“Yaxşı oxuyanlar arasında oğlanlar daha çoxdur”

0
271
“Azərbaycanda 20 ildir ki, qəbulun nəticələri təhlil edilir. Bunun nəticəsində biz təkcə oğlan və qızların necə oxumasını deyil, hansı regionlarda qızların, oğlanların necə oxuduqlarını, hansı ixtisaslara daha çox üstünlük verdiklərini öyrənirik. Hazırda Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur. Amma ən pis nəticə göstərənlərin – 100 baldan aşağı toplayanların arasında da əsasən oğlanlardır”.
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ötən gün keçirilən mətbuat konfransında bildirib ki, ölkədə orta nəticə göstərənlərin arasında qızlar çoxluq təşkil edir. Onun sözlərinə görə, orta statistik nəticələri oğlanlarla müqayisədə qızlar daha yaxşı göstərirlər. Amma ən yaxşı nəticə göstərənlər arasında oğlanların üstünlük təşkil etdiyini açıqlayan TQDK sədri “oğlanlar ya oxuyur, ya da oxumur. Oxuyan oğlanlar da imtahanda yaxşı nəticə əldə edilər”,- deyə bildirib.

Komissiya sədri onu da qeyd edib ki, bəzi ali məktəblərə qəbul olanlar arasında qızlar çoxdur: “Azərbaycan Tibb Universitetinin tələbələrinin çoxu qızlardır. Amma tibb sahəsində müəyyən ixtisaslarda oğlanlar olmalıdır. Rezidenturada isə qızlar daha çox təhsil alsalar da, heç biri meyitlərlə işləmək istəmir. Müəyyən ixtisaslar var ki, məsələn, travmatoloq-cərrah ixtisası üçün yalnız bilik yox, fiziki güc də lazımdır. Bizdə oğlanların IV qrup üzrə təhsil alması azalıb. Oğlanlar bu qrupa o zaman sənəd verirlər ki, onlar 500 baldan yuxarı nəticə göstərirlər. Oğlan orta nəticə, yəni 200-300 bal toplayırsa, başa düşür ki, Azərbaycan Tibb Universitetinə qəbul olmayacaq. Ona görə də bu qrupdan imtina edərək I qrupa sənəd verir, haradakı həmin balla dövlət sifarişli yerlərə qəbul ola bilərlər. Ancaq qızlar 200-300 bal toplamaqlarına baxmayaraq, bu ixtisasa qəbul olmayacaqlarını bilsələr də, yenə Tibb Universitetinin ixtisaslarını seçirlər. Fikirləşirlər ki, ATU-ya qəbul olmasalar da, tibb kollecinə qəbul olacaqlar. Rezidenturaya qəbulda isə qızlar oğlanlara uduzur. Çünki rezidenturaya qəbul qızların elə bir yaş dövrünə düşür ki, onlar ya ana olur, ya da ana olmağa hazırlaşırlar. Onlar üçün rezidentura imtahanında iştirak etmək daha çətin olur, imtahanda yaxşı nəticə göstərə bilmirlər. Bu baxımdan oğlanlar qızları üstələyirlər”.

“Bu il sınaq imtahanlarının hər biri yeni olacaq, təkrar sınaqlar keçirilməyəcək”

TQDK sədri bildirib ki, bu il ali məktəblərin bakalavriat səviyyəsi üçün 4 sınaq imtahanı keçiriləcək. M.Abbaszadə deyib ki, sınaq imtahanları bu il aprelin 5-də, 12-də və 19-da və mayın 3-də təşkil olunacaq. Onun sözlərinə görə, keçiriləcək sınaq imtahanlarının 4-ü də yeni olacaq, yəni təkrar sınaq imtahanları keçirilməyəcək: “Təkrar imtahanlar onu göstərir ki, onlara yazılanların sayı elə də çox olmur. Bundan başqa, uşaqlar təkrar imtahana çox zaman ona görə yazılırlar ki, valideynlərə öz bilik səviyyəsi haqqında yanlış məlumat versinlər. Amma ola bilsin ki, tələbat olsa hansısa regionlarda elan olunan günlərdən başqa təkrar imtahanlar keçirək. Hələ ki bu il Azərbaycanda 4 yeni sınaq imtahanı keçirməyi nəzərdə tuturuq”.

M.Abbaszadə qeyd edib ki, bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Onun sözlərinə görə, bu qaydalar cari ilin məzunlarına şamil olunacaq: “Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən əvvəlki illərin məzunları isə buraxılış imtahanı səviyyəsində olan eksternat imtahanda iştirak edəcək. Əvvəlki illərin attestat qiymətlərini nəzərə ala bilməyəcəyik. Onların səviyyəsi bu ilki məzunların səviyyəsi ilə eyni olmalıdır”.

 

İmtahanlarda fərqlənən nəzarətçi-müəllimləri mükafatlandırıblar

Ötən gün TQDK 2014-cü ildə keçirilmiş imtahanlarda qeyd olunan göstəricilərinə görə fərqlənən nəzarətçi-müəllimləri mükafatlandırdı. Tədbirdə çıxış edən TQDK sədri qeyd edib ki, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Onun sözlərinə görə, qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib. TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here