İqtisadi qanunauyğunluqlar bizdə niyə işləmir?

0
315
İqtisadiyyatdakı qanunauyğunluqlar “2+2=4” qədər aydın və dəqiqdir.
 Əlbəttə, burada söhbət sərbəst bazar iqtisadiyyatlarında mövcud olan qanunauyğuluqlardan gedir. Məsələn, belə bir qanunauyğunluq var: bir ölkənin milli valyutasının məzənnəsi ticarət tərəfdaşı olduğu digər ölkənin valyutasına nisbətdə dəyişərsə, bunun nəticəsi ticarət dövriyyəsində hiss olunmalıdır. Belə ki, milli valyuta digər ölkənin valyutasına nisbətdə bahalaşarsa həmin ölkədən gətirilən malların dəyəri aşağı düşməli və eyni zamanda da buna bağlı olaraq idxalın həcmi artmalıdır. Bunun əksini iddia etməklə “2+2=5” deməyin heç bir fərqi yoxdur. Bildiyimiz kimi, 2013-cü ildə əsas ticarət tərəfdaşlarımızdan biri olan Türkiyənin milli valyutası – lirə Azərbaycan manatına nisbətdə 23% dəyərdən düşüb. Belə ki, 2013-cü ilin əvvəlində 1 lirə 44 qəpiyə bərabər olduğu halda, həmin ilin sonunda 34 qəpiyə düşüb. Bu isə o deməkdir ki, 2013-cü ildə Türkiyədən ölkəmizə gətirilən məhsulların dəyəri eyni səviyyədə ucuzlaşmalıydı. Yəni, 2013-cü ilin əvvəlində Türkiyədə dəyəri 100 lirə olan ayaqqabı üçün biz 44 manat ödəyirdiksə, həmin ilin sonunda eyni ayaqqabı üçün 34 manat ödəmişik. Onu da bildirək ki, xarici ticarət əməliyyatlarında əsas ödəniş vasitəsi dollar olduğundan və manatın məzənnəsinin dollara nisbətən dəyişməməsi bizə bu üstünlüyü təmin edib. Belə olan halda da yuxarıda qeyd etdiyim qanunauyğunluğa görə, ölkəyə idxal olunan məhsulların həm həcmi artmalı, həm də daxili bazarda daha ucuz satılmalıdır. Ancaq bu qanunauyğunluğun əksinə olaraq ticarət tərəfdaşımız olan ölkələrin valyutalarındakı dəyişikliklər bizim daxili bazarda hiss olunumur. Türkiyə lirəsinin manata nisbətən ucuzlaşdığı 2013-cü ildə Azərbaycanda inflyasiya səviyyəsi rəsmi məlumatlara görə 2,4% olub. Yəni məhsulların qiyməti 2,4% bahalanıb. Qeyri-rəsmi hesablamalara görə isə inflyasiya daha çox -7-8% səviyyəsində olub. Ötən il idxalda bir nömrəli ticarət tərəfdaşımız olan Rusiyanın da milli valyutası – rubl Azərbaycan manatı qarşısında dəyərini kəskin şəkildə itirdi. 2014-cü ilin əvvəlində 1 rubl 2,3 qəpik olduğu halda, ilin sonunda 1,2 qəpik səviyyəsinə düşdü. Nəticədə il ərzində təxminən 2 dəfəyə yaxın ucuzlaşma baş verdi. Belə olan halda yuxarıda qeyd etdiyimiz kimi Rusiyadan Azərbaycana gətirilən məhsulların da dəyəri 2 dəfə aşağı düşməliydi. Ancaq Statistika Komitəsi ötən il inflyasiya səviyyəsinin 1,4% olduğunu açıqladı. 2014-cü ildə Türkiyə lirəsi də manat qarşısında uçuzlaşıb. Lirə manata nisbətən il ərzində 4,3% dəyərdən düşüb. Azərbaycana xaricdən daxil olan məhsulların təxminən 1/3-i Rusiya və Türkiyənin payına düşür. Belə olan halda bu ölkələrdən gətirilən məhsulların ucuzlaşmaması bizdə iqtisadi qanunauyğunluqların işləməməsi anlamına gəlir. Necə ola bilər ki, rubl manata nisbətən 2 dəfə ucuzlaşır, amma Rusiyadan gətirilən xamanın qiyməti daxili bazarda aşağı düşmür. Bir il əvvəllər Azərbaycanlı sahibkar cibinə 100 dollar qoyub Rusiyaya gedəndə 50 ədəd 200 qramlıq xama ala bilirdisə, Rusiyadakı 10%-lik illik inflyasiyanı da nəzərə alsaq indi 90 ədəd xama ala bilir. Bəs görəsən, niyə sahibkar daha çox satmaq və daha çox qazanmaq üçün qiymətləri aşağı salmır? Heç kim deyə bilməz ki, son bir-iki il ərzində Türkiyə və Rusiyadan gətirilən məhsullarda ucuzlaşma olub. Halbuki, lirə və rublun ucuzlaşması bizə imkan verirdi ki, bu ölkələrdən gətirilən məhsulların qiymətini aşağı salaq. Bundan başqa Rusiya və Türkiyədən sonra ölkəmizə ən çox məhsul gətirilən Böyük Britaniyanın pul vahidi funt-sterlinq də 2014-cü ildə manat qarşısında 8,3% dəyərdən düşüb. Bundan başqa idxalda 4-cü sırada olan Çinin milli valyutası yuan da manata nisbətdə 1%-ə yaxın ucuzlaşıb. Dollardan sonra dünyanın ikinci aparıcı valyutası olan avro da manatla müqayisədə ötən il 14% dəyərdən düşüb. Bütün bunlara rəğmən Azərbaycana idxal olunan məhsulların ucuzlaşmaması başa düşülən deyil. Hətta mübağiləsiz demək olar ki, “2+2=5” bunun yanında daha məntiqli görünür.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here