapılarında 100 top keçirməyi bacarıb. Məşqçilik karyerasında isə Nazim Süleymanov Rusyanın “Jemçujina”, Lənkəranın “Xəzər Lənkaran”, Bakının “Olimpik-Şüvəlan”, paytaxtın “Neftçi” klubları ilə yanaşı Azərbaycan millisində də çalışmışdır. Hazırda işsiz olan təcrübəli mütəxəsislə əlaqə saxlayaraq, ona gələcək karyerası ilə bağlı suallar ünvanladıq.

– Nazim müəllim, sizin fevralın 17-də əlli yaşınız tamam olur. Bu yubiley münsabətiylə sizi “Çempion” qəzeti adından təbrik edir, gələcək karyeranızda sizə bol-bol uğurlar arzulayırıq.

– (Gülür) Diqqətinizə görə təşəkkür edirəm. Çox sağolun.

– Doğum günündə özünüzə ən çox nə arzulardınız?

– İnsan həyatdan nə istəyə bilər? Təbii ki, can sağlığı, ailə səadəti və uşaqlarımın xoşbəxtliyi.

– Son bir neçə ay ərzində Nazim Süleymanovun adı U-21 millisi, Məşqçilər Komitəsi, AZAL klubu və “Xəzər Lənkəran” komandası ilə yanaşı çəkildi. Ancaq bu komandaların heç birində yeni işə başlamadınız?

– Sizin söylədiklərinizin bəziləri şayədir, bəziləri isə həqiqət. Bilirsiniz ki, U-21 millisini çalışdırmağa mənimlə yanaşı Əsgər Abdullayev, Şahin Dınıyev və Yaşar Vahabzadənin namizədliyi irəli sürülmüşdü. Bu dörd namizəddən hər biri U-21-də işləməyə layiq olan mütəxəssislərdir. Mən bir daha “Çempion” qəzeti vasitəsilə Yaşar Vahabzadəni bu posata təyin olunması münasibətilə təbrik edir və ona uğurlar  arzulayıram. O ki, qaldı iş məsələsinə fakt odur ki, mən bu gün işsizəm. Məşqçi işi belədir, bəzən elə aylar, yaxud elə illər olur ki, işsiz qalırsan. Bizim üzərimizə yalnız gözdəmək düşür. Hər hansı bir təklif gələrsə, onu dəyərləndirməyi düşünürəm.

– Bəzi mətbu orqanlarda belə bir xəbər yayıldı ki, sizə “Xəzər Lənkəran”da idman direktoru vəzifəsi təklif edilib, amma siz bu işdən imtina etmisiniz. Bu məlumat doğrudurmu?

– Xeyir, bu məlumat doğru deyil. Mənə belə bir təklif olunmayıb.

– Hazırda Topaz Premyer Liqasının oyunlarını izləyirsinizmi, yoxsa futboldan bir az uzaqlaşıb istirahət etmək istəyirsiniz?

– İmkanım olan kimi stadiona gedib Topaz Premyer Liqasının oyunlarını canlı şəkildə izləyirəm. Bizim işimiz futboldur, buna görə də bu oyundan aralı düşmək mümkün deyil. Biz bu sənəti seçmişik və ömrümüzün axrına qədər bu peşənin arxasınca gedəcəyik. Yaşımızın bu vaxtında başqa peşə seçə bilmərik.

– Güləşlə məşğul olmusunuz və bu idmanda ciddi nailiyyətləriniz də olub. Bir-birindən tamam fərqli iki idman növündə uğur qazanmaq hər kəsə nəsib olmur…

– Mən Sumqayıt şəhərində böyüyüb başa çatmışam və elə orada da sərbəst güləşlə məşğul olmuşam. Sumqayıt şəhərinin birinciliyində ikinci yer tutaraq Azərbaycan birinciliyində iştirak etmişəm. Ancaq güləşlə bərabər mən həm də futbolla məşğul olurdum. Eyni anda həm futbol oynayırdım, həm də güləşə gedirdim. Həftənin bir günü güləş, bir günündə isə futbol dərslərinə qatılırdım. Sonradan güləşi tərk edib futbolla məşğul olmağa başladım.

– Nazim Süleymanov Azərbaycan futbol tarixinin ən yaxşı hücumçularından biri olub. Hazırda Azərbaycan futbolunda ciddi şəkildə hücumçu problemi var. Necə fikirləşirsiniz, bu problemin kökündə nə dayanır?

– Mən deməzdim ki, indi Azərbaycanda hücumçu yoxdur. Əlbbəttə ki, Azərbaycan futbolunda kifayət qədər istedadlı forvardlar var. Ancaq burda çox sayda amillər var ki, onlar hücumçunun özünü təsdiq etməsinə mane olur. Hər şeydən əvvəl hucumçu öz üzərində daim çalışmalıdır. Qazandıqları ilə kifayətlənməməlidir. Hücumçunun uğur qazanması üçün əsas şərtlərdən biri onun həyatda və meydançada nizam-intizamlı olmasıdır. Nizam-intizam olmayan yerdə hər hansı bir nailiyyətdən söhbət belə gedə bilməz.

