Övladlarını spirtli içki düşkünü edənlər…

0
325
Uşaqların, yeniyetmələrin mənəvi-psixoloji cəhətdən formalaşmasında valideynlərin onlara münasibətinin rolu danılmazdır.
Bayram tətilində gördüyüm 2 nəfər içki düşkününün vəziyyəti məni bu mövzuda yazı yazmağa vadar etdi. Hər halda oğul-uşaq sahibi olan bu insanların içkini öz həyat tərzlərinin bir parçasına çevirmələri, ən məhrəm məsələlərdə belə, içkidən imtina edə bilməmələri insanı düşündürməyə, təəccübləndirməyə bilmir. Ad-soyadlarını şərti olaraq yazıram, istəmirəm məndən incisinlər…Akif Əliyev iki uşaq atasıdır. 42 illik ömrünün 15 ilini çıxsaq, demək olar ki, qalanı içkisiz keçməyib. Bəxti onda gətirib ki, valideynləri onu evləndiriblər, bəlkə özünə qalsa heç ailəsi də olmazdı. 2009-cu ildə Akif  digər soydaşlarımız kimi iş dalınca Rusiyaya yollandı. İnsafən, təzə gedən vaxtlarda ailəsinə, uşaqlarına, anasına çörəkpulu göndərirdi. Amma elə ki, oradakı ab-havaya “uyğunlaşdı”, buradakı ailə vəziyyəti yaddan çıxdı, pul göndərmək də unuduldu.

Elə hey deyirdilər ki, Akif Rusiyada işləyib azdan-çoxdan pul qazanır, amma qazandığını da içkiyə xərcləyir. Doğrudan da, Akif vətənə bir də 5 il sonra, yəni təxminən 15-20 gün öncə gəldi. Dediyinə görə, evlərinə daxil olanda cibində 3 manatı var imiş.

Onu üzən isə pulsuzluğu yox, evdə anasından başqa, heç kimi görməməsi olub. Belə ki, həyat yoldaşı Akifin bu hərəkətlərinə cavab olaraq 2 övladını da götürüb öz ata evinə gedib. Orada da dolana bilmədiklərini görüb, başqa bir yerə gedib və mağazada satıcı işləməklə balalarını dolandırır. Akifin “gəl barışaq” çağırışına isə yoldaşının cavabı belə olub: “İstədiyin vaxt gəlib övladlarını görə bilərsən. Amma barışmaq məsələsini ağlından belə keçirmə”. O gündən Akifin həyat yoldaşı telefon nömrəsini də dəyişib, amma iş yerini qohumları bilirlər. İndi Akifin yeganə məqsədi Bakıda iş tapıb ailəsi ilə barışmağa nail olmaqdır. Lakin hələ ki buna nail ola bilmir, çünki içki içməyə davam etməsi səbəbindən özünü toparlayıb məqsədinə çata bilmir. Yazımın yekun hissəsində Akifin nədən içki düşkünü olması səbəblərinə toxunacağam, ancaq indi keçirəm ikinci “qəhrəman”ıma.

Malik Kərimov 2 dəfə həbsdə yatıb. Onunla söhbətdən belə başa düşdüm ki, buna görə peşman deyil, hətta hansısa səbəbdən bununla fəxr də edir. Amma fəxr etməyi içkili olanda olur, ayıq başında söhbət edəndə görürsən ki, “şir-pələngliyi” yoxa çıxır. Elə ki, dilinə spirtli içki dəydi, 5-10 dəqiqə sonra olur “pəhləvan”. “Ay belə ataram”, “ay belə kəsərəm”, ancaq baxır kimin qarşısında edir bu söhbətləri. Qarşısındakı adam – dostlarının dili ilə desək, bir az ürəkli oğlan oldusa, özünü yığışdırır…

 

Nə qədər öyüd-nəsihət versən, yəqin ki, xeyri olmaz

Gərək düzünü deyəsən, Malik zəhmətkeş oğlandır. Bizim çoxumuzun gün ərzində işləyə bilməyəcəyimiz ən ağır fiziki işləri belə rahatlıqla görür. Zəifliyi isə alın təri ilə qazandığı zəhməthaqqını “uf” demədən son qəpiyinədək içkiyə xərcləməsindədir.

