Neftin ucuzlaşması öz təsirini göstərməyə başladı

0
184

Ötən ay Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 1 milyard 238 milyon dollar və ya 8,2% azalaraq 13 milyard 758,3 milyon dollara düşüb. Məlumat üçün bildirək ki, MB-nin valyuta ehtiyatları ötən ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara  yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq  valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə qeyd etdiyimiz kimi ötən ilin dekabr ayında baş verib ki, nəticədə MB-nin valyuta ehtiyatlarında 2014-cü il ərzində də aşağı düşüb. Xatırladaq ki, MB-nin valyuta ehtiyatları 2009-cu il istisna olmaqla heç ötən illər ərzində heç vaxt azalmayıb. MB-dən açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, ötən il ərzində valyuta ehtiyatları 2,8% və ya 393,7 milyon dollar azalıb.

Məlumat üçün onu da bildirək ki, MB-nin valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. Ötən il isə qeyd etdiyimiz kimi 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb.

Mərkəzi Bankın valyuta ehtiyatları niyə azaldı?

Valyuta ehtiyatlarının son bir ay ərzində 1 milyard 238 milyon dollar azalmasının səbəbləri haqqında MB-dən hələlik heç bir açıqlama verilməyib. Ancaq ehtimal etmək olar ki, valyuta ehtiyatlarının azalmasına dünya bazarlarında xam neftin kəskin şəkildə ucuzlaşması və buna müvafiq olaraq da gəlirlərin azalması ilə bağlıdır. Bildiyimiz kimi, son 4-5 ay ərzində dünya bazarlarında xam neftin dəyəri sürətlə aşağı düşür. 2014-cü ilin ortalarında 1 bareli 115 dollara satılan xam neftin qiyməti 2 dəfədən çox azalaraq 50 dollara satılır. Bu isə neft ixrac edən ölkə olaraq Azərbaycana təsir etməyə bilməz. Neft gəlirlərinin azalması isə öz növbəsində ölkəyə daxil olan valyutanın (dolların) azalmasına gətirib çıxarır. Görünür bu səbəbdən MB sərancamında olan valyuta ehtiyatlarının bir qismindən istifadə etmək məcburiyyətində qalıb. Digər bir səbəb isə manatın məzənnəsinin dollar qarşısında sabit saxlanılması ilə bağlı olub. Ötən il dollar dünyanın əksər valyutası qarşısında dəyərini yüksəldib. Region ölkələrindən Rusiya rublu və Türkiyə lirəsi isə dollar qarşısında daha çox dəyərdən düşüb. Lakin Azərbaycan milli valyutası – manat ötən il cüzi də olsa (0,01%) dollar qarşısında bahalanıb. Aydındır ki, manatın sabitliyini qorumaq üçün MB bazara müdaxilə edir. Yəni manatın devolvasiyasının qarşısını almaq məqsədilə bazara böyük həcmdə dollar çıxarır. Belə görünür ki, valyuta ehtiyatlarının son bir ay ərzində 1 milyard 238 milyon dollar azalmasında bu amil də həlledici olub.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here