Üç ildir ki, maşında yatır

0
261
Bu dünyada hər kəs ona verilən ömür payını bir cür yaşayır. Yaxşı deyiblər ki, gərək sənə verilən ömür payını elə yaşayasan ki, dönüb arxaya baxanda peşmançılıq çəkməyəsən. Demək olar ki, yaşadığımız həyatda hər cür qəribəliklə rastlaşırıq. Bəzən rastlaşdığımız bu qəribəliklər bizi kədərləndirir, bəzən də təəccübləndirir. Elə bu günlərdə rastlaşdığımız bir hadisə bizi həm təəccübləndirdi, həm də düşündürdü.
Belə ki, Mingəçevir sakini, 50 yaşlı Vidadi Quliyev 3 ildir ki, köhnə, nasaz VAZ 2106 markalı avtomobilində gecələyir. Yəni, belə demək mümkünsə, maşında yaşayır. Belə ki, iki qız atası, 18 il ailəli olan Vidadi bir neçə ildir ki, ailə münaqişəsi zəminində ailəsindən ayrılıb. Ona görə də yaşamağa yeri olmadığına görə yaşamaq üçün öz avtomobilini seçib. Onu da bildirək ki, müsahibimiz yaxşı sənətkar olub. Uzun müddət qaynaqçı və santexnik işləyib. İndi öz avtomobili ilə “taksovatlıq” edərək, gündə 2-3 manat çörəkpulu qazanır: “18 il ailəli olmuşam, aramızdakı söz-söhbət ailəmin dağılmasına gətirib çıxardı. Qızımın biri Leninqradda yaşayır. O biri qızım isə anasının sözünə baxaraq, məni atıb. 3 ildir ki, maşında yatır, yeyir-içir, gecələyirəm. Artıq ürək xəstəsi olmuşam. Hələ 50 yaşım olmasına baxmayaraq, 100 ilin qocasına bənzəyirəm. Bu da çəkdiyim əzab-əziyyətlərə görədir”.

“Bəlkə bu vəziyyətə düşməyinizdə özünüzün də günahı var?” sualımıza onun cavabı belə oldu: “Daha bundan artıq neyləməli idim. Həmişə qazancımı evə gətirmişəm. Mingəçevirdə işsizlik ucbatından bir müddət Rusiyada işlədim. Əlim də yaxşı gətirirdi. Son vaxtlar orada da vəziyyət yaxşı olmadığına görə qayıtdım evimə. Amma alınmadı”..

“Bəs nə yeyirsiniz, nə içirsiniz?” dedikdə, “bir qab isti ev xörəyinə möhtacam” söylədi: “Yediyim ancaq quru yeməklərdir. Bu yeməklər canımı xəstə salıb. Sağ olsun dost-tanışlar arabir birşeylər alırlar ki, ac qalmayım. Qardaşım var, amma yıxılana balta çalan çox olur. Hələ bu azmış kimi, bu yaxınlarda maşında yatanda oğrular bütün sənədlərimi oğurlayıblar. Sənədsiz, ünvansız bir adamam. Məndən soruşanda ki, harada yaşayırsan, deyirəm ki, Müşfiq Mirzəyev adına parkın qarşısında “Lada” otelində. Yəni köhnə avtomobilimi təqdim edirəm. Təəccüblə üzümə baxırlar. Nə deyim axı, budur də mənim ünvanım. Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov sağ olsun, şəxsiyyət vəsiqəmi düzəltdirdi. Amma imkansızlıq ucbatından digər sənədlərimi ala bilmirəm. İşləməyə səhhətim imkan vermir. Ürəyimdə tromblaşma gedir. Müalicə lazımdır, ona da imkanım yoxdur. Yaşamaq üçün sığınacaq istəyirəm. 3 ildir ki, paltarlı yatıram. İndi bu köhnə maşınım həm mənim evimdir, həm sirdaşımdır, həm də çörək ağacımdır. Hər axşam yaşadığım parkın qarşısına gələrək maşında gecələyirəm”.

Bu da bir insan taleyi. Övladı olmayan valideynlər gecə-gündüz Allaha dua edirlər ki, Allahım, mənə bir övlad payı ver. Ata-ananın övladı üzərində çox böyük haqqı var. Bu haqları saymaqla qurtarmaq olmaz. Deyəsən, insanlar “müasirləşdikcə” digər milli ailə dəyərlərimiz kimi, valideyn-övlad münasibətlərində də çatlar əmələ gəlir…

 Esmira Hidayətova, Mingəçevir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here