Jurnalist-yazar Hasan Camala məktub, yaxud oddan kül törəyər demişlər

0
161
Sözün düzü, əvvəlcə sənə Hasan bəy kimi, yaxud Hasan əfəndi kimi müraciət etmək istədim. 
Lakin az sonra bu fikrimdən vaz keçdim. Bilirsənmi niyə? Ona görə ki, sən həmin müraciət formalarının heç birinə layiq deyilsən, ey Osmanlı imperiyasının donanma naziri olmuş Camal Paşanın nəvəsi… O Camal Paşanın ki,  Osmanlı imperiyasını arxadan vuran ermənilərə qarşı lazımi tədbiri gördüyünə görə, 1921-ci ildə Tiflisdə ermənilər tərəfindən qətlə yetirilib. Camal Paşanın adını təsadüfi xatırlamadım, Hasan. Məqsədim sənə başqa bir məramı anlatmaq idi. “Oddan kül törəyər”, – deyib bizim atalarımız. Bəzən dahilərin, görkəmli şəxsiyyətlərin zaman-zaman öz istedadı və zəhməti hesabına qazandığı, nüfuzu, hörməti bircə anda ayaqlar altına atan övladlarına, varislərinə də tarixdə çox rast gəlinib… Nə yazıq ki, onlardan biri də sən oldun. Heç utandınmı? Heç yerə girdinmi “1915: Erməni soyqırımı” adlı kitabı yazanda  və həmin cızmaqaranda ermənilərin qondarma “soyqırımı” iddiasına haqq qazandıranda, Türkiyəni “tarixi həqiqətləri etiraf etməyə və təzminat”a çağıranda. Üstəlik, verdiyin digər açıqlamalarından? Soyqırımı ilə heç bir əlaqəsi olmayan nəsnəyə görə bu gün Türkiyəni belə bir durumda qoymaq vətən övladına yaraşarmı? Bumu nəvənin erməni terrorçuları tərəfindən qətlə yetirilmiş babasının ruhuna olan hörməti və xalqı, milləti qarşısında “xidmətləri”?Axı sən niyə uydun ermənilərin çaldığı havalara, Hasan? Olmaya sənin beşiyinin başında erməni havaları çalınıb, hə? Niyə bu addımınla babanın nigaran ruhunu daha da pəjmürdə etdin? Axı ermənilərin vəhşiliklərini sübut etmək üçün heç tarixin dərinliyinə enməyə belə ehtiyac yoxdur. Elə 1992-ci ildə Xocalıda dünyanın gözü önündə ermənilərin həyata keçirdikləri vəhşilikləri, soyqırımı xatırlamaq kifayətdir ki, məsələnin mahiyyətinə vara biləsən. Hasan, onu da bil ki, mən bu sözlərlə ermənilərin Anadoluda və digər türk bölgələrində törətdikləri soyqırımılarını unutmaq fikrində deyiləm. Sadəcə, yaxın tarixə müraciət etdim ki, boylanıb baxmağa əziyyət çəkməyəsən. Bir də unutma ki, Xocalı kameraların da qeydə aldığı gerçək bir soyqırımıdır.

Hasan, deməli, belə çıxır ki, sən kimlərinsə əlində alətsənmiş. Alət olmasaydın, öz cılız məqsədlərin naminə ermənilərin dəyirmanına su tökməzdin. Haqq naminə vuruşan babana böhtan atmazdın, mənsub olduğun xalqı bu qədər aşağılamazdın. Vallah, bunları düşünəndə sənin miskin siman gözlərim önündə canlanır. Və tüpürməklə sənin görüntünü yox etməyə çalışıram. Hə, bir də utanmaz-utanmaz deyirsən ki, bu kitabı Türkiyədə “AQOS” türk-erməni birgə nəşriyyatının rəhbəri Hrant Dinkin ölümündən ilham alaraq yazmısan. Guya önun ölümü çox mətləblərə işıq salıb sənin üçün… Elə sənin bu açıqlaman da çox mətləblərdən xəbər verir.

Hasan, bəlkə düşünürsən ki, ermənilər bu əməlinə görə sənin heykəlini qoyacaqlar, hə? Xam xəyaldır bu… Məncə, heç ermənilər sənin kimi vətən xainlərini xoşlamırlar. Onlara sən məqsədlərinə nail olunca lazımsan. Kim bilir, bəlkə də Nobelə yolun soyqırımından keçdiyindən belə bir işə qol qoymusan?

Doğrudur, sən bu yerdə mənə Orxan Pamuk yolunu getməyə cəhd etmiş Əkrəm Əylislinin “Daş yuxuları”nı xatırlada bilərsən və buna haqqın da var. Üstəlik, onun beynəlmiləlçiliyindən, nə bilim humanistliyindən dəm vura bilərsən. Məgər dünya millətlərindən biri olan türkləri rüsvay etmək beynəlmiləlçilikdir? Yaxud bu nə humanistlikdir ki, torpaqlarının iyirmi faizi işğal olunmuş, bir milyon insanı ocaqlarından didərgin düşmüş, Xocalı vəhşətinə məruz qalmış bir xalqı ermənilərin ayağına verirsən, ən zır erməni millətçilərinin belə yazmadıqları böhtanları yağdırırsan ünvanımıza?

Hasan, bu yerdə sovet dönəmindəki idarə və müəssisələrdə yaxşı işləyənlərin şəkillərindən hazırlanmış şərəf lövhələri yadıma düşdü.  Mənə elə gəlir ki, bu gün türk dünyasının “Şərəfsizlər lövhəsi”nə ehtiyacı var. Oraya sənin kimi şərəfsizlərin fotolarını vurmaq üçün. Qoy gələcək nəsillər sənin bu əməllərini görüb heç olmasa, tüpürməklə hirslərini soyutsunlar. Qoy bu da onların şeytana daş atmaqlarının yeni bir forması olsun.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here