Əsədi devirmək üçün 60 min nəfərlik hərbi güc mərkəzi formalaşdırılır

0
413
Beynəlxalq aləmin bütün diqqəti Ukraynada gedən proseslərə cəlb olunduğu bir vaxtda Yaxın Şərqin ən qaynar nöqtəsi olan Suriyada və İraqda vəziyyət qeyri-müəyyən olaraq qalmaqda davam edir.
 Bu müstəvidə də İraq Şam İslam Dövlətinin (İŞİD) Kobanini tərk etməsindən sonra bir çox siyasi müşahidəçilər bununla da adıçəkilən silahlı qruplaşmaya ağır zərbələr vurulduğu qənaətindədirlər. Eyni zamanda İŞİD-in Kobani uğrunda gedən döyüşlərdə ağır məğlubiyyətə uğramasında və bu şəhərin yenidən PKK-nın Suriyanın şimalındakı bir qolu olan terrorçu kürd qruplaşmalarının əlinə keçməsində Türkiyə hökumətinin rolu olduğu xüsusi vurğulanır. Yaxın Şərq üzrə ixtisaslaşan siyasi şərhçilərin əksəriyyəti belə hesab edir ki, Türkiyə İraqın şimalındakı Bərzani silahlılarına Suriyadakı PKK yönümlü kürd terrorçu qruplarına yardıma getməyə öz ərazisindən yol verməklə Kobaninin taleyini həll etmiş oldu. İraqın şimalından Türkiyə ərazisi vasitəsilə yardım alan Suriyadakı PKK yönümlü terrorçu dəstələr bununla da  İŞİD-ə ağır zərbə vuraraq onları Kobanini tərk etməyə məcbur etdilər. Halbuki məntiqi baxımdan Kobaninin PKK yönümlü silahlı dəstələr tərəfindən ələ keçirilməsinin Türkiyə üçün İŞİD-dən daha böyük təhlükə doğura biləcəyi istisna edilmir. Belə ki, İŞİD-lə müqayisədə PKK-nin bölgədəki bir qolu hesab edilən kürd terrorçu dəstələrinin məqsədi Suriya, Türkiyə və İraq əraziləri hesabına “Böyük Kürdüstan” dövləti yaratmaq niyyətindədirlər. Bu müstəvidə də Kobaninin PKK yönümlü terrorçu qrupların ələ keçirilməsindən sonra Türkiyədə PKK-çıların daha da fəallaşacağı şübhə doğurmur. Halbuki terrorçu və separatçı kürd dəstələri ilə müqayisədə İŞİD-in ən azından Türkiyəyə qarşı ərazi iddiası yox idi. Amma o da aydındır ki, Kobaninin ələ keçirilməsindən sonra kürd terrorçu qruplaşmaları Türkiyəyə qarşı yenidən fəallaşacaqları təqdirdə, Ankara onlara verdiyi dəstəkdən imtina edəcək. Bu isə İŞİD-ə yenidən Kobanini ələ keçirmək imkanı verə bilər.  İş orasındadır ki, Kobaninin itirilməsi heç də İŞİD-in tam məğlub olması anlamına gəlmir və onlar hələ kifayət qədər güclüdürlər.