– Siz, Sumqayıt və Mingəçevirdə futbol oynamısınız, Ləkəranda isə baş məşqçi vəzifəsində çalışmısınız. Bəzi futbol adamları deyir ki, Azərbaycan çempionatı balaca Bakı çempionatına çevrilib, klubların əksəriyyəti paytaxta toplaşıb.  Necə düşürüsünüz, bunu bölgələrdə futbol inkişafına əngəl saymaq olarmı?

– Bilirsiniz, həyatda çox şey maddiyata bağlıdır. Bölgələrdə futbolu inkişaf etdirmək üçün də maddi vəsait tələb olunur. Azərbaycanın ikinci şəhəri Gəncənin komandası hazırda birinci dəstədə çıxış edir. Futbol üzrə bütün (cari çempionatdan başqa) Azərbaycan çempionatlarında iştirak etmiş Tovuzun “Turan” komandası hazırda birinci divizionda mübarizə aparır. Ölkə futboluna çox sayda futbolçu qazandıran Mingəçevir şəhərinin komandası da hazırda çətin günlərini yaşayır. Çox bölgələrimiz var ki, orada futbolun inkişafına sərmayə qoymaq lazımdır. Düzdür, elə bölgələr var ki, orada futbola ciddi şəklidə sərmayələr qoyulur. Ancaq mən belə düşünürəm ki, bu hal sistemli şəklidə bütün bölgələrdə həyata keçirilməlidir. Bölgədə işləyərkən nəyəsə dözüb, nəyisə qurban verməklə nailiyyət qazanmaq olar.

– 1995-ci ildə Rusya çempionu oldunuz. Ondan əvvəlki illərdə isə bu çempionatın ən sərrast hücumçusu ünvanını əldə etdiniz. Bu cər uğurlara imza atmaq üçün peşəkar futbolçu nələrə diqqət etməlidir?

– Hər bir insan əvvəcə öz həyatını qaydasına salmalıdır. Yəni idmançı əvvəlcə bədən tərbiyəsinə diqqət etməlidir. Bədənini tərbiyə edə bilməyən futbolçu həyatda və idmanda heç bir uğur qazana bilməz. Amma futbolda yazılmayan qanunlar var. Bu qanunları bütün peşəkar futbolçular bilir. Bunlara diqqət etmək lazımdır. Bəzi anlarda səbirli, bəzi anlarda isə dözümlü olmaq lazımdır. Uğur qazanmaq istəyən idmançı dayanmadan daima öz üzərinə çalışmalıdır. Baxın dünyanın ən yaxşı futbolçusu Kristiano Ronaldoya. Mən onun məşqçisinin açıqlamalarından oxumuşam ki, məşqə hamıdan tez Ronaldo gəlir, məşqi ən gec tərk edən də yenə Ronaldodur. Onun çalışmalarının və əziyyətinin nəticəsində “Qızıl top” yenidən Ronaldoya verildi. Böyük futbolçu olmaq üçün çox şeylərdən imtina etmək lazımdır. Sözümün canı odur ki, insan dayanmadan daima özünü inkişaf etdirməlidir.

– 2015-ci ilin yanvar ayından etibarən Lənkəran komandası strategiyasını dəyişərək, gəncləşdirmə siyasətinə başladı. “Xəzər Lənkəran”da çalışmış bir mütəxəsis kimi bu strategiyanı dəyərləndirərdiniz?

– Hər bir klubun öz planları, məqsədləri və strategiyası var. Ona görə də mənim kənardan nəsə deməyim düzgün olmaz. Ancaq mən deyərdim ki, “Xəzər Lənkəran” Azərbaycan çempionatına böyük gözəllik və rəng qatır. Azərbaycan çempionatı azarkeş baxımından hər zaman əziyyət çəkib. Ancaq ən çox azrkeş “Xəzər Lənkəran” oyunlarında olur. Bundan başqa, Lənkəran komandası çempionatda iştirak etdiyi bütün zamanlarda böyük hədəflər üçün yarışıb. Strategiyanın dəyişməyinə qalanda isə, mən belə düşünürəm ki, bu klub rəhbərliyinin gələcəyə hesablanmış bir planıdır. Bizə qalır yalnız və yalnız Lənkəran komandasına uğurlar arzulamaq.

– Siz Azərbaycanın əsas millisində də məşqçi vəzifəsində çalışmısınız. Ölkəmizin əsas millisinə yeni təyin olunmuş baş məşqçi xorvatiyalı Robert Prosineçki sələfi Berti Foqsdan fərqli olaraq milliyə daha çox uğur qazandıra biləcəkmi?

– Milli komanda təkcə Prosineçkinin deyil. Azərbaycan milli komandası bizim hamımızındır. Ona görə də biz hamımız bu gün Prosineçkiyə dəstək olmalıyıq, əlimizdən gələn köməyi əsrgəməməliyik. Əgər siz öz sahənizdə, biz öz sahəmizdə, futbola aidiyyatı olan digərləri də illərində olan imkanlarla ona öz köməyimizi təklif etsək, bu tamlaşar yüz faiz edər. Bu zaman milli komandamız uğur qazana bilər. Belə düşünürəm ki, Robert Prosineçkinin zamana ehtiyacı var. Mən ona ancaq uğurla arzulayıram.

Əsgər Hüseynov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here