Təhsil sistemində mühüm yeniliklər olacaq

0
334
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq edilməsi haqqında Sərəncamında təhsil sahəsi ilə bağlı çox mühüm məqamlar yer alıb.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə təhsil sahəsi ilə bağlı çox mühüm məqamlar yer alıb. Maraqlı olacağını nəzərə alıb, onlardan bəzilərini və ictimaiyyəti düşündürən hissələrini oxucularımıza təqdim edirik.

Sənədə əsasən, ölkəmizdə səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun standartı yaradılacaq. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlar hazırlanacaq. Məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartları və yeni kurikulumlar da hazırlanacaq. Uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramı olacaq. 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi planlaşdırılır. Kurikuluma əsaslanan yeni dərsliklər yaradılacaq, şagird və müəllimlərin müvafiq dərslik seçimi təmin olunacaq. İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları olacaq. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramları tətbiq ediləcək. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartları tətbiq ediləcək. Ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyi veriləcək.

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistem yaradılacaq. Təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması təmin ediləcək. Müəllimlərin əlavə təhsili üzrə strukturların yaradılması stimullaşdırılacaq. Müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellər tətbiq olunacaq. Pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sistemi yaradılacaq. Təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resurslar inkişaf etdiriləcək. Yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması da planlaşdırılır.

Sənədə əsasən, müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı nəzərdə tutulur. Belə ki, səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sistemi yaradılacaq. Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistem təmin ediləcək. Müəllim hazırlığı sistemində internatura modeli tətbiq ediləcək. Şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistem olacaq. Hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətin təşkili mexanizmlərinin yaradılması planlaşdırılır.

Məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyi təmin olunacaq. Erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması planlaşdırılır. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması nəzərdə tutulur. Bundan başqa, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi də nəzərdə tutulur. Beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası, təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin yaradılması nəzərdə tutulur. Təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi də sənəddə öz əksini tapıb.

Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistem qurulacaq

Fəaliyyət planında qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması, ömür boyu təhsil üzrə milli kvalifikasiya çərçivəsinin yaradılması və tətbiqi, beynəlxalq təhsil proqramlarının tanınması və təhsil müəssisələrində dövlət təhsil proqramları ilə yanaşı, ödənişli əsaslarla tətbiqi, təhsil müəssisələrinin reytinq sisteminin yaradılması da öz əksini tapıb.

Qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sistemi yaradılması, keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi, bütün təhsil pillələri üzrə təhsilin idarə olunmasının məlumat sistemləri və “Tələbə-məzun” sistemi əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və mütəmadi yenilənməsinin təmini nəzərdə tutulur.

Təhsil müəssisələrində məlumat bazalarının, məzun-koordinasiya-informasiya sistemlərinin yaradılması, onların mütəmadi yeniləndirilməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi, əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin hazırlanması, təhsil müəssisələrində keyfiyyətin monitorinqi (xarici və daxili) və qiymətləndirmə mexanizmlərinin yaradılması da sənəddə öz əksini tapan məqamlardandır.

Ölkəmizdə ümumi təhsilin səviyyələri nəzərə alınmaqla, şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistem təkmilləşdiriləcək.

Ömür boyu təhsili təmin edən təhsil infrastrukturu təşkil ediləcək

Sənəddə qeyd olunur ki, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin, məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin hazırlanması, kampusların yaradılmasının təşviqi nəzərdə tutulur.

Təhsilin yeni maliyyələşdirmə mexanizmi olacaq

Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmləri yaradılacaq. Təhsil müəssisələri bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid olacaq. Dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi və büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması da planlaşdırılır. Təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi, mülkiyyət formasından asılı olmayaraq müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması Fəaliyyət Planında gündəmə gətirilib.

Ən önəmli məqamlardan biri də aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılmasıdır. Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən ÜDM nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ÜDM nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması planlaşdırılır.

Təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi, məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlərin (dərs və ya təlim vəsaitləri və s.) göstərilməsi də sənəddə öz əksini tapıb. Qeyd edək ki, sözügedən məsələlər mərhələlərlə və müxtəlif illər ərzində gerçəkləşdiriləcək.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here