Məşhurların müəmmalı təyyarə qəzaları

0
511
Makedoniya Prezidenti Boris Traykovski
2004-cü il, fevral ayının 26-da Makedoniya Prezidenti Boris Traykovski mindiyi “Beech Aircrasft”nin təyyarəsi ölkənin paytaxtı  Skopyedən havaya qalxaraq Bosniya-Herseqovinanın Mostar şəhərinə doğru istiqamət götürdü. Boris Traykovski Mostarda keçiriləcək donor ölkələrin beynəlxalq konfransında iştirak etmək niyyətində idi. Konfransdan sonra Traykovski İrlandiyaya uçaraq, bu ölkənin Baş Naziri Berti Axerniyə Makedoniyanın Avropa Birliyinə üzv qəbul edilməsi xahişi ilə bağlı məktubu təqdim edəcəkdi.

Amma təyyarə təyinat yerinə gedib çıxmadı. “Beech Aircrasft” Mostardan 10 kilometr məsafədə qəzaya uğradı və Makedoniya Prezidenti Boris Traykovski də daxil olmaqla bütün heyət, o cümlədən 6 nəfər mühafizəçi və 2 nəfər ekipaj üzvü bu qəzada faciəli şəkildə dünyasını dəyişdi.

Boris Traykovski 1956-cı ildə Makedoniyanın Strumitse şəhəri yaxınlığındakı Murtino kəndində anadan olmuşdu. 1980-cı ildə Skopye Universitetinin Hüquq fakültəsini bitirmişdi. Sonra bir müddət ABŞ-da işləmiş və orada ailə həyatı qurmuşdu. Yuqoslaviya Federasiyası dağılandan və Makedoniya müstəqilliyini əldə edəndən sonra 1997-ci ilə kimi Skopye şəhərinin meri vəzifəsində işləmişdi. 1998-1999-cu illərdə xarici işlər nazirinin müvani vəzifəsində çalışmışdı. O, Kosovanı tərk etməyə məcbur olan alban qaçqınların problemləri ilə bağlı danışıqlarda iştirak etmişdi. 1999-cu ildə keçirilən prezident seçkilərində qalib gələn Traykovski ölkədə yaşayan albanlara münasibətdə sərt xətt tərəfdarