Türkmənistan… narahatdır

0
224
Son illərdə MDB məkanın ən sakit ölkələrindən biri olan və qurumdaxili hər hansı bir hərbi-siyasi qurumlara qoşulmayaraq neytral dövlətçilik siyasətini uğurla davam etdirən Türkmənistanla Rusiya arasında münasibətlər get-gedə soyumaqdadır.
 Buna da səbəb Rusiyanın müxtəlif yollarla Türkmənistanın daxili işlərinə müdaxilə etmək, adıçəkilən ölkəni yenidən imperiyanın əlavəsinə çevirmək cəhdləridir. Bu çərçivədə də Türkmənistanla Rusiya arasında 12 ildən artıq bir müddət ərzində həllini tapmayan ikili vətəndaşlıq problemi Aşqabad və Moskva münasibətlərinə xoşagəlməz təsir göstərməkdə davam edir. Bunu ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla onun türkmən həmkarı Rəşid Meredov arasında Aşqabadda keçirilən müzakirələr də sübut etməkdədir.  Müzakirələr başa çatandan sonra Sergey Lavrov mətbuata verdiyi açıqlamasında bildirib ki, Türkmənistan və Rusiya arasında ikili vətəndaşlıqla bağlı məsləhətləşmələr davam edir.

Sergey Lavrov: “Biz ötən ilin sentyabr ayının 29-da iki ölkə prezidentləri arasında əldə edilən razılığa və onlar tərəfindən bizə verilən göstərişə əsasən, məsələ tam şəkildə həllini tapana kimi müzakirələri davam etdirəcəyik”,-deyib.

Lavrov həmçinin qeyd edib ki, Aşqabaddakı danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi barədə razılıq əldə edilib. Lavrovun Aşqabada səfərinin sonunda Türkmənistanla Rusiya xarici işlər nazirləri arasında əməkdaşlıq proqramı imzalanıb.

Xatırladaq ki, Türkmənistanla Rusiya arasında ikili vətəndaşlıq barədə sənəd 1993-cü ildə imzalanmışdı. O vaxt belə bir sənədi imzalayarkən Rusiya Türkmənistanı qısa müddətdə yenidən müstəmləkəsinə çevirəcəyinə ümid edirdi. Öz növbəsində, SSRİ-nin dağılmasından sonra müəyyən iqtisadi və siyasi problemlərlə üzləşən Türkmənistan da bu yolla Rusiyanın ölkəsinə təzyiqlərini azaltmaq niyyətində idi. Amma üstündən 10 il ötəndən sonra Türkmənistan rəhbərliyi ikili vətəndaşlıq haqqında sənədin ölkənin təhlükəsizliyi və suverenliyi üçün əlavə problemlər ortaya çıxaracağını nəzərə alaraq, onun ləğv edilməsini Moskvadan tələb etməyə başladı. Bu isə Putin Rusiyasının maraqlarına cavab vermirdi. 2003-cü ildə türkmən qazının Avropaya nəqli məsələsi ciddi şəkildə gündəmə gəldi. Hadisələrin gözlənilməz istiqamətdə inkişaf etdiyini görən Rusiya dərhal hərəkətə keçərək bunun qabağını almaq üçün müxtəlif cəhdlərə baş vurmağa başladı. Rusiya türkmən qazını almaq barədə Türkmənistanla danışıqlar aparmağa başladı. Türkmənistan isə bundan  istifadə edərək, ikili vətəndaşlıq barədə sənədin qüvvədən düşməsini qarşı tərəfin qarşısında şərt kimi qoydu.

Bununla da 2003-cü ildə Moskva ilə Aşqabad arasında ikili vətəndaşlıq məsələsi ilə bağlı özünəməxsus bir “alver getdi”. Belə ki, 2003-cü ildə “Qazprom”la “Turkmenneftqaz” arasında imzalanan anlaşmaya əsasən, Rusiya 2028-ci ilə kimi Türkmənistandan 90 milyard kubmetr qaz almalı idi. Türkmənistan bunun əvəzində ikili vətəndaşlığın ləğvi ilə bağlı sənəd imzalanmasını tələb etdi. Türkmən qazının Avropaya yolunu kəsmək üçün Rusiya Türkmənistanın şərtini qəbul etməyə məcbur oldu. Nəticədə iki ölkə arasında 1993-cü ildə imzalanan ikili vətəndaşlıq barədə sənədin qüvvədən düşməsi barədə 2003-cü ildə müvafiq sənəd imzalandı. Lakin belə bir sənədi imzalamasına baxmayaraq, Rusiya vədinə əməl etmədi. Öz növbəsində, sənədin imzalanmasından az sonra Aşqabad 1993-cü ildə razılaşdırılan ikili vətəndaşlığın qüvvədən düşməsini qanuniləşdirmək üçün onu parlamentdə ratfikasiya etdi. Rusiya isə bununla bağlı sənədi parlamentin müzakirəsinə çıxarmaqdan imtina etməkdə davam edir.

