“Mənfi aurada xəstəliklər gec sağalır”

0
401

Həşimov Etibar Vahid oğlu 1948-ci il, aprelin 12-də Lerik rayonunun Rəzqov kəndində, ziyalı ailəsində doğulub. 1972-ci ildə Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Hazırda Lerik Rayon Mərkəzi Xəstəxanasının pediatrıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il, 14 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar həkimi” adına layiq görülüb. İcad etmiş olduğu “Sirop EVO” (Etibar Vahid Oğlu) adlı təbii tərkibli dərmanına dövlət patenti alıb. 1996-cı ildən Ziyalılar Cəmiyyətinin Lerik Rayon Şöbəsinin sədridir.

Etibar Həşimov  dedi ki, həkimlik fəaliyyəti ilə yanaşı, araşdırmalarla da məşğul olur: “İllər öncə rayon statistikasında göstərilirdi ki, uşaqlar ən çox sətəlcəmdən ölürlər. Araşdırıb gördüm ki, ən çox uşaq ölümü dizenteriya səbəbindən qaynaqlanır. Çox fikirləşdim ki, bunun üçün necə bir dərman hazırlayım. Lap əvvəl əzgil ekstaktı hazırladım. Uşaqlara verdim və gördüm ki, əla effekti oldu. Bunu 1979-1980-ci illərdə təcrübədən keçirdim. Daha sonra yuxarıyaşlı uşaqlara da verdim. Getdikcə təcrübəmi daha da təkmilləşdirməyə çalışdım. Dərmanı kiçikyaşlı uşaqlara vermək üçün siropunu hazırladım. Sonra isə bu siropa nar qabığının tozunu, ramaşka suyunu da əlavə etdim. Bundan sonra daha yaxşı effekt verməyə başladı. Sonralar bunu  Azərbaycan Tibb Universitetində məruzə etdim. Orada bunu bəyəndilər, mənə şəhadətnamə verdilər. Bundan sonra isə lazımi sənədlər təqdim edərək patent almaq lazım idi. 2001-ci ildə əmtəə şəhadətnaməsini, patentini aldım. Hazırda bu dərmanı özüm hazırlayıram. Kütləvi istehsalı üçün isə çoxlu pul tələb olunur”.

Etibar həkim ana südünün uşağa faydalarından da bəhs etdi: “Almaniyada keçirilmiş bir qeysəriyyə əməliyyatından sonra cərrahlar oranı tərk edir. Yarım saat sonra uşaq ana döşünü özü sərbəst tapır və ana südü gəlməyə başlayır. Uşaq ana bədəninə toxunan kimi Allah-Təala onun ruzisini verir. Amma bizdə sovet dönəmində yanlış bir adət var idi. Doğuşdan sonra uşağı anadan ayırırdılar. Bir müddətdən sonra uşağı ananın yanına qaytarsalar da süd olmurdu. Təbii ki, uşağı anadan ayırsalar, süd gəlməyəcək. Hətta bu proses heyvanlarda da mövcuddur. Amma təəssüflər olsun ki, sovet dövründə biz bu sahə üzrə çox geridə qalmışdıq. Mən Moskvada olarkən xəstəxanada eşitdiyim bir məlumatdan çox təəccüblənmişdim. Deməli, orada doğuşdan sonra uşağı 12 saat anadan ayrı saxlayırdılar. Sonra isə ananın döşlərini şampunla yuyurdular ki, guya təmiz olsun. Xəstəxanada çalışan professora dedim ki, bizdə kənddə analar səhər hamilə ola-ola işləməyə gedirlər. Elə həmin gün uşaq doğulardı. Bəs həmin analarda problem olmurdu axı. Həmin professor qayıtdı ki, sizin uşaqları ana südü qoruyur. Elm sübut edir ki, uşaq doğulan kimi ana döşündə milyonlarla mikrob olur və uşaq onları udmalıdır. Uşaq ana südünu əməndə həmin mikrobları da udur. Sonra isə çöldən uşağın bədəninə daxil olan mikroblar onu neytrallaşdırır. Bizim xəstəxanada doğum olan kimi dərhal tapşırıram uşağı döşə qoysunlar. Heç bir problem olmur. Ölkəmizdə də bu proses belə gedir. Ümumiyyətlə, ana südünün anaya da faydası çoxdur. Belə ki, bu, ananı bir sıra xəstəliklərdən, həmin dövrdə hamilə olmaqdan qoruyur. Yəni ana südünün təkcə uşağa deyil, eyni zamanda anaya da faydası çoxdur. Mən rayonumuza gələndə bizdə uşaq ölümü 8-10% idi. Şükürlər olsun ki, hazırda bu rəqəm 0,5 %-dir. Eyni zamanda qədim Tibet təbabətindən bir sıra təbii tərkibli dərmanlar da hazırlayıram. O tərkiblər bir çox xəstəliklərdən qoruyur insanı. Xüsusən yaşlı insanlar bundan istifadə etməlidirlər. Xalq şairimiz Bəxtiyar Vahabzadəyə o tərkiblərdən bir neçə dəfə vermişdim.

Analara sözüm budur ki, uşaqlarını ana südündən məhrum etməsinlər. Əgər uşaqlarının sağlamlığını, öz sağlamlıqlarını düşünürlərsə, ana südü ilə qidalandırsınlar övladlarını. İlk gündən məhrum etməsinlər. Bu uşaqlar immunitetli olurlar. Elə bitkilər var ki, bəlkə dili olsa deyəcək ki, mən filan xəstəliyin dərmanıyam. Yəni sözüm odur ki, xalq təbabətindən, bitki tərkibli dərmanlardan çox istifadə etsinlər. Kimyəvi dərmanlar müalicə edir, ancaq 50 yaşdan sonra onların mənfi təsirləri ortaya çıxır. Eyni zamanda psixogen amillər də rol oynayır xəstəliklərin sağalmasında. Stress çox olduqca xəstəlik də çoxalır. Xoş münasibət olan yerdə xəstəlik də tez sağalar. Mənfi aurada xəstəliklər də gec sağalır”.

 Mərdan Qurbanov, Lerik

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here