Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: əl-Fərabi (1)

0
836
Orta əsrlərdə türk-islam aləminin dünya mədəniyyət, elm, təfəkkür xəzinəsinə bəxş etdiyi ən böyük alimlərdən biri də, obrazlı şəkildə desək, Türküstanda (indiki Orta Asiya) anadan olan və türk-islam elminin günəşi hesab edilən məşhur alim Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Fərabidir (Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabi). O türk-islam dünyasında və dünya elm tarixində riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misilsiz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
Əl-Fərabi İslam dünyasını yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. Əl-Fərabi məntiqi “təxəyyül” və “sübut” olmaqla iki kateqoriyaya ayırmışdır. Yazdığı “Kitabi əl-Musiqə əl-kəbr” (musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan verib. Bir neçə musiqi alətində ifa etməyi bacarıb və bir neçəsini də özü ixtira edib. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz əl-Fərabi işləyib hazırlayıb. Bu, Ərəbistandan minlərlə kilometr uzaqlarda anadan olan və dünya fəlsəfi elminin inkişafına əvəzsiz töhfəsini verən türk-islam dünyasının elm fədaisinin böyüklüyünü, dahiliyini göstərir. Fəlsəfə sahəsində İslam aləminə göstərdiyi xidmətlərinə, islam dünyasında peripatetik fəlsəfənin inkişafına verdiyi böyük töhfələrinə görə əl-Fərabi hələ sağlığında ikən məşhur filosof alim Aristoteldən sonra “İkinci müəllim” (əl-Müəllim əs-sani) fəxri adını qazanıb. Türk-İslam dünyasının böyük filosof alimi Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin elmi yaradıclığı və fəfsəfə sahəsində bəşəri elm xəzinəsinə verdiyi töhfələr ondan sonra gələn məşhur alimlər, o cümlədən İbn-Sina, İbn-Bacu, İbn-Tufayl və İbn-Ruşda üzərində dərin izlər buraxıb. Adları çəkilən bu alimlər məhz Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin əsərlərindən öyrəndiklərini və onu özlərinin ən böyük müəllimi hesab etdiklərini dönə-dönə vurğulayıblar.

Filosof alimin ən böyük xidmətlərindən biri də, o dövrdə türk sivilizasiyasının ana mərkəzlərindən biri hesab edilən Otrar şəhərində böyük bir kitabxana təşkil etməsidir. Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabi Hindistan, Çin, Bağdad və Dəməşq kitabxanalarında saxlanılan kitabların yenidən köçürülmüş nüsxələrini Otrardakı kitabxanaya gətirtdi.  O bununla da sivil, bəşəri dünyagörüşü əsasında formalaşan yeni nəslin meydana çıxmasında və onların doğma ana vətəni olan Türküstandan uzaqlara getməyərək Otrardaca elmin sirlərinə yiyələnmələrinə şərait yaradıb. Beləliklə də, Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabi özündən sonra Türküstanda və türk-islam dünyasında yüzlərlə məşhur alimlərin yetişməsində önəmli bir rol oynadı.

Fərabdan doğan günəş

Türk-İslam dünyasının ən məşhur alimlərindən biri kimi şöhrət tapan və Qərb dünyasını özünə müəllimləri kimi baxmağa, onları özündən öyrənməyə məcbur edən Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabi 870-ci ildə Türküstanın (Orta Asiya) Sır-Dərya cayı ətrafında yerləşən Fərab səhərində türk qəbiləsindən olan hərbi xidmətçi ailəsində anadan olub. Qeyd edək ki, böyük türk-islam alimi və filosofu Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin anadan olma tarixi ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi tədqiqatçı alimlər  Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin 872-873-cü illərdə anadan olduğunu yazırlar. Filosof alimin anadan olma tarixinin dəqiq vaxtının bilinməməsi isə, ilk növbədə, o dövrdə onun özü haqqında çox az məlumat qoyması ilə əlaqədardır. Ümumiyyətlə, Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin yaradıcılığı elmə tam şəkildə məlum olsa da, onun şəxsi həyatı haqqında məlumat olduqca azdır. Buna da səbəb filosof alimin özü haqqında, demək olar, məlumat yazmamasıdır. Belə güman edilir ki, Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin şəxsi həyatı haqqında yazmaması onun daha çox təvazökarlığından irəli gəlib.

Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin həyatını tədqiq edən Beyhaki, Kifti, ibn Əbu-Useybiyə, ibn Hellikan və digərləri filosof alimin həyat yolu haqqında müəyyən qədər məlumatlar toplaya biliblər. Filosof alimin həyatı ilə bağlı ən etibarlı mənbə isə XI əsrdə məşhur alim Əbu Səid ibn Əhməd tərəfindən tərtib edilən “Dahi müdriklər” haqqında ensiklopedik məlumat kitabı hesab edilir. Kitabda Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabi haqqında nisbətən daha ətraflı  məlumat verilib. Hər halda Əbu-Səid ibn Əhməd yaşadığı dövrdə filosof alimi tanıyan, onun şəxsi həyatı haqqında məlumatı olan, onu şəxsən tanıyan bəzi adamlar hələ yaşamaqda idilər. Əbu-Səid ibn Əhmədin kitabında Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin türk hərbçi ailəsində dünyaya gəldiyi və onun atasının tanınmış hərbçi olduğu barədə məlumat da öz əksini tapıb. Bunu qeyd etməyimizə səbəb türk-islam dünyasının bəşəriyyətin mədəni, elmi xəzinəsinə öz böyük töhfələrini verən görkəmli alimlərinin başqa millətlərin nümayəndələri kimi qələmə verilməsinə cəhd edilməsi və ən yaxşı halda onların əslən türk olmasının üstündən susmaqla keçmələridir. Yenə də qeyd edək ki, qədimlərdən Türküstan adlanan indiki Orta Asiya, həmçinin hazırda Çinin əsarəti altında olan Şərqi Türküstan Altayla yanaşı, türklərin ana vətənləri hesab edilir və bunu tarixçilər də təsdiq edirlər. Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin anadan olduğu Fərab şəhəri də qədim türk məskənlərindən biridir.

Gələcəyin filosof alimi ilk təhsilini Fərabdakı kiçik mədrəsədə alıb. O burada ərəb dilinə yiyələnib. Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin Fərabda ilk təhsilini alandan sonra Türküstanın mədəniyyət və elm mərkəzlərindən biri kimi tanınan Şaş ( Daşkənd), Səmərqənd və Buxara şəhərlərində olduğu və adıçəkilən yerlərdə o dövrün tanınmış alimlərindən dərs aldığı ehtimal edilir.

Bağdada elm dalınca

Filosofun hərbçi atası oğlunun elmin sirlərinə daha dərindən yiyələnməsini arzulayırdı. O bu məqsədlə oğlunun (Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabinin) o dövrdə Şərqin məşhur elm və mədəniyyət mərkəzlərindən biri hesab edilən Bağdadda təhsil almasını arzulayırdı.  Məhz atasının yardımı ilə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabi Bağdada elmin sirlərinə yiyələnməyə yola düşdü. Bağdada gedərkən yolüstü qədim Azərbaycan şəhərləri olan İsfahan, Həmədan, Təbriz və digər şəhərlərdə olan əl-Fərabi oradakı tanınmış türk alimləri ilə də görüşüb və onların elmi dünyagörüşləri ilə tanış olub. Bağdada çatandan sonra əl-Fərabi burada müxtəlif elmləri və dilləri öyrənməklə məşğul olur. Əl-Fərabi həmçinin Bağdadda tibb, loqika, yunan və latın dilini, antik yunan fəlsəfəsini də öyrənir.  Yenə də məsələ ilə bağlı qeyd edək ki, həmin dövrdə Bağdad nəinki Şərqdə, həm də dünyada elm mərkəzi sayılırdı və  bu şəhəri öz əhəmiyyətinə görə hazırda dünyanın məşhur elm mərkəzləri ilə müqayisə etmək olar. Bağdaddakı elm  mərkəzində tərcüməçilər məktəbi fəaliyyət göstərirdi. Bu tərcümə mərkəzində Platon, Aristotel, Halen, Evklid kimi məşhur alimlərin əsərləri ərəb dilinə tərcümə edilirdi. Buna paralel olaraq, tərcümə edilən elmi əsərlərin öyrənilməsi və tədqiqi üzərində də qızğın iş gedirdi. Bu müstəvidə də yeni nəsil alimlər yetişdirilirdi. Bağdadda əl-Fərabi o dövrün tanınmış elm xadimləri Yuhanna ibn Haylan və antik mətnlərin ərəb dilinə tərcüməsi üzrə məşhur tərcüməçi Əbu Bişr Mattadan dərs aldı. İbn Useybiyənin məlumatına görə, Yuhanna ibn Haylan məşhur filosof Aristotelin və onun şagirdlərinin elmi-mədəni irsinin gələcək nəsillərə çatdırılması üçün az qala canından keçməyə hazır olan bir elm fədaisi idi. Əbu Bəşr Matta isə loqika elmini gələcəyin alimlərinə öyrədirdi. Belə dahi elm fədailərindən dərs alan əl-Fərabi tezliklə öz elmi ilə ustadlarını özünə heyran qoydu. Yunan və latın dilini mükəmməl öyrənən əl-Fərabi Aristotelin xristian din alimlərinin qəbul etmədikləri və dini dünyagörüşləri ilə  üst-üstə düşməyən “İkinci Analitika” əsəri ilə də yaxından tanış oldu. Elmləri öyrənərək onları tədqiq edən və bu müstəvidə də onlara yeni nəfəs verən əl-Fərabi tezliklə Bağdadın məşhur alimlərindən birinə çevrildi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here