Buna paralel olaraq, Rusiyanın Türkmənistandakı səfiri yenə də həmin dövrdə ikili vətəndaşlıqla bağlı pasportların verilməsini davam etdirməkdə idi. Səfir bunun iki ölkə arasında ikili vətəndaşlığın qüvvədən düşməsi ilə bağlı imzalanan sənədin Rusiya parlamentində ratifikasiya edilməməsi ilə əlaqələndirdi.

2008-ci ildə Rusiyanın ikili vətəndaşlığı olanların müdafiəsi məqsədi ilə Gürcüstana qoşun yeritməsi Türkmənistanda da bu problemin  həlli məsələsini qarşısıalınmaz zərurət kimi ortaya çıxardı. Türkmənistan bu problemi hansı yolla həll etmək üçün 5 il ərzində yollar axtardı. Bu arada isə türkmən qazının Avropaya nəqlinin qarşısını ala bilməyəcəyini anlayan Rusiya müxtəlif bəhanələrlə türkmən qazını almaqdan imtina etməyə başladı. İkili vətəndaşlıq problemindən yaxa qurtarmaq istəyən Türkmənistan isə, nəhayət, bundan çıxış yolu tapa bildi.

Belə ki, Türkmənistan rəhbərliyi 2013-cü ildə ölkədəki köhnə pasportların dəyişdirilməsi və yenilərinin verilməsi prosesinə start verərək, bu yolla ikili vətəndaşlığı olan şəxslərin ya Rusiyanı, ya da Türkmənistanı seçməyə məcbur etmək qərarına gəldi. Türkmənistanın bu hərəkəti isə Moskvada narazılıqla qarşılanmaqdadır. Məsələyə Putinin müdaxilə etməsindən və onun Berdıməhəmmədovla apardığı danışıqlardan sonra Aşqabad məsələni yenidən dondurmağa məcbur oldu. Amma 2015-ci ilin ilk günlərindən ikili vətəndaşlıq məsələsini Türkmənistan yenidən gündəmə gətirib. Təbii ki, Rusiya Türkmənistanın bu hərəkətini həzm edə bilmir. Türkmənistanın ikili vətəndaşlıqla bağlı məsələdə qəti addımlar atmaqda olduğunu görən Rusiya xarici işlər naziri Sergey Lavrov Prezident Putinin göstərişi ilə Pekindən Moskvaya qayıdarkən yolüstü Aşqabada enərək burada problemi həll etmək üçün təcili şəkildə danışıqlara başlamağa məcbur oldu.

Hələlik, mətbuata verdiyi açıqlamada Lavrovun Aşqabadda apardığı danışıqlardan məmnun olduğunu söyləməsinə baxmayaraq, ikili vətəndaşlıqla bağlı problemin aradan qaldırıldığını düşünmək sadəlövhlük olardı. İş orasındadır ki, Türkmənistan Rusiyanın ikili vətəndaşlığın ləğvi ilə bağlı 2003-cü ildə iki ölkə arasında imzalanan anlaşmaya əməl etməsini istəyir. Çünki Türkmənistan Moskvanın bölgədə ikili vətəndaşlıq amilindən istifadə edərək hansısa təxribata əl ata biləcəyindən narahatdır. Belə bir vəziyyətdə Lavrovun Aşqabadda məsələ ilə bağlı apardığı danışıqlardan məmnun görünməsi, zənnimizcə, müvəqqəti xarakter daşıyır və bu yolla problemin həll ediləcəyinə inanmaq çətindir. Siyasi müşahidəçilərin əksəriyyətinin fikrincə, yaranmış vəziyyətdən yeganə çıxış yolu Rusiyanın ikili vətəndaşlığın qüvvədən düşməsi ilə bağlı 12 il əvvəl Türkmənistanla imzalanan anlaşmanı yerinə yetirməsi və bununla bağlı Aşqabada göstərdiyi təzyiqlərə son qoyması ola bilər. Əks halda, Aşqabadla Moskva arasında ziddiyyətlər dərinləşməkdə davam edəcək.

ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here