Başını itirmiş komanda

0
334

Con Toşak istefa verməzdən öncə onun yerinə məşqçi tapan, Oğuz Çətini “Bakı” ilə oyuna gətirib, “bax, qeydlərini götür, Mustafa Dənizliyə çatdır” deyən, daha sonra Toşakın öz istəyi ilə istefa verdiyi söyləyən, bir müddət öncə isə Mustafa Dənizli postunda qala-qala Mirça Redniklə danışıqlara gedən, azarkeşlərin hissləri ilə oynayıb, onları stadiondan bezdirən, küsdürən rəhbərliyin yığışdığı, futboldan əsər-əlamət qalmayan, futbol yox, futbolla oynanılan məkana “Xəzər Lənkəran” deyilir…

Bir klubla bağlı nə qədər xəbər çıxa bilər?

Baş məşqçi məsələsinə toxunmazdan öncə bir məsələni qabartmaq istəyirəm. Sonuncu dəfə Azərbaycanda Mübariz Mənsimovu kim görüb? Yəqin xatırlamırsınız. Daha “Neftçi” — “Xəzər Lənkəran” oyunlarına da gəlmir. Əvvəllər hər hansı bir vacib matça görə, şəxsi təyyarəsi ilə ölkəmizə gələn Mənsimov uzun müddətdir bu addımı atmır. Mənsimov artıq anlayıb ki, “Xəzər Lənkəran”dan Avropada ad qoyacaq klub  olmayacaq. Amma bir komanda da bu qədər qeyri-peşəkar səviyyədə idarə olunmaz axı. Baş məşqçi bir gün öncə mətbuat konfransı keçirir, planlarından danışır, daha sonra gedir rəhbərliyin qəbuluna. Bu isə onu göstərir ki, klubda mexanizm düzgün deyil. Həmin görüşdə də bəlli olur ki, Dənizli istefaya göndərilir. Gözünə döndüyüm Dənizli isə Türkiyəyə qayıdan kimi deyir ki, nə istefa, mən öz işimdəyəm, postumdayam. Onda belə çıxır ki, “Xəzər Lənkəran”ın rəsmi saytı yalan yazır, klubun prezidenti Mais Mənsimov yalan danışır?

Oğuz Çətinin isə postunda qalmasını başa düşmək həm çətindir, həm də ağırdır. Adətən, baş məşqçi gedəndə, onun köməkçiləri də gedirlər və ya getməlidirlər. Məsələ burasındadır ki, köməkçini komandaya baş məşqçi gətirir. Əgər Mustafa Dənizli olmasaydı, Oğuz Çətin “Xəzər Lənkəran”ın, bəlkə də, yadına düşməyəcəkdi. Amma Dənizlinin fikirləri üst-üstə düşmür, çıxıb gedir, Oğuz Çətin qalır. Deməli, Oğuz Çətin Mustafa Dənizlinin düşündüyünü düşünmür, deməli, onun arxasından iş çevirir. Bəlkə elə deyil? Əslində bu, Oğuz Çətinin köhnə xasiyyətidir. O vaxt “Fənərbağça”da işləyəndə Lorantın istefasından sonra postunda qaldı, 8 turdan sonra getdi və özünə bir növ nifrət qazandı. Amma Oğuz Çətin böyüklük edib, Dənizli ilə gedə də bilərdi. Komandanı isə oyunlara Emin Quliyev çıxaracaqdı. Bəlkə də, belə daha yaxşı oldu. Ən azı Mustafa Dənizli Oğuz Çətini də tanıdı. Oğuz Çətin özünü çox yorur və gözdən salır. Çünki “Xəzər Lənkəran”ın yeni baş məşqçisi hələ Mustafa Dənizli getməzdən əvvəl məlum idi — Mirça Rednik. Vəziyyət o həddə çatıb ki, Rednik az qala “Xəzər Lənkəran” rəhbərliyinin ona yalvardığını deyə. Rednik “Xəzər Lənkəran”dan çox pis ayrılmışdı, indi isə qayıtmaq üçün naz edir və özünün vacib adam olduğunu göstərməyə çalışır. Mirça Rednik gələndən sonra nə olacaq? Külli miqdarda yeyintilər, heyət dəyişmək, çox sayda oyunçu göndərmək, gətirmək… Nəticədə nə olacaq?  Heç bir şey. Bir müddət sonra onu da göndərib, başqa məşqçi axtaracaqlar. Çünki cənub klubunda klub mexanizmi yoxdur…

ELGİZ ABBASOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here