Atama lənət, əgər tanıdımsa!

0
501

Vallah, kim nə deyir desin, millimizin yeni baş məşqçisi Robert Prosineçki işinə yaman girişib. Hətta 7 il zülmünə dözdüyümüz Berti Foqtsla müqayisədə o, qısa zaman kəsiyində futbolsevərlərin ürəyini də fəth edə bilib. Bəli, bu Prosineçki öz sələfi Berti Foqtsa əsla bənzəmir, ondan çox-çox fərqlənir. Bunu sübut etmək üçün Amerika açmağa heç ehtiyac yoxdur. Sadəcə, Prosineçkinin sözlərinə qulaq asmaqla, ya da uzaqdan onun hərəkətlərinə fikir verməklə belə bir nəticəyə gəlmək mümkündür.

Mənə yəqin hasil olubdur ki, Foqtsda hər adət və xasiyyət var isə, əksi cənab Prosineçkidə var. Məsələn, Prosineçki Foqts kimi qoca deyil. O, gəncdir, enerjilidir, üstəlik, müasir futbolun incəliklərini Foqtsdan daha yaxşı bilir. Foqts yığma komanda formalaşdırmağa çalışırdı, bu cənab isə, sözün həqiqi mənasında, milli komanda yaratmaq niyyətdədir. Çünki o, Foqtsdan fərqli olaraq, hər yığmanın milli olmadığını yaxşı dərk edir. Elə bu məqsədlə kəndbəkənd, şəhərbəşəhər düşüb çempionatımızda keçirilən bütün oyunları izləyir ki, babat oyunçuları üzə çıxarsın, onların əsasında bir milli komanda təşkil etsin. Özü də o, bu yolda heç bir təhlükədən belə çəkinmir. Hətta bu günlərdə “Bakı” – AZAL oyununu izləməyə gələrkən Biləcəri qəsəbəsində avtomobil qəzasına da düşüb. Buna rəğmən, o, həmin oyunu izləyib. Halbuki Foqts Bakıdan kənara çıxmağa ərinərdi. Belə şeyi əsla vecinə almazdı. Kim hansı oyunçunu deyirdisə, onu “dişinə belə vurmadan” salırdı yığmasının tərkibinə. Məhz belə oyunçuları ilə, daha doğrusu, yığması ilə o, bütün azarkeşləri boğaza yığdı.

Bax, Foqts “Qarabağ”ın əldə etdiyi qələbələrə əsla sevinməzdi. Üstəlik, hər dəfə bir “mız” qoymaqla bu komandanın əməyinə kölgə salmağa çalışardı. Amma Prosineçki əsla belə deyil. Heç bilirsiniz o, “Qarabağ”ın son çıxışını necə dəyərləndirib? O deyib ki, “Qarabağ” “İnter”ə qarşı son dəqiqəyə kimi mübarizə apardı və “İnter”i məğlub etdi: “Baxmayaraq ki, hakim oyunda vurulan qolu saymadı. Hesab edirəm ki, “Qarabağ” Avropada ad qoyaraq Azərbaycanı və öz adını layiqincə təmsil etdi”.

Azərbaycan demişkən, Foqts bizim dilimizə çox biganə idi. Hətta bəzi sözlərimizi öyrənməyi belə öz almanlığına sıxışdırmırdı. Amma xorvatiyalı Prosineçki məmləkətimizə gələn gündən dilimizi öyrənməyə başlayıb. Çünki o yaxşı dərk edir ki, bu yolla futbolçularla daha rahat ünsiyyət qurmaq imkanı olacaq. Foqts hər oyundan sonra öz məmləkətinə cumar və pivə içə-içə “dərdini” dağıtmağa çalışardı. Təbii ki, belə məqamlarda ünvanımıza o qədər də xoş olmayan ifadələr də işlədərdi. Bir sözlə, o, əhli-kef idi. Amma Prosineçki ondan fərqli olaraq, ölkəmizdə məskunlaşacaq və sözün həqiqi mənasında, xeyir və şərimizi bizimlə birgə bölüşəcək.

Foqts, bir qayda olaraq, hər oyunda ən azı səkkiz oyunçumuzu müdafiədə oturtdurardı. Adını da qoymuşdu “müdafiəyə meyilli oyun”. Məhz elə bu oturuş, sözün həqiqi mənasında, bizi oturdu. Prosineçki isə deyir ki, oturduğunuz yetər, hücum futbolu oynamalıyıq. Və bu mövqeyində israrlıdır. Foqts yığmada gəncləşdirmə siyasəti aparırdı. Üstəlik, yaş senzi tətbiq edirdi. Lakin xorvatiyalı deyir ki, yaşından aslı olmayaraq, milli komandaya kömək edə biləcək hər bir futbolçu oynamaq şansı əldə edəcək: “Dəvət edəcəyim oyunçunun yaşından çəkinmirəm. Əsas həmin futbolçunun yaxşı formada olmasıdır”.

Foqts oyunçularda heç zaman özlərinə inam aşılamazdı. Prosineçkinin ən ümdə hədəflərindən biri isə milli komandanın oyunçularında özünəinamı qaytarmaq, qalib ruhu formalaşdırmaqdır. Bütün bu yazdıqlarımdan isə belə qənaətə gəlmək mümkündür: milli komandamız Foqtsun yığmasından çox fərqlənəcək.

…Yəqin ki, günlərin bir günü Berti Foqts bizim millinin uğurlu oyununu izləyəndə gözlərinə inanmayacaq. Və şübhələrinə son qoymaq üçün Prosineçkiyə zəng edib deyəcək:

– Məgər bu, Azərbaycanın milli komandasıdır?

– Əlbəttə, Azərbaycan millisidir, – deyə Prosineçki ona cavab verəcək.

Yəqin ki, onda Berti Foqts dodaqaltı mızıldanacaq:

– Atama lənət, əgər tanıdımsa!

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here