“İstənilən təxribatın qarşısını birlikdə ala bilirik”

0
464
“Ermənistan-Azərbaycan münaqişəsi regionumuzun təhlükəsizliyi üçün əsas təhdiddir. İyirmi ildən artıqdır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar”.
 Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin Bakıda keçirilən V Görüşündəki çıxışında deyib.

E. Məmmədyarov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsi tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edilib: “Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri nə də UNESCO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirib. Ermənistan bizim işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan edib”.

Nazir vurğulayıb ki, dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz: “Biz TÜRKSOY və UNESCO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik”.

 

Azərbaycanın təhsil naziri türkdilli xalqları və ölkələri UNESCO və BMT-nin proqramları çərçivəsində əməkdaşlığa çağırıb

“TÜRKSOY gənc, lakin bir çox sahələrdə fəal addımlar atan bir təşkilatdır. Bu təşkilat təhsil sahəsinə də diqqət ayırır. Bugünkü tədbir türkdilli məkanın ən qədim ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetinin təsis olunmasının 95 illiyinə təsadüf edir”. Bunu isə tədbirdə çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov söyləyib.

M.Cabbarov deyib ki, hazırda dünyada baş verən qloballaşma prosesi ilə əlaqədar xalqlar tamaşaçı rolunu deyil, fəal iştirakçı rolunu oynayır: “Bunu təmin etmək üçün ən vacib vasitə təhsildir. Türkdilli ölkələr təhsil sahəsində eyni problemlərlə rastlaşır. Məktəbəqədər təhsilə bütün uşaqların cəlb olunması, məktəbi erkən tərk etmə hallarının qarşısının alınması, texniki-peşə təhsilinin keyfiyyətinin gücləndirilməsi və nüfuzunun artırılması və ən əsası, təhsilin iqtisadi-sosial inkişafla əlaqəsinin təkmilləşdirilməsidir. Hesab edirəm ki, problemlərin həlli istiqamətində ən səmərəli yollar haqqında məlumatlar mübadiləsini həyata keçirməliyik”.

M.Cabbarov Azərbaycanın hazırda təhsil sahəsində islahatların yeni bir mərhələsindən keçdiyini söyləyib: “Bu islahatlar 2013-cü ilin oktyabr ayında Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsaslanır və bu sahədə fəal işlər aparılır və artıq müəyyən nailiyyətlər əldə olunub. Biz türkdilli həmkarlarımızla bu məlumatları paylaşmağa hazırıq. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Ölkələrin Təhsil Nazirlərinin 3-cü İclası Bakıda keçirilib, maraqlı müzakirələr aparılıb, vacib qərarlar qəbul edilib. Bütün bunlar türkdilli xalqları və ölkələri birləşdirən təşkilatlar arasında əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir. Əminəm ki, xalqlarımız yalnız türkdilli xalqları birləşdirən təşkilatlar çərçivəsində deyil, həmçinin müvafiq beynəlxalq təşkilatlar formatında da əməkdaşlıq etməlidir. Bu, ilk növbədə UNESCO-ya aiddir”.

M.Cabbarov qeyd edib ki, 2015-ci il 19-22 may tarixlərində Cənubi Koreyada UNESCO-nun Dünya Təhsil Forumu keçiriləcək: “Gələn il 2000-ci ildə qəbul olunmuş BMT-nin Minilliyin İnkişaf Hədəfləri Proqramının müddəti bitir və onun əvəzinə Davamlı İnkişaf Hədəfləri Proqramı qəbul olunacaq. Ölkələrimiz bu proqram çərçivəsində də daim əməkdaşlıq etməlidir”.

 

“Erməni tərəfinin UNESCO-da apardığı fəaliyyət “mədəniyyət sahəsində müharibə”dir”

“Türk dövlətlərinin nümayəndələri olaraq hər zaman öz milli sərvətlərimizi, dəyərlərimizi birgə qorumalıyıq”. Bunu isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Ə. Qarayev erməni tərəfinin UNESCO-da apardığı fəaliyyəti “mədəniyyət sahəsində müharibə” kimi qiymətləndirib: “Bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia etdi. Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalır. Hər dəfə bu kimi hallarla qarşılaşırıq”.

 

“Ümid edirəm ki, Ermənistan nümayəndəliyi Azərbaycanın böyüklüyünü qiymətləndirəcək”

“Ümid edirəm ki, Ermənistanın UNESCO-dakı nümayəndəliyi Azərbaycan tərəfinin böyüklüyünü qiymətləndirəcək və qarşıdurmaya getməyəcək”. Bunu da Türkiyənin UNESCO-dakı nümayəndəsi Hüseyn Avni Botsalı deyib.

O qeyd edib ki, Ermənistan lavaşı özünün qeyri-maddi mədəni irsi kimi siyahıya salmağa çalışsa da, Azərbaycan və Türkiyə tərəfi lavaşın bölgə xalqlarının mətbəx nümunəsi olduğunu qabardıb: “Ümumiyyətlə, Azərbaycan və TürkiyəninUNESCO-dakı nümayəndəlikləri birgə fəaliyyət göstərir, davamlı olaraq bir-biri ilə məlumat bölüşür, məsləhətləşirlər. İstənilən təxribatın qarşısını birlikdə ala bilirik.UNESCO-nun fəaliyyəti yalnız mədəni sahədə deyil. Burada digər – təhsil, regionda sülh kimi önəmli məsələlər də qabardılır və biz Azərbaycanla birlikdə bu istiqamətdə öz təkliflərimizi, ideyalarımızı ortaya qoyuruq. Bölgəmizdə sülhün möhkəmləndirilməsi üçün ortaq fəaliyyətimizin böyük önəmi var. Azərbaycan tərəfindən müəyyən təkliflər olarsa, yenə də birlikdə hərəkət etməyə hazırıq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here