“Tofiq Bəhramovu tanımayan varsa…”

0
389

Yanvarın 29-da Bakıda məşhur hakimimiz Tofiq Bəhramovun 90 illik yubileyi qeyd olundu. Bu tədbirə gələnlər arasında Rusiya Hakimlər Komitəsinin sabiq sədri, UEFA-nın Azərbaycan üzrə kuratoru Nikolay Levnikov, FİFA referisi, Belarus Futbol Federasiyasının Baş katibi Vadim Juk və ukraynalı sabiq FİFA referesi, 1982-ci ildə Dünya Çempionatının final mərhələsinin hakimi Miroslav Stupar da var idi. Elə bu tədbir çərçivəsində onlarla görüşmək, həmsöhbət olmaq bizə də nəsib oldu.

Əvvəlcə, Tofiq Bəhramovla bağlı ünvanladığımız suala cavab verən Nikolay Levnikov Tofiq Bəhramovu dünya futbol aləmində sözünü demiş hakim kimi xarakterizə etdi. Onun sözlərinə görə, Tofiq Bəhramov sovet dönəmində dünya çempionatına təyinat almış tək-tük hakimlərdən olub: “O, 1966-cı ildə Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin qolunu qeydə almaqla tarix yazıb. Onu da deyim ki, Tofiq Bəhramov iki dünya çempionatında oyunlar idarə edib. Azərbaycanlı bir hakimin iki dünya çempionatının iştirakçısı olması, “Qızıl fit”ə layiq görülməsi, bunlar sıradan olan adi hadisələr deyil… Tofiq müəllim öz hakimliyi ilə Azərbaycanı da tanıdıb. Elə bu gün də o, bu missiyanı yerinə yetirir”.

re1“Tofiq Bəhramovu tanımayan varsa, onun əsla futboldan, idmandan anlayışı yoxdur”, –  sözləri ilə söhbətə qoşulan Vadim Juk Tofiq Bəhramov haqqında düşüncələrini belə davam etdirdi: “O, məşhur hakim olanda biz hələ yeniyetmə idik. Tale sonradan məni onunla görüşdürdü. İlk dəfə Tofiq müəllimi görəndə, onun hərəkətlərinə fikri verəndə: “Məhz belə bir insan tarix yaza bilər”, – sözlərini pıçıldadım. Etiraf edim ki, o, bir hakim kimi mənə çox kömək edib. Odur ki, onun 90 illik yubiley tədbirində iştirak etməyi özümə borc bildim. Bir də bundan sonra bu dahi hakimlə bağlı harada tədbir keçirilsə, orada olmağa, onun xatirəsini yad etməyə həmişə hazıram.

Miroslav Stupar bildirdi ki, öz dövrünün ən məşhur hakimlərindən biri olan Tofiq Bəhramov yalnız Azərbaycana deyil, dünyaya məxsusdur: “Onun 1966-cı ildəki dünya çempionatında qeydə aldığı qol hələ də müzakirə olunur. Bu isə Tofiq Bəhramovun – onun simasında Azərbaycanın hər gün gündəmdə olmasından xəbər verir. Burada bir məqamı da vurğulamaq istəyirəm. Azərbaycan, onun rəsmiləri də Tofiq müəllimə böyük hörmət qoyur. Elə onun adına Bakı şəhərində stadionun olması, həmin stadionun qarşısında heykəlinin ucaldılması, belə tədbirlərin keçirilməsi bunun bariz nümunəsidir. Onu da deyim ki, mən biləni, dünyanın heç bir ölkəsində futbol hakiminə abidə ucaldılmayıb”.

“O, Rüstəm müəllimin yetirməsidir”

Daha sonra onlar bizim digər suallarımızı cavablandırdılar. Levnikovun fikrincə, Azərbaycanda Tofiq Bəhramov, Eldar Əzimzadədən sonra kifayət qədər tanınmış bir hakim də var: o da ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimovdur. Onun fikrincə, Əməkdar bədən tərbiyəsi və idman xadimi, hazırda Azərbaycan Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov bir hakim kimi işində çox ciddidir. Hətta mən deyərdim ki, onun Tofiq müəllimə oxşar cəhətləri də var. Bu da təbii ki, Rüstəm müəllimin Tofiq Bəhramovla uzun müddət ünsiyyətdə olmasından irəli gəlir. Onların mehriban münasibətləri illərlə davam edib. Hətta məndə olan məlumata görə, AFFA yarananda Tofiq Bəhramov Hakimlər Komitəsinin sədri, Rüstəm isə onun müavini olub. Daha sonra Rüstəm müəllim Hakimlər Komitəsinin sədri kimi fəaliyyət göstərib. Mənə elə gəlir ki, bu məsələdə Tofiq müəllimin də rolu böyük olub”.

Vadim Jukun sözlərinə görə, o, Rüstəm Rəhimovu ötən əsrin 80-ci illərindən tanıyır: “Rüstəm müəllim tarixə hörmətlə yanaşan bir şəxsiyyətdir. Bircə faktı deyim ki, elə Tofiq Bəhramovla bağlı tədbirlərin keçirilməsində onun misilsiz xidmətləri var. Belə tədbirləri keçirmək, mənim fikrimcə, hər bir insandan hakim dəqiqliyi tələb edir. Bu dəqiqliyi isə mən Rüstəm müəllimdə həmişə görürəm, istər o zamanlar, istərsə də indi… Hə, bir məsələni də qeyd edim. Rüstəm müəllim sözünə, vədinə bütöv adamdır. Odur ki, həmkarlarımız ondan söz düşəndə onu əsl kişi kimi xarakterizə edirlər.

re2Miroslav Stupar isə “Azərbaycanda Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimlərin yetişməsi üçün nə qədər vaxt lazımdır?” sualına belə cavab verdi: “Belə hakimlərin yetişdirmək heç də asan deyil. Mənim fikrimcə, onların yetişməsində özləri mühüm rol oynayıblar. Bir də onlar kimi hakimlik üçün, əgər belə demək mümkünsə, uzun bir yol qət etmək lazımdır. Bu yolda onlar elə bir kobud səhvə yol verməməlidirlər. Çünki səhv hər bir hakimin sonu deməkdir. Onu da deyim ki, səhv etməyən hakim olmur. Amma baxır necə səhv… Odur ki, mənim fikrimcə, bu işdə istedad, bacarıq mühüm rol oynayır. Elə Tofiq Bəhramovun, Eldar Əzimzadənin, Rüstəm Rəhimovun da bu sahədə tanınmasında onların istedadları öz sözünü deyib. Rüstəm müəllim də öz əməyi ilə belə hakimlər sırasına yüksəlib. Yəqin, bilirsiniz, sovet dönəmində Rüstəm Rəhimov on yaxşı hakimlərimizdən biri hesab olunub. Bu mənada, o, Tofiq Bəhramovun, Eldar Əzimzadənin layiqli davamçısı olub. Bu gün də Rüstəm müəllim öz təcrübəsini gənclərdən əsirgəmir. Amma nə gizlədim, hələlik, Azərbaycanda onlar kimi, daha doğrusu, dünya futbol arenasında sözünü deyən hakimlər görünmür”.

Vadim Juk isə onun dediklərini bu sözlərlə tamamladı: “Amma eşitdiyimə görə, Əliyar adlı bir hakiminiz, səhv etmirəmsə, Ağayev bu yolda daha israrlı görünür. Səhv etmirəmsə, o, Rüstəm müəllimin yetirməsidir”.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here