Papaqçı Qurbanəli: “İndi papağı əsasən ziyalılar alırlar”

0
407
“Xalqımızın papağa verdiyi qiymət nəticəsində papaqçılıq sənəti bizdə hələ qədim zamanlardan inkişaf edib. Həmin dövrlərdə kişini papaqsız təsəvvür etmək mümkün deyildi. Papaq kişilərin, sadəcə, baş geyimi deyil, həm də namus, qeyrət rəmzi hesab olunurdu. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu”.
 Bu sözləri Şəkinin tanınmış papaqçılarından olan Kərimov Qurbanəli İsmayıl oğlu dedi. Onun sözlərinə görə, bir zamanlar kişinin papağının oğurlanması onun sahibinə qarşı təhqir kimi qiymətləndirilirmiş: “Təbii ki papağa olan tələbatın çox olmasının nəticəsi idi ki, papaqçılıq bütün digər sənət növləri arasında özünəməxsus yer tuturdu. Azərbaycanda qədimdə məlum olan 650 papaqçının 250-si Şəkidə yaşayıb. Papaqları əsasən qaragül quzuların dərisindən hazırlayırıq. Həmin qoyun növü ölkəmizdə yoxdur, Özbəkistandan gətirilir”.

“Çoban papağını alan çoban yoxdur”

“Papaqçılıq indiki dövrdə gəlir gətirən sənət hesab olunurmu?” sualımıza qocaman papaqçının cavabı belə oldu: “Xeyr. Mən belə deyərdim ki, papaqçılıq sənəti indiki dövrdə elə də gəlir gətirən sənət deyil. Əvvəlki dövrlərlə müqayisədə çox fərq var. O vaxtlar papağa tələbat çox olduğundan bizim gəlirimiz də çox olurdu. Yenə də şükür Allaha, az da olsa qazancımız olur. Qara rəngli papaqlar 60-70 manat, ən bahalı gümüşü rəngli “Əntiq” adlanan papaqların qiyməti 150-180 manatdır. Çoban papaqları adlanan ağ rəngli, uzun tüklü papaqlar əsasan çobanlar, rəqqaslar üçün nəzərdə tutulur. Hazırda bu papağı alan çoban yoxdur. Sadəcə, adı qədimdən belə saxlanılıb. Dəri papaqlar da bahadır, 60-70 manat arası satılır. Bu papağı daha çox turistlər alırlar”. Bəs papaqçı Qurbanəlinin hazırladığı papaqları, adətən, gənclər alırlar, yoxsa yaşlı nəslin nümayəndələri? Onun bu sualımıza cavabı belə oldu: “Hazırladığım papaqları həm yerli əhali, həm də turistlər alırlar. Papaq mənim anlamımda qeyrət rəmzidir və bunu kişilər başlarına qoymalıdırlar. Əsasən papağı bizdə gənclər deyil, yaşlı insanlar alırlar, keçmişdə olduğu kimi həvəs yoxdur. Bundan başqa, övladlarına kiçik toy edən valideynlər də onlar üçün balaca ölçülü papaq sifariş verirlər. İndi az adam papaq tikir, çünki çox az adam papaq qoyur. Turistlərdən də tikdiyim papaqlardan alanlar olur. Turistlərin ən çox diqqətini cəlb edən çoban papağı olur. Bəzi turistlər papaq almaq üçün bura gəlirlərsə, bəziləri də bu papaqlarla şəkil çəkdirmək istəyirlər”.

“Papaq tikə bilən papaqçıların sayı da azalıb”

“Mən papaqçılıq sənətini atamdan öyrənmişəm. Hələ kiçik yaşlarımdan atamın bu sənətlə məşğul olduğunu görmüşəm. Bu sənətə marağımın olduğunu görən atam mənə sənətin incəliklərini öyrətməyə başladı. Uzun müddət atamla birgə mən də papaq tikmişəm. Mənim 18 yaşım olanda atam rəhmətə getdi və o vaxtdan bu yana atamın sənətini davam etdirirəm. Bu sənəti oğluma da öyrətmişəm. Hazırda oğlum da mənim kimi papaqçılıqla məşğul olur”,-deyə qeyd edən müsahibimiz hazırda şagirdinin olmadığını söylədi: “Ancaq oğluma bu sənəti öyrətmişəm. İstəmirəm ki, atamın məşğul olduğu bu qədim sənət unudulsun. Təəssüf ki, indi bu sənətlə heç bir gənc maraqlanmır. Papaqçı olmaq üçün bu sənəti bacarmaq lazımdır. Bu sənət çətin olduğu üçün hər insanın işləməyə səbri çatmır. Elə papaq var 1-2 günə, eləsi də var ki, bir həftəyə başa gəlir. İndi papağı əsasən ziyalılar alırlar. Əziyyəti qazancından çoxdur. Ancaq bu sənətə gəlməyimə peşman deyiləm”.

“Necə düşünürsünüz, papaq qoymaq get-gedə tarixə qovuşurmu?” sualımıza isə papaqçı belə cavab verdi: “Bayaq da qeyd etdiyim kimi, papaq qoyanların sayının az olması səbəbi ilə bu sənətə olan maraq azalıb, papaq tikə bilən papaqçıların sayı da azalıb. Lakin belə düşünürəm ki, bu sənət yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Axı papaq bizim milli atributlarımızdan, dəyərlərimizdən biridir. Getdikcə papaqçılıq sənəti, belə desək, ölür. Fikrimcə, qədimi papaqlar get-gedə muzeylərdə eksponat olaraq qalacaq”.

Coşqun Mövlamov, Şəki

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here