Amma hər gün işləmir, çünki günəmuzd işlərdə ardıcıllıq olmur deyə, pulsuz qaldığı vaxtlar da çox olur. Pulu olanda kafelərdən çıxmayan, pulu olmayanda qanıqara gəzib evdəkiləri də dilxor edən Malikə hər nə qədər öyüd-nəsihət versən, yəqin ki, xeyri olmaz. Çünki o, içki içəndə gümrah, rahat görünür. Lap çox içməsin, içdisə, özünü kriminal aləminin təmsilçisi hesab edir.

Qonşuları deyir ki, içki içdiyi günün səhərisi Malikin üzünü görməyəsən, rəngi qapqara yanır, üz-gözündən zəhrimar yağır. Ta o anacan ki, haradasa 100 vurub başının ağrısını kəsəcək. İş bununla bitsə nə vardı, 100, sonra 200, 300, bəlkə 1 litr olacaq. Beləcə, ömür keçir, gün keçir…

Bütün bunları ona görə yazdım ki, haqqında bəhs etdiyim insanların kimliyini qismən də olsa ortaya qoya bilim. Hələ başqa və çoxunuza qəribə gələcək məqamlar da var, amma bunları yazmağa ehtiyac duymuram.

Yazmağa ehtiyac duyduğum isə həmin insanları bu hala salan məqamlardır. Bəli, boş yerə deməyiblər ki, insanın mənəvi və psixoloji cəhətdən formalaşmasında ailənin rolu az deyil. Təəssüf ki, hər iki şəxs gözlərini açıb, evlərində içki görüblər…

 

Düşünüb ki, hər şey beləcə davam

edəcək, pavilyon həmişə işləyəcək

Başlayaq Akif Əliyevin ailəsindən. Onun atası bişirdiyi xörəklərin dadı ilə tanınan aşpazlardan biri olub. Bundan başqa, atası sovet dövründə pavilyon (restoran) işlədib. Tanıyanların dediyinə görə, içki düşkünü olmasa da, Akifin atası da yeyib-içən adam olub. Bu azmış kimi, 5 oğlunu özü ilə bərabər gəzdirib, çalışdığı yerdə işlədib. Təhsildən yayınan bu uşaqlar məktəbə çox vaxt getmirlərmiş. Pavilyonda isə yemək də bol imiş, içmək də. Pavilyona yeyib-içməyə gələnlər isə bir az keflənəndən sonra başlayırlarmış bu uşaqlarla zarafatlaşmağa. Hərdən atalarından xəlvət guya böyük iş görürmüşlər kimi bu uşaqları içizdirərmişlər. Bir dəfə, iki dəfə, beş gün, bir il və nəhayət, uşaqlar özləri başlayıblar atalarından gizlin spirtli içki içməyə. Harada tapdılar orada da içirlərmiş, özü də bununla fəxr də edirlərmiş. Yəqin o vaxtı Akifin atası özü də içki içən bir insan olduğundan bunları bilsə də, ciddi yanaşmayıb. Düşünüb ki, hər şey beləcə davam edəcək, həmişə bolluq olacaq, pavilyonda isə ömürlük işləyəcək. Bəlkə Akifin atası düşünürmüş ki, övladları özünün işlətdiyi pavilyonu işlətsələr, ömürlük çörəkləri var. Amma haradan ağlına gələrdi ki, quruluş dəyişəcək, SSRİ dağılacaq, pavilyon, ümumiyyətlə, uçurulub dağıdılacaq və s. Artıq 14 ildir ki, Akifin atası dünyasını dəyişib, o, vəfat edəndən sonra övladları işsiz qaldılar, pis vəziyyətə düşdülər, amma 2-ni çıxmaq şərti ilə digərləri içkidən əl çəkə bilmədilər. Odur-budur içki düşkünlüyü onların həyatlarını məhv edib. Hətta istəsələr belə, guya içkidən imtina edə bilmirlər. Bir vaxtlar onların başını sığallayıb içki uzadanlar, evlərində təşkil olunan məclislərdə başda oturanların çoxu isə ya dünyadan köçüblər, ya da qocalıblar…

 

Qazandığını dost yolunda restoranlarda xərcləyən…

Haqqında bəhs etdiyimiz ikinci şəxsin – Malikin də içkiyə meyilliliyi yəqin ki, ailəsində gördüklərindən irəli gəlir. Onun da atası tanışlarının dili ilə desək, yeyib-içən adam olub. Sovet dövründə pambıq qəbulu məntəqəsində, çörək zavodunda müxtəlif vəzifələrdə işləyən, traktor sürüb o dövr üçün ortabab dolanan Malikin atası indinin özündə də hər gün içkili olur. Onun evinə gələnlərin çoxu da məhz içki içmək məqsədi ilə gəliblər. Qazandığını – yoldaşının dili ilə desək, dost yolunda restoranlarda xərcləyən həmin ata indi də alayarımçıq tikilidə yaşayır. Bir vaxtlar o da övladlarına guya “kişilik dərsi” keçmək üçün içki içirərmiş, amma indi övladları ona elə bir toy tuturlar ki, bir yazıya sığışası deyil. İndi həm ata, həm də övladları hər gün spirtli içki qəbul edir və ömürlərini yaşayırlar. Onların düşüncəsinə görə, içməyə spirtli içki varsa, hər şey əladır, yoxdursa, hər şey pisdir.

Bəli, hər bir valideyn öz övladının həyatının formalaşmasında, onun tərbiyə nöqteyi-nəzərindən yetişməsində məsuliyyət daşıyır. Təbii ki, haqqında danışdığım insanlar bu yazımı oxumayacaqlar, bəlkə heç belə bir yazının yazıldığını da bilməyəcəklər, burada niyyət bu misalı verməklə başqalarını xəbərdar etməkdir. Yəqin siz də razılaşarsınız ki, həmin şəxslərin bu hala düşməsində valideynlər heç də az rol oynamayıblar. Halbuki o uşaqları başqa yola, başqa istiqamətə yönləndirmək də olardı…

 

Psixoloq bu barədə nə düşünür?

Mövzu ilə bağlı sualları cavablandıran psixoloq Təhminə Çələbi: “Uşaqların pis vərdişlərə meyilli olmalarında valideynlərin rolu, təbii ki, vardır. Burada irsiyyət də bir neçə faiz rol oynaya bilər. Ancaq bundan əlavə, valideynlər övladlarına, onların ətraflarına, mühitlərinə vaxtında nəzarət etmədikləri üçün uşaqlar belə pis vərdişlərə yiyələnə bilərlər. Bu da onların gələcək həyatında mənfi nəticələrə gətirib çıxara bilər. Valideynlər vaxtında müdaxilə etsəydilər, təbii ki, indi müəyyən yaşa çatdıqdan sonra əziyyət çəkməzdilər. Bəzi insanlar da var ki, depressiyaya düşürlər və bundan çıxış yolu kimi spirtli içki və ya digər zərərli vərdişlərin aludəçisi ola bilərlər. Bütün bunlar insanın psixoloji durumu ilə çox əlaqəlidir və həmin insanların yaxınları diqqətli olmalı, vəziyyətdən çıxışda onlara dəstək göstərməlidirlər. Bizdə, adətən, belə insanlardan ailələri imtina edirlər, yoldaşları uşaqlarını da götürüb çıxıb gedir və bu insanlar təklikdən çıxış yolunu daha çox içkidə axtarmağa başlayırlar. Bir çox hallarda psixoterapevtlər və ya dərmanlarla müalicə yolu ilə bu insanların müalicəsinə başlamaq lazımdır, onları geriyə qaytarmaq lazımdır. Çünki içki içdikləri zaman insanlar, belə deyək, psixoloji cəhətdən real həyatdan uzaqlaşır, fantaziya dünyasına gedirlər və orada onlar daha xoşbəxt olurlar. Onları yenidən qazanmaq lazımdır. Yaxınlarının yaxşılığı əslində bu ola bilər, nəinki otuzdurub onları danlamağa başlayırlar. Onlara yanaşma çox önəmlidir və həssas bir məqamdır. Bu insanlara xəstə kimi yanaşmaq və o vəziyyətdən çıxarmağa çalışmaq lazımdır. Bəzi valideynlərin öz övladlarına içki içirtmələrinə gəlincə, bunun mənfi cəhətləri ola bilər. Yeniyetmə yaşlarında insanlar xoşagəlməz vərdişlərə meyilli olurlar və heç olmasa, bir dəfə də olsa dadına baxmağa çalışırlar. Xüsusilə, oğlan uşaqlarının əksəriyyətinin həyatında bu, baş verir. Valideynlər bu məsələdə həssas davranmalı və doğru yanaşma metodu seçməlidirlər. Bu məsələdə məktəblərin, məktəb psixoloqlarının da üzərinə böyük iş düşür. Yeniyetmələrə içkinin zərərli vərdişləri barədə ətraflı məlumat verilməlidir. Təkcə ailə deyil, ətraf mühit, cəmiyyət bu məsələdə çox önəmlidir”.

 

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here