İŞİD-in əvəzinə 60 minlik silahlı dəstələr…

İŞİD-in nəinki İraq, Suriya, həm də qonşu ölkələr üçün təhlükə mənbəyinə çevrilməsi başda ABŞ və onun müttəfiqi İsrail də olmaqla Əsəd rejiminə qarşı çıxan dövlətləri bölgədəki taktikalarını dəyişdirməyə məcbur etməkdədir. Bununla bağlı mətbuata sızan bəzi məlumatlara görə, Qərb ölkələrinin xüsusi xidmət orqanları və bəzi ərəb dövlətləri Əsəd rejimini devirmək üçün Suriyadakı silahlı dəstələrdən 60 min nəfərlik hərbi  güc formalaşdırmaq niyyətindədirlər. Əsədə qarşı çıxan ölkələrin belə bir niyyətdə olmasını Livanın “Əl-Mayadeen” telekanalının yaydığı məlumat da təsdiq edir.  “Əl-Mayadeen”in bildirdiyinə görə, yaxın zamanlarda Qərb xüsusi xidmət orqanları və bəzi ərəb dövlətləri Suriyanın cənubundakı silahlı dəstələri bir araya gətirərək, Əsəd rejiminə qarşı yeni cəbhə açacaqlar. Sayı 60 min nəfərdən ibarət olacaq bu silahlı qüvvələrin əsas məqsədi Əsəd rejimini birdəfəlik devirmək olacaq. Yeni hərbi güc mərkəzinin həmçinin  vaxtilə Qərb tərəfindən Əsədə qarşı mübarizə məqsədi ilə yaradılan, sonra isə onların nəzarətindən çıxan İŞİD-i əvəz edəcəyi ehtimal edilir. Yenə də “Əl- Mayedeen” telekanalının iddiasına görə, yaradılacaq 60 min silahlı qüvvənin artıq 10 min nəfəri İordaniya ərazisində “Yarmuk” adı altında hərbi təlim keçib və onların yaxın günlərdə Suriyanın cənub-qərbindəki Dera şəhərinə göndərilməsi gözlənilir. Bu arada isə məlum olub ki, Əsədə qarşı vuruşacaq yeni orduya Səudiyyə Ərəbistanı maliyyə və hərbi-texniki yardım göstərilməsini öz üzərinə götürüb. 37 briqadadan ibarət olacaq 60 min nəfərlik silahlı qruplaşmaya isə Ziyad Hariri adlı birisinin komandanlıq edəcəyi iddia edilir. İordaniya ilə yanaşı, Səudiyyə Ərəbistanındakı hərbi təlim mərkəzlərində də yeni ordu üçün silahlı dəstələrə təlim keçildiyi və onlar üçün kadr hazırlandığı da yayılan məlumatlar arasındadır. Öz növbəsində, İranda nəşr olunan “Kayhan” nəşrinin yazdığına görə, yeni silahlı dəstələrin yaradılmasında İsrail xüsusi xidmət orqanları da yaxından iştirak edirlər. “Kayhan”ın iddiasına görə, İsrail xüsusi xidmət orqanları Əsəd rejiminə qarşı döyüşən silahlı dəstələrə, o cümlədən  İŞİD və “Cəbhət əl-Nusra”ya müxtəlif yollarla hərbi texniki və maliyyə yardımları göstərirlər.

Amma Suriyada Əsəd rejiminə qarşı yeni hərbi güc mərkəzinin yaradılmasında Qərb ölkələri də pərdə arxasından yardım etməkdədirlər. Məsələn, Fransanın” Fiqaro” qəzetinin yazdığına görə, Suriyadakı silahlı dəstlərə qoşulanların sayı ildən-ilə artır. Bununla bağlı “Fiqaro” yazır ki, 2014-2015-ci illərdə Fransadan İŞİD və digər silahlı dəsətələrin tərkibində vuruşmaq üçün gedənlərin sayı daha 555 nəfər artaraq 1281 nəfərə çatıb. Məsələni xüsusi nəzarətdə saxlayan Fransa polisinin xüsusi təyinatlı şöbəsinin verdiyi məlumata görə isə, hər həftə azı 10-15 nəfər silahlı dəstələrin tərkibində vuruşmaq üçün Suriyaya gedir. Qərb mətbuatının məlumatına görə, Suriyadakı silahlı müxalifət dəstələrinin tərkibində Avropadan təxminən 12-15 min nəfər könüllü döyüşür.

İŞİD silahlı dəstələrini yenidən qruplaşdırır

Kobaninin PKK yönümlü silahlı dəstələri tərəfindən ələ keçirilməsindən sonra İŞİD tədricən Suriyanın şimalına və Hələb ətrafına doğru geri çəkilməkdədir. Onların  gözlənilmədən belə bir taktikaya əl atması və bir çox əraziləri döyüşsüz tərk etmələri, öz növbəsində, çoxlu sayda suallar ortaya çıxarıb. Belə güman edilir ki, Kobanidə aldığı ağır məğlubiyyətdən sonra İŞİD arasında ruhdan düşmə halları var və onar bundan sonra nə edəcəklərini belə bilmirlər. Ona görə də İŞİD-çilər təcili şəkildə Suriyanın şimalına toplaşırlar. Onların belə bir gözlənilməz hərəkəti isə hərbi ekspertlər tərəfindən müxtəlif ehtimalların ortaya atılmasına səbəb olub. Hərbi ekspertlərin əksəriyyəti belə hesab edir ki, son məğlubiyyətdən sonra İŞİD-in özünə gəlmək üçün zamana və qüvvələrini yenidən qruplaşdırmasına ehtiyac var.  Bəzi hərbi ekspertlər isə İŞİD-in tələsik şəkildə öz mövqelərini tərk edərək Suriyanın şimalına çəkilməsini Əsədə qarşı yeni cəbhə açacaq 60 min nəfərlik güc mərkəzinin yaradılması istiqamətində atılan addımlarla  izah edirlər. Amma bütün hallarda İŞİD-in son uğursuzluğunu onların siyasi səhnədən çəkilməsi ilə izah etmək sadəlövhlük olardı. İŞİD hələ Suriyada, həmçinin İraqda kifayət qədər güclüdür və onlar bir müddət də bölgə dövlətləri üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edəcəklər.

Rusiyanın vasitəçilik missiyası uğursuzluğa düçar olub

Qərb ölkələrinin və regiondakı bəzi ərəb dövlətlərinin Əsəd rejiminə qarşı mübarizədə İŞİD-i əvəz edə biləcək yeni hərbi güc mərkəzini formalaşdırmağa cəhd etdikləri bir vaxtda Rusiya hər vasitə ilə rejim əleyhdarları olan gücləri neytrallaşdırmağa cəhd edir. Bu çərçivədə də Suriya müxalifətinin Əsədə münasibətdə daha yumşaq hesab edilən qanadının nümayəndələrini Moskvaya dəvət edən Rusiya bununla da əks güclər arasında vasitəçilik missiyasını həyata keçirməyə cəhd edib. Lakin Suriya müxalifətinin yumşaq qanadının nümayəndələri ilə Əsədi təmsil edən rəsmilər arasında ortaq məxrəcə gəlmək mümkün olmayıb. İş orasındadır ki, Əsədi təmsil edən nümayəndə heyəti Moskvada müxalifətə münasibətdə hər hansı güzəştə getməyəcəyini bəyan edib. Onlar hazırda həbsxana həyatı yaşayan müxalifət liderləri Əbdül Əziz əl-Xeyra, Racaa an-Nasra və Lyuey Hüseyni azad etməyəcəklərini öncədən qarşı tərəfin diqqətinə çatdırıblar. Öz növbəsində, Rusiya Moskva danışıqlarında iştirak edən Suriya müxalifəti nümayəndələrinə Əsəd rejiminin legitimliyini sübut eməyə yönələn keçid hökumətinin yaradılmasını təklif edib. Bu məqsədlə də Moskva rejimə loyal olan müxalifətin qarşıdurmaya son qoymaq üçün Əsədin ətrafında birləşməsinin vacibliyini bildirib. Təbii ki, Rusiyanın tərəflər arasında vasitəçidən daha çox, açıq şəkildə Əsəd rejimini müdafiə edən təkliflərlə çıxış etməsi və iqtidar nümayəndələrinin yumşaq müxalifətə münasibətdə belə hər hansı güzəştə getmək  niyyətində olmadıqlarını nümayiş etdirməsi danışıqların uğursuz başa çatmasına səbəb olub. Bununla belə, Moskva Əsəd rejimini xilas etmək üçün yollar axtarmaqda davam edir. Belə ehtimal etmək olar ki, Qərbin Əsədi devirmək üçün yeni hərbi güc mərkəzini formalaşdırmağa başlaması və buna paralel olaraq, Rusiya və İranın Əsəd rejimini dəstəkləməkdə davam etməsi bölgədə sülhün əldə edilməsinə hələ uzun illər imkan verməyəcək.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here