“Ukrayna məhv olmaq üzrədir”

0
300
Ukraynanın sabiq prezidenti Leonid Kravçuk ölkəsi üçün bədbin açıqlama verib. Sabiq prezident bildirib ki, Ukrayna tamamilə məhv olmaq üzrədir. “Bu gün ölkədə elit təbəqə dağılıb, onların öz aralarında nə üçün dalaşdığı məlum deyil. Əslində elitanın artıq Ukraynanın üstündə gəzən təhlükə barədə heç nə fikirləşmirlər. Amma təhlükə fövqəladə yüksəkdir. Mən hətta bu gün deyə bilərəm ki, dövlət dağılmağa başlayıb. Bu artıq faktdır”, – deyə siyasətçi bildirib.
Kravçuk qeyd edib ki, Kiyev iyirmi il boyunca dövləti idarə etmədə sistemli şəkildə səhvlər buraxıb.

Ukrayna ordusu itirdikləri bəzi mövqeləri geri alıb

Ötən sutka ərzində Ukrayna ordusu Donbassdakı münaqişə zonasında separatçılara və Rusiya qüvvələrinə ciddi zərbələr endirib. “İnformasiya müqaviməti” hərbi tədqiqatlar mərkəzinin rəhbəri, Ali Radanın deputatı, hərbi ekspert Dmitri Tımçuk özünün “Facebook” səhifəsində düşmənin azı 5 hərbi texnikası və 1 “Qrad” qurğusunun məhv edildiyini yazıb. Belə ki, Donetsk vilayətinin Qorlovka rayonunda Ukrayna artilleriyası dəqiq zərbə ilə separatçıların “Qrad” qurğusunu sıradan çıxarıb. Luqansk vilayətinin Slavyanoserbsk rayonunda separatçı-terrorçu dəstələrin 10 ədəd hərbi texnikadan ibarət karvanı atəşə tutulub, azı 1 hərbi texnika məhv edilib. Luqansk vilayəti ərazisində Ukrayna ordusunun 29-cu blok-postuna hücuma keçən separatçılar və Rusiya əsgərləri cavab zərbələri ilə geri oturdulublar. Onların azı 4 ədəd hərbi texnikası məhv edilib. Canlı qüvvə itkisinin sayı bəlli deyil. Luqansk vilayətinin Troitskiy rayonu ərazisində separatçılar və Rusiya əsgərləri 6 tank və 12 ədəd zirehli hərbi maşının köməyi ilə Ukrayna mövqelərinə hücuma keçiblər. Ukrayna tərəfinin artilleriya zərbələri nəticəsində hücum edən qruplaşma itki verərək geri çəkilib. Qarşılıqlı razılaşma əsasında Ukrayna komandanlığı ölənlərin və yaralıların döyüş meydanından çıxarılmasına icazə verib.

Bir neçə gün əvvəl Luqansk vilayəti ərazisində Ukrayna ordusunun 31-ci blok-postunu ələ keçirən separatçılar dünən axşam oranı tərik etməyə məcbur olublar. Bunu cəbhə bölgəsində olan “Donbass” batalyonunun komandiri, Ukrayna Ali Radanın deputatı Semyon Semyonçenko “Facebook”da yazıb: “Terrorçular 31-ci blok-postu tərk edib. Dünən Ukrayna Silahlı Qüvvələrinin artilleriyası 5 qiymətinə layiq çalışıb. Layiqli cavablarını alan terrorçular və Rusiya hərbi bölmələri bir çox yerdə ön xətdən geri oturdulub”.

Prezident Pyotr Poroşenkonun müşaviri, məşhur volontyor (ordunun təminatına yardım edən könüllü) Yuri Biryukov isə Donetsk hava limanı ərazisində davam edən döyüşlər barədə məlumat verib. Hazırda cəbhə xəttində olan Y. Biryukov yanvarın 22-də axşam aeroporta daxil olan separatçılara məxsus yük avtomobilinin Ukrayna əsgərləri tərəfindən vurulduğunu bildirib. Nəticədə avtomobildəki təxminən 15 separatçı ölüb, sağ qalan 1 separatçı əsir götürülüb.

Separatçılar ciddi itki verdiklərini etiraf ediblər

Ukraynanın şərqindəki separatçılar son sutka ərazində ciddi itki verdiklərini etiraf ediblər. “Donetsk Xalq Respublikası” separatçı rejiminin qərargah rəisinin müavini Eduard Basurin ötən sutka ərzində 24 döyüşçü itirdiklərini bildirib: “Bu gün biz şəxsi heyət arasında ən çoxsaylı itkiləri vermişik. 24 nəfər həlak olub, 30 nəfər yaralanıb”. E. Basurin son sutka ərzində Ukrayna tərəfdən ölən və yaralananların sayının 50-yə yaxın olduğunu iddia edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here