Əfran İsmayılov: “İnter”in gələcəyi haqda danışmaq hələ çox tezdir”

0
211

Əfran İsmayılov hələ 10 yaşı olanda futbolla məşğul olmağa başlayıb. Onun ilk futbol müəllimi, təcrübəli məşqçi Rövşən Qasımov olub. Məhz Rövşən müəllimin rəhəbərliyi altında Əfran futbolun sirlərinə yiyələnib. Əfran İsmayılov 2006-cı ildə Ağdamın “Qarabağ” klubunda futbolçu seçimlərinə qatılıb. Türkiyəli məşqçilərin rəhbərlik etdiyi seçimlərdə özünü yaxşı tərəfdən göstərən futbolçu “Qarabağ” klubuna qəbul olunub. Bir il əvəzedici komandada çıxış etdikdən sonra 2007-ci ildə əsas komandaya cəlb olunub. Əfran İsmayılov 2008-ci ildə icarə əsasında Tovuzun “Turan” komandasına keçib. Tovuz klubunda oyun təcrübəsi qazanan futbolçu bir ildən sonra yenidən “Qarabağ” klubuna qayıdıb. 2012-ci ilə qədər “Qarabağ”ın əsas heyətin əvəzedilməz futbolçularından biri olub. “Qarabağ”da çıxış etdiyi 4 mövsüm ərzində Azərbaycan Premyer Liqasında 86 dəfə forma geyinən Əfran 24 dəfə rəqib qapılarından top keçirməyi bacarıb. İsmayılov 2010-cu ildən etibarən Futbol üzrə Azərbaycan millisinə dəvət almağa başladı. Daha öncələr U-21-in şərəfini qorumuş İsmayılov əsas millidə oynadığı 18 maçtda 1 qol vurub. 2013-cü ildə “Qarabağ”dan ayrılaraq “Bakı” klubu ilə iki illik müqavilə imzalayan İsmayılov 2014-cü ilin yay ayında “Xəzər Lənkəran” klubuna transfer olundu. Lənkəran təmsilçisinin strategiyasını dəyişməsi ilə əlaqədar olaraq Əfran yenidən komandasını dəyişməli oldu və 2015-ci ilin yanvar ayında Bakının “İnter” komandası ilə altı aylıq müqavilə imzaladı. Üçüncü dövrənin startında yeni komandasının ilk “on səkkizliyində” yer almayan təcrübəli yarımmüdafiəçi ilə əlaqə qurduq. Yarımmüdafiəçi gələcək planları, altı aylıq müqaviləsi haqqında danışdı və başqa suallarımıza cavab verdi.       – Topaz Premyer Liqasının üçüncü dövrəsinin startında Bakının “İnter” klubu Sumqayıtın eyniadlı komandasına qarşı oynadı. Siz yeni komanda debüt edə bilmədiniz. Hətta ilk “on səkkizlikində” sizin adınız yox idi. Komandaya kömək edə bilməməyinizin səbəbi nədir? – Bu oyunda 2-3 gün qabaq ayağımda yüngül ağrılar hiss etdim. Ağrıların daha da kəskinləşəcəyindən qorxub klubun həkiminə müraciət etdim. Həkim məni müayinə etdikdən sonra dedi ki, səndə yükləmələr çox olub. Ona görə də sənin hələ bir neçə oyun istirahət etməyin məsləhətdir. Buna görə də “İnter”in “Sumqayıt”la oyununu buraxmalı oldu. – “İnter”lə ilk oyuna çıxacağın tarix məlumdurmu? Həkimlər sənə hələ neçə həftə istirahət edəcəyini dedilər? – Fevralın 7-də “İnter” Lənkəran səfərinə yollanacaq. Bu oyunun gərgin keçəcəyini hər kəs bilir. Lənkəran səfəri bütün klublar üçün hər zaman ağır olub. Mən də yeni komandama kömək etmək istəyərdim, ancaq həkimlər mənim uzaq səfərə çıxmağımı məsləhət görmürlər. Ona görədə mən bu oyunu da buraxmalı olacam. Topaz Premyer Liqasının 21-ci turunda isə bizim komanda istirahət edəcək. İnşallah mən 22-ci turda – fevralın 15-də yeni komandamda dübüt edəcəm. Əslində mən indi də oynamağa hazıram. Ancaq həkimlər risk etmək istəmirlər. – 2014-cü ilin yay ayında “Xəzər Lənkəran”la iki illik müqavilə imzaladın. Ancaq altı aydan sonra bu klubu tərk etdin. Komandanın strategiyasını dəyişməsi Ləkərandan ayrılmağının tək səbəbidir? – Əslində orada heç bir problem yaşanmadı. Sadəcə olaraq komanda rəhbərliyi qərarara aldı ki, daha çox gənclərə güvənsin. Büdcəli futbolçuları klubdan ayrılması istəndi. Biz peşəkar futbolçularıq və rəhbərliyin qərarına hörmətlə yanaşdıq. Bu qərardan sonra müqaviləni qarşılıqlı şəklidə ləğv etdik. Yəni bir daha deyirəm ki, mənim ordan ayrılmağım tək səbəbi komanda rəhbərliyinin qərarı oldu. Mən özüm istəyərək klubdan ayrılmadım. – Yəqin ki, siz “İnter”in “Sumqayıt”la oyununa canlı baxmısınız. Komandanızın bu oyunda qələbə qazana bilməməsini nə ilə əlaqələndirirsən? – Bu oyunun ağır keçəcəyini bilirdik. Düzdü, çoxları deyə bilər ki, “İnter” matçda böyük hesabla qələbə qazanmalı idi. Ancaq bu təmamilə yalnış fikirdir. Fasilədən sonraki oyunlar həmişə çətin olur. “Neftçi”nin AZAL komandasına məğlubiyyəti mənim sözlərimi bir daha təsdiq edir. Futbolda belə şeylər olur. Biz təlim-məşq toplanışından yeni qayıtmışıq. Orada biz təbii meydançada oynayırdıq. Topaz Premyer Liqasında isə matçların əksəriyyəti süni meydançada oynanılır. Bunların hamısını nəzərə almaq lazımdır. Bir də hazırlıqdan sonra futbolçuların üzərində yorğunluq var idi. Biz çox qısa zaman aralığında bir neçə yoldaşlıq görüşü oynamışdıq. Buna görə də futbolçularımız yorğun idi. Mən belə düşünürəm ki, bu oyunu tez bir zamanda unutmaq lazımdır. Gərgin oyunlar hələ qabaqdadır. – “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra sənə bir çox komandadan təkliflər gəldi. Bunların içərisində Türkiyə PTT liqasının da klubları var idi. Bilmək olarmı Türkiyənin hansı klubları səni öz heyətində görmək istəyirdi? – Bu sualı mənə çox adam ünvanlayır. Ancaq bilirsiniz mən “İnter”lə rəsmi müqaviləyə qol çəkmişəm. Buna görə də o klubların adını açıqlamaq istəmirəm. Əgər müqavilə bağlamasaydım o kllublar barədə məlumat verərdim. Ancaq mən heç kəsə hörmətsizlik etmək istəmirəm, buna görə də ad açıqlamayacağam. Bu mövzu artıq mənim üçün bağlanıb. Hazırda yeganə istəyim “İnter” klubunda tezliklə dübüt edərək, yeni komandama kömək etməkdir. – “Qarabağ”dan Rauf Əliyevlə birlikdə ayrılıb “Bakı”ya keçdiniz. Daha sonra yenə Rauf Əliyevlə birlikdə “Bakı”dan ayrılaraq, “Xəzər Lənkəran”a transfer oldunuz. Hər kəs belə düşünürdü ki, Rauf Əliyevlə Əfran İsmayılov yenə eyni klubda çıxış edəcək. Amma 2015-ci ildə sən “İnter”ə, Rauf isə “Neftçi”yə transfer oldu. Raufla birlikdə eyni komanda da çıxış etmək sənə daha asan gəlir? – Bu halı hamı qəribə qarşılayır. Ancaq burada qeyri-adi bir şey yoxdur. Bu futboldur. Futbolda ən ayxın komanda yoldaşıdan ayrı düşüb daha sonra meydanda ona rəqib ola bilərsən. Siz də dediyiniz kimi, Rauf “Neftçi”ni, mən isə “İnter”i seçdim. Amma biz Raufla yenə hər zaman bir yerdəyik. Mən deyərdim ki, biz dost yox, qardaşıq. Ola bilər ki, biz futbol oyunu zamanı rəqib olacağıq, ancaq bu rəqabət meydaça daxilndə hiss ediləcək. Oyundan sonra biz yenə dost və qardaşıq. Raufla oymanaq mənə daha asan olur. Biz uzun illər bir yerdə futbol oynamışıq. Mən deyərdim ki, Rauf Əliyev Azərbaycanın bir nömrəli hücumçusudur. Azərbaycanda hücumçu deyəndə ilk növbədə hamının ağılına Rauf Əliyev gəlir. Buna görə də onunla oynamaq daha rahat olur. – “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin mövsümün sonunda komandadan ayrılacağı artıq hər kəsə məlumdur. Baş məşqçi dəyişikliyi “İnter”ə necə təsir edəcək? – Bilirsiniz, mən də məhz bu səbəbdən cəmi altıaylıq müqavilə imzalamışam. Altı aydan sonra Kaxaber Sxadadze Bakını tərk edəcək. Onun yerinə kimin gələcəyi isə məlum deyil. Ancaq hələ Kaxanın getməyinə çox var. Biz çempionat oyunlarında maksimum xal toplayaraq Azərbaycan çempionu ünvanını qazanmağı planlaşdırırıq. Çempion ola bilməsək belə, avropakuboklarda iştirak etmək istəyirik. “İnter”in gələcəyi haqda danışmaq hələ çox tezdir. – “İnter”in orta xəttində Meza Kolli, Alvaro Mikel, Nizami Hacıyev kimi yarımmüdafiəçilər var. Əfran İsmayılov “İnter”in əsas heyətində özünə yer tapa biləcəkmi? – Rəqabət yaxşı şeydi. Rəqabətin olması futbolun kefiyətini artırır. Əsas odur ki, komandada hamı bir-biri ilə yaxşı anlaşır. Bizim klubda hər kəs “İnter” naminə çalışır. Futbolçular hər oyunda yalnızca qələbəni düşünürlər. Kimin əsas heyətdə oynayıb-oynamamasını isə baş məşqçi müəyyənləşdirir. Əsas odur ki, start heyətdə olan və yaxud oyuna sonradan daxil olan futbolçu komandanın uğurları üçün əlindən gələni əsirgəməsin. – Futbolsevərlər əvvəlki Əfran İsmayılovu “İnter”də görə biləcəklərmi? – Mən hər gün öz üzərimdə çalışıram. Yeganə məqsədim isə əvvəlki formamı geri qaytarmaqdıqır. “İnter”ə məhz bu səbədən gəlmişəm. Komandamızın baş məşqçisi Kaxaber Sxadadze özü məni komandaya dəvət etdi. Mən inanıram ki, Sxadadzenin rəhbərliyi altında əvvəlki formamım bərpa edə biləcəyəm. Düzdür, yenə xırda zədə oldu. Amma buna şükür, futbolda belə şeylər çox olur.  Heç kim zədədən sığortalanmayıb. Çalışacağam ki, zədəmi tez sağaldıb formamı bərpa edim.       Əsgər Hüseynov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here