Bağışlamaq həm tərbiyədir, həm sağlamlıq

0
312
Sözümüz, baxışlarımız, ayaqlarımız toqquşur.
 Bilmədən kimsə ayağını tapdalayır və sən qapıdan keçəndə necə olursa, kiminsə çiyninə toxunursan. Əlbəttə, tədbirli olmaq lazımdır, amma bəzən elə olur ki, ya tələsirsən, ya nədənsə bir qədər ehtiyatsız davranırsan. Hamımızın başına gəlir. Amma ayağın tapdanan kimi və ya kimsə çiyninə toxunanda o saat narazılıq eləmək, dava salmaq həm özünə, həm də qarşı tərəfə zərərdir. Bu, sınanmış həqiqətdir ki, bağışlamaq, bağışlaya bilmək insanı mərhələ-mərhələ böyüdür. Bağışlamağı bacarmaq həm tərbiyədir, həm də sağlamlıq. Sağlamlıq deyəndə hər iki mənada başa düşün: həm fizioloji, həm də mənəvi baxımdan. Tibb elmi təsdiq edir ki, insan başqalarını bağışlaya bilirsə, qəlbində xoş duyğular əmələ gəlir. Bu mənada bağışlamaq bir növ böyüklükdür, alicənablıqdır. Alicənab insanlar həmişə mənən sağlam olurlar.

Hər işin təməlində bir niyyət olduğu kimi, gərək bağışlamaq, qarşı tərəfin təqsirini əfv etmək də hansısa ülvi məqsədə xidmət eləsin. Niyyət təmiz olanda nəticə də gözəl olur. Bu mənada bağışlamaq misilsiz tərbiyə üsuludur. Dünyada az insan tapılar ki, pis əməlinə qarşı yaxşılıq görəndə vicdanı sızlamasın.

Qisas imkanı olduğu halda bağışlamaq

Yəqin ki, Viktor Hüqonun məşhur Jan Val Jan obrazını xatırlayırsınız. “Səfillər”in qəhrəmanı Jan Val Jan məşhur oğrudur, kimsə onu evinə yaxın buraxmır. Nəhayət, bir rahib qapısını onun üzünə açır. O rahibin qapısı hər kəsin üzünə açıq idi, birlikdə şam edirlər, xidmətçi masaya ən bahalı qab-qacaqları, gümüş çəngəl-bıçaqları və şamdanları gətirir. Jan Val Jan gecə yerindən qalxır və gümüş çəngəl-bıçaqları, qab-qacağı oğurlayıb qaçır. Hasardan aşanda polis onu tutur və rahibin evinə gətirir. Rahib mənzərəni görən kimi vəziyyəti anlayır və gedib gümüş şamdanları da gətirib Jan Val Jana verir və deyir:

– Oğlum, mən bunları da sənə hədiyyə eləmişdim, niyə burada qoyub getmisən?

Əlbəttə, polis Jan Val Jandan şübhələnmir, onu buraxır, Jan Val Jan da oğurladığı, üstəlik də, rahibin hədiyyə elədiyi əşyaları götürüb gedir, amma o hadisə onun həyatını dəyişir. Çörəyini kəsib malını oğurladığı insan onu bağışlayır, polisin əlindən qurtarır və üstəlik də, gümüş şamdanları hədiyyə edir. Ürəyində zərrə qədər də vicdanı olan birisi, əlbəttə, bu möhtəşəm mənzərə qarşısında ayılar, olub-keçənləri başa düşər.

Bağışlamaq insanın içindən gələn bir duyğu olmalıdır. Məcbur qalıb bağışlamaq bağışlamaq deyil, imkanın olduğu halda bağışlamaq önəmlidir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) buyurur ki, güclü adam qisas imkanı olduğu halda qarşısındakını bağışlaya biləndir. Biz bu mənada bağışlamaqdan danışırıq. Və bu proses elə baş verməlidir ki, qarşı tərəf o hadisədən özü üçün nəticə çıxarsın.

Qoyuna zülm olmasın

Bizdə bir misal var: “Qurda mərhəmət göstərmək qoyuna zülm etməkdir”. Heç yerinə düşməsə də, bəzən bu məsəli cəmiyyətə də tətbiq etməli oluruq. Necə olmuşdusa, harın bir ailənin övladı öz dostlarını da başına yığıb, kasıb bir ailənin uşağını o qədər döymüşdü ki, yazıq günlərlə xəstəxanada qalmalı oldu. İş polisə düşdüyündən döyən tərəf minnətə gəldi. Həkimlərin xərcini ödəməyə, üstəlik də xeyli pul verməyə hazır olduqlarını bildirdilər. Uşağı döyülən ailə kasıb olsa da, çox qürurlu çıxdı. Dedilər ki, heç bir qəpiyiniz də bizə lazım deyil, borcumuzu özümüz çəkəcəyik, sizi də bağışlayırıq. Gedin, öz işinizi həll edin, amma adam olun. Sən demə, qarşı tərəf də o qədər vicdansız adamlar deyilmişlər. Kasıbın bu qürurlu davranışı qarşısında vicdan əzabı çəkdilər. İş qurtarandan sonra dəfələrlə ağır pay-puşla o evə qonaq gəldilər, aralarında səmimi dostluq münasibətləri quruldu. Öz övladlarının əməlindən nə qədər peşman olduqlarını dönə-dönə bildirdilər. Əslində bu hadisə o harın uşağın tərbiyələnməsində də az rol oynamadı.

Əgər döyülən tərəf bağışlamasa, qarşı tərəfi həbsə saldırsa belə haqlı idi. Amma mərhəmət yolunu seçdi. İnşallah, xeyirlisi də elə bu imiş.

Qonşuda, həyətdə, küçədə

Üst mərtəbədəki qonşunuzun mətbəxindən su sızır. Hər axşamüstü su veriləndə mətbəxinizin divarı yaşarır. Görünür, usta işini yaxşı görə bilməyib. Yazıqlar nə qədər pul töküb, təmir etdirmişdilər. İndi hər şey yenidən sökülməlidir. Bir halda ki, sızan su sizi o qədər narahat eləmir və qonşunuzun da mövcud vəziyyətdə yenidən təmirə başlamağa imkanı yoxdur, demək, müəyyən qədər səbirli davranmalısınız. Əlbəttə, qonşunun öz xətasını etiraf eləməyi mühüm məsələdir və siz də onun bu səmimi etirafı qarşısında hər şeyi onun insafına buraxırsınız: imkan olanda köməkləşib bu problemi həll edərik.

Bax bu olur qonşuluq. Bir-birinin qayğısını, dərdini başa düşmək, bir-birini bağışlaya bilmək. Bizə əxlaqımızın öyrətdiyi də elə budur. Əgər: “Pulun var, yox məni maraqlandırmır, canın çıxsın, mətbəxini sök, mənim evimə sızmasın” desəniz, bəlkə də, qonşunuzu imkanı olmadığı halda o işə vadar edə bilərsiniz. Amma daha ondan sonra qonşuluğunuzun bir dadı, mənası qalmaz. Qonşu yeri gələndə qonşunun qəhrini çəkməlidir.

İşdə, ticarətdə

Bəzən bir iş yoldaşı xəta eləyir. Həqiqi yoldaş heç o xətanı açıb-ağartmadan aradan qaldırmağa çalışmalıdır. Xüsusilə, ticarətdə bu cür hallara tez-tez rast gəlinir. Eyni küçədə iki dükan gündəlik tələbat malları ilə alver edir. Kənardan baxanda bunlar rəqibdirlər, yəni hər birinin öz müştərisi var. Bir də görürsən ki, həmin mağazalardan biri necə oldusa, zərərə düşdü və bağlandı. Bu zaman digər mağazanın müştəri sayı istər-istəməz artır. Amma həmin dükanın sahibi bu ekstra qazancdan imtina edir. Öz rəqibinin yanına gedir və ona lazım olan köməkliyi göstərir. Yenə hər şey əvvəlki ritmi ilə, əvvəlki axarı ilə davam edir. Amma hər səhər dükan sahibləri öz qapılarını açanda bir-birinə əl edərək salamlaşırlar. Onlar rəqib deyillər, dostdurlar. Çünki inanırlar ki, hər kəsin bərəkətini, qismətini Allah yetirir. Sən dürüst davransan, qismətin bacadan gələr.

Analoji vəziyyət böyük şirkətlərdə, firmalarda da görünə bilər. Heç bir şey dəyişmir, həmin prinsip onlar üçün də keçərlidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here