Gərək Seyidov da Nurlan bəydən üzr istəyəydi

0
485

Son günlər Nurlan Novruzov öz doğma futbol komandası, “Bakı”nı deyirəm, haqqında nələr demirdi. Bədii şəkildə desək, bu Nurlan bəy öz mövqeyindəki adsız yüksəkliklərdən “Bakı”nı dəfələrlə top atəşinə tuturdu, “Bakı”nın icraçı direktoru Yaşar Seyidov da dəqiq zərbələri ilə onu susdurmağa çalışırdı. İnsafən, Yaşar Seyidovun zərbələri çox sərrast olurdu. Di gəl, bu Nurlan Novruzov susmaq bilmirdi ki, bilmirdi. Yəni “Bakı”nı quru yuyub yaş sərməkdə davam edirdi. Bu da son vaxtlar “maliyyə xəstəliyi” keçirən “Bakı”ya olduqca pis təsir bağışlayırdı. Belə hallarda şəxsən mənim “Bakı”ya, sözün həqiqi mənasında, yazığım gəlirdi. “Xəstə”nin üstünə bu qədər getmək heç bir əxlaqa sığan bir iş deyil axı. Lakin Nurlan bəy bu adi həqiqəti dərk etmək istəmirdi. Elə: “Pulumu verin, pulumu verin”, – deyə vızıldayırdı. Amma nədənsə bəzi mətbuat orqanları bunu “Nurlan Novruzov – Yaşar Seyidov qarşıdurması” kimi qələmə verirdi. Mənim fikrimcə, kim nə deyir desin, bu, Yaşar bəyin canından çox sevdiyi, yolunda dəfələrlə əzablara qatlaşdığı “Bakı” naminə öz sinəsini qabağa verməsindən irəli gəlirdi. Məhz bu xüsusiyyətinə görə mən Yaşar Valeh oğlu Seyidova bir daha valeh oldum. Kaş həmkarları da baxıb ondan bir ibrət alaydılar.

Bəli, xeyli vaxt idi ki, Yaşar bəy Nurlan bəyə anladırdı ki, bala, sən müqavilə ilə “Bakı”ya məxsussan. İkincisi, klubun sənə borcu yoxdur. Üçüncüsü, sən bizim akademiyamızın yetirməsisən, biz öz yetirmələrimizə daha çox bel bağlayırıq. Sən isə 9 qol vurub bombardir olmusan deyə gəlib başımızda oturmalı, yaxud belimizi qırmalı deyilsən… “Bakı”nı tərk etmək istəyirsən, çox gözəl, üstəlik, xub. Elə isə 6 ildə səni bu səviyyəyə gətirən klubumuzun, akademiyamızın çəkdiyi xərclərin heç olmasa, 25 faizini ödə, mən də transfer vərəqini verib “Yaxşı yol, Nurlan” deyim də…

Bəli, Yaşar bəy Nurlan bəyə anladırdı ki, səni yetişdirib ortaya çıxaran “Bakı”nın bu gün həqiqətən maliyyə çətinliyi var: gənclərin yetişməsi, qidalanması, məşq prosesi keçmələri, çempionatda oynamaları, geyim dəstlərinədək problemlər mövcuddur. Nurlan bəy isə: “Mənə nə”, – deyirdi…

Bəli, Yaşar bəy Nurlan bəyə anladırdı ki, bala, dünya ulduzlarına – Tottiyə,  Matteusa bax. Onlar komandalarını çətin anda belə atmayıblar, qayıdıb, gəlib, kömək ediblər. Bəli, Yaşar bəy Nurlan bəyə anladırdı ki, gəl, hər ay klubdan 2000-2500 manat maaş al, amma mayadək komandamıza kömək elə. Nurlan bəy isə deyilənlərə elə reaksiya verirdi ki… Bəli, Yaşar bəy Nurlan bəyə anladırdı ki, madam ki, belədir, özünü mənim yerimə qoy, belə vəziyyətdə nə edərdin?

Nurlan bəy isə özünü Ronaldonun, Messinin yerinə qoyurdu. Onda biçarə Yaşar bəy hirsindən deyirdi ki, nə yaxşı, komandamız Nurlanın iştirakı ilə Avropa və dünya çempionatlarının qrup mərhələsinə düşməyib, yoxsa “Bakı”nın başına lap beynəlxalq səviyyəli oyunlar açardı ki?

Bəli, xeyli vaxt idi ki, Yaşar bəy Nurlan bəyə anladırdı ki, səni futbol aləmində yerini mən möhkəmlətmişəm. Sənə görə çoxlarına ağız açmışam. Mən sənin üçün hücumçularla işləyən məşqçi tutmuşam. O məşqçiyə ayda 3000 manat pul vermişəm. Nurlan bunu nə tez unutdun? Axı sən Nurlanın Nurlan olması üçün “Bakı” klubu nələr etməyib? Üstəlik, sənin əsgərliyini də mən Yaşar Seyidov çəkmişəm axı. Klubun bu qədər xidmətləri qarşılığında dedin ki, 15 aydır maaş almırsan. Dedim axı, ay bala, ağlını başına yığ, gəl, mən göstərim ki, “Bakı” klubundan davamlı olaraq, nə qədər pul almısan. Sən isə bunlara baxmağa belə mənim otağıma gəlməyi özünə sığışdırmadın.

Bəli, bu kimi hərəkətləri ilə “Bakı”nın şərəf və ləyaqətinə, imicinə mətbuat vasitəsilə olmazın şəkildə zərbə vurmuş Nurlan bəy birdən-birə qış yuxusundan ayıldı və öz doğma futbol klubundan – “Bakı”dan rəsmi şəkildə üzr istədi. Bütün idmansevərlər bunun şahidi oldular. Lakin mən Nurlanın üzrxahlığından sonra Yaşar bəyin də üzr istəyəcəyini gözləyirdim. Lakin Yaşar bəy belə bir addım atmadı. Yəqin deyəcəksiniz, o niyə üzr istəməlidir? Mənim fikrimcə, o, üzr istəməli və belə deməli idi: “Nurlan bəy, etdiyim yaxşılıqlara görə səndən dönə-dönə üzr istəyirəm”.

QVAMİ MƏHƏBBƏTOĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here