Dünyanın məşhur müsəlman alimləri: İbn Sina (1)

0
168
Onun adı dünya tibb tarixinə qızıl hərflərlə yazılıb və o özündən sonra  hələ min illər bundan sonra müraciət ediləcək, araşdırılacaq tibbi xəzinə qoyub gedib.
 Elm və texnikanın sürətli inkişafına baxmayaraq, bu gün də belə tibb dünyası ən sağalmaz xəstəliklərin, o cümlədən bəşəriyyətin bəlasına çevrilən və son illərdə sürətlə yayılmaqda olan xərçəng, xalq arasında sarılıq xəstəliyi ilə tanınan hepatitin müxtəlif formalarının, şəkər, xroniki böyrək çatışmazlığı və digərlərinin müalicəsini tapmaq üçün onun əsərlərinə dönə-dönə müraciət edirlər. Onun tibb aləmində böyüklüyünü, dahiliyini xərçəng xəstəliyinin 26 formasını müəyyən etməsi və onları təbii yollarla müalicə etməsi də məlumdur. Müxtəlif otlardan hazırladığı dərmanlarla bəşəriyyətin bu gün belə müalicə edə bilmədiyi bu qorxunc xəstəliyə tutulanları sağaldan məşhur tibb alimi üçün müalicəsi mümkün olmayan xəstəlik yox idi. Çox təəssüflər olsun ki, onun xəstələrin müalicəsində istifadə etdiyi ot bitkilərinin çoxu günümüzə qədər gəlib çatmayıb, çatanların da bəzilərinin hansı ot bitkisi olmasını tibb alimləri müəyyən etməkdə çətinlik çəkirlər. Bu  məşhur tübb aliminin tibbə aid yazdığı əsərlər ötən əsrin 20-ci illərinə kimi Avropanın müxtəlif tibb universitetlərində dərslik kimi istifadə edilib. Türk-islam aləminin bəşəriyyətin elmi xəzinəsinə bəxş etdiyi, bu günə kimi olan və bu gündən sonra gələcək nəsillərin də tibb dahisi olaraq qalmaqda davam edəcəyi məşhur tibb alimi qədim türk torpağı olan Buxara yaxınlığındakı Əfşan kəndində o dövr üçün mükəmməl təhsil alan türk ailəsində anadan olan Əli Hüseyn ibn Abdullah ibn Əli ibn Sinadır.Qərbin riyakarlığı

Qərb dünyasında Avitsenna kimi tanınən 980-ci ilin sentyabr ayında Buxara yaxınlığındakı Əfşan kəndində ərəb və fars dillərini yaxşı bilən ziyalı türk ailəsində anadan olan İbn Sina və ya Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sinanı təəssüflər olsun ki, rus və Qərb mənbələrində tacik-fars kimi qələmə verirlər. Bunun da səbəbi Qərb və Rusiyanın türklər arasından çıxan dahiləri həzm edə bilməməsidir. Bəzən bunu o dövrdə yaşayan və türk islam dünyasının  bəşəriyyətə verdiyi dahilərin əsərlərini fars və ərəb dillərində yazmaları ilə izah edirlər. Amma o dövrdə ərəb və fars dili indiki Avropada və dünyada ingilis dili geniş yayıldığı kimi, Şərqdə geniş yayılmışdı. Müxtəlif millətlərin nümayəndələrinin fars dilində yazdığına görə onun millətini də fars kimi qələmə versək, onda gərək bu gün dünyanın ingilis dilində ölməz sənət əsərləri yaradan dahi sənət adamlarının, sənətkarların da hamısını ingilis hesab edək.

Nəhayət, xatırladaq ki, türk olduqları heç bir şübhə doğurmayan Səlcuqlu İmperiyasında sarayda fars dilindən istifadə edilib.1274-cü ilə kimi türk  hökmdarlarının saraylarında fars dili işlənib və onların türk olduğunu heç bir Qərb və ya rus tarixçisi şübhə altına almır. Amma söhbət türklər arasından çıxan dahilərə gələndə heç bir əsas gətirmədən dərhal onları fars kimi qələmə verməyə cəhd edilir. Halbuki ərəb dilində yazdıqlarına və özlərinin ata, soyad mənsubiyyətini bildirmək üçün ərəblərdə qəbul edilən kimi ibndən (oğlu) istifadə etdiklərinə görə onları ərəb də hesab etmək olardı. Bu baxımdan Qərb və rus mənbələrində İbn Sina və digər tanınmış dahi elm alimlərinin türk deyil, fars adlandırılması heç bir məntiqə və elmi əsaslara söykənmir.

İbn Sina anadan olanda atası onun adını Hüseyn qoymuş yanına ləqəb kimi Əli adını əlavə etmişdi.

Üstündən illər ötəndən sonra İbn Sina öz tərcümeyi-halında yazır: “Mənim atam Bəlx şəhərindən idi. O, Samanlı hökmdarı Nuh ibn Mənsurun hakimiyyəti dövründə Bəlxdən Buxaraya köçüb gəlmişdi. Atam burada hökmdar dəftərxanasında işləyirdi. Ona Buxara ətrafındakı mərkəzi Hırmasan ( Harmaysan) olan bölgəni idarə etmək tapşırılmışdı. Atam yaxınlıqdakı Əfşan kəndində yaşayan Sitarə adlı anamla ailə həyatı qurmuşdu. Əvvəlcə, orada mən, sonra da qardaşım anadan olub”.

Qeyd edək ki, Bəlx şəhəri həmin dövrdə türklərin yaşadığı ən böyük şəhərlərdən biri idi. İbn Sinanın atasının saraya dəvət edilməsi də savadlı və elmli olması ilə bağlı idi.

10 yaşlı istedad hafiz

O vaxt hələ Hüseyn kimi tanınan gələcəyin böyük dahisinin istedadı lap uşaq yaşlarından üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: “Niyə?” O sonralar bütün ömrü boyu o, müxtəlif “niyə”lərə cavab axtarıb. Valideynlərinin Buxaraya köçməsi isə gələcəyin dahisi olacaq balaca Hüseynin istedadının üzə çıxarılmasında önəmli rol oynadı. Buxara həmin dövrdə yalnız Samanlı dövlətinin deyil, həm də bütün Türküstanın və bölgə ölkələrinin elm, mədəniyyət sivilizasiya mərkəzi hesab edilirdi . Müqayisə üçün deyək ki, həmin dövrdə Buxarada dünyanın ən böyük kitabxanalarından biri yerləşirdi. Burada çoxlu sayda o dövrdə elm mərkəzləri hesab edilən mədrəsələr vardı. Bu mədrəsələri indiki dövrün ali məktəbləri ilə müqayisə etmək olar. Çünki həmin mədrəsələrdə bütün elmlər tədris olunurdu. Buraya dünyanın müxtəlif yerlərindən elm və incəsənət adamları – filosoflar, arxitektorlar, həkimlər, şairlər gəlir. Onlar çox zəngin saray kitabxanasından istifadə edir, elmi məclislər təşkil edir, müxtəlif elmlər barədə müzakirələr aparır, fikir mübadiləsi edirdilər.

Belə bir mühitə düşməsi balaca Hüseynin gələcək taleyində önəmli rol oynadı. Buxarada balaca Hüseyni, əvvəlcə, şəhərdə məşhur olan mədrəsə-məktəblərindən birində oxumağa qoydular. Mədrəsə-məktəbdə o dövrün tanınmış alimi və ziyalısı hətib Ubayd dərs deyirdi. Hüseyn Ubaydın şagirdləri arasında ən balacası idi. Uşaqlara, əvvəlcə, ərəb dilində yazmağı və oxumağı öyrədir, sonra isə Qurani Kərimdən surələri əzbərlədirdilər. Hüseyn qısa müddətdə ərəb dilində yazmağı və oxumağı öyrəndi. Ancaq hər şeyi bilməyə çalışan Hüseyn dərslərdə müəlliminə sualı sual dalınca yağdırır, hətta özündən yaşlı uşaqların belə bilmədiklərini ondan soruşur, hər şeyi bilməyə çalışırdı. Onun suallarından yorulan hətib Ubayd sonda  Hüseynə Qurani-Kərimi öyrənməsini və orada bütün suallara cavab ala biləcəyini deməklə ondan müvəqqəti də olsa canını qurtara bildi. Amma bir neçə aydan sonra hətib Ubayd dərsdə yenidən Hüseynin sual verdiyini görəndə: “Axı sənə dedim ki, Qurani-Kərimi oxu, orada suallarına cavab tapacaqsan demişdim”,-deyə ona tapşırığını xatırlatdı. Hüseyn isə sakitcəsinə: “Müəllim, mən Qurani- Kərimi öyrəndim, olarmı indi sual verim”,-dedi. Tanınmış alim və ziyalı olan hətib Ubayd onun bu cavabından özünü itirərək: “ Necə yəni, qısa müddətdə Qurani-Kərimi öyrənmisən?”-deyə təəccüblə soruşdu. Hüseyn Qurani-Kərimdən surələri əzbərləməyə başlayanda Ubayd yerində donub qalmışdı. Şagirdlərinin illərlə öyrənməyə, əzbərləməyə çalışdıqları Qurani-Kərimi Hüseyn bir neçə ayda öyrənmiş və üstəlik, əzbərləmişdi də. Ubayd gözlərinə və qulaqlarına uzun müddət inana bilmədi. O Hüseynin atasını yanına çağıraraq: “Sizin bu balaca oğlunuzun məktəbə gəlməyə artıq ehtiyacı yoxdur. O nəinki mənim öyrətdiklərimi, hətta öyrətmədiklərimi və bilmədiklərimi belə bilir. Ona mən öyrədəsl şey tapmıram və əslində özümün də ondan öyrənməyə ehtiyacımın olduğunu etiraf edirəm.  Oğlunuz burada bundan sonra da qalsa yeni heç nə öyrənə bilməyərək istedadını məhv edəcək. Yaxşı olar ki, oğlunuza daha güclü müəllimlər tapın”,-demişdi.

Sonralar Hüseyn bu hadisə ilə bağlı belə yazmışdı: “10 yaşım olanda Qurani-Kərimi, ədəbiyyatı və digər elmləri öyrəndim. Amma bildiklərimi müəllimlərimə deyəndə onlar mənə heyran olmuş və eyni zamanda özlərini itirmişdilər”.

Hüseynin atası oğlunun erkən yaşdan elmin sirlərinə yiyələnməsini biləndən sonra Ubaydın  tövsiyəsinə qulaq asaraq, oğlunu öz evinə gətirdi və ona müəllim tutaraq, evdə digər elmləri də öyrənməkdə yardım etməyə başladı. Qısa müddətdə Hüseyn evdə riyaziyyat, məntiq, loqika, astronomiya, fəlsəfə, coğrafiya və digər elmlərə mükəmməl yiyələndi. Atası tərəfindən məhəbbətlə Əli çağırılan və müəllimləri tərəfindən də daha çox qısaca olaraq Əli ibn Sina kimi tanınan və qələcəyin məşhur tibb alimi kimi yetişməsində atasının tanışı, İsmaili təriqətindən olan Əbu Abdullah an-Natilinin də əməyi böyük oldu. Müəlliminin yanında riyaziyyat və fəlsəfə elmlərini öyrənən  Əli ibn Sina müəllimini heyrətə salmışdı.  Əli ibn Sina bununla bağlı sonralar yazırdı: “Bir dəfə riyazi tapşırığı müəllimimə məlum olmayan yolla həll etdim. O bunu görüb özünü itirdi, sonra da valideynlərimə dedi ki, mənə yalnız elmlə məşğul olmaqda yardım etsinlər. Natili bəzi şeyləri mənə öyrətməkdə çətinlik çəkirdi. Ona görə də mən özüm belə misal və məsələlərin həlli yollarını öyrənir və həll edirdim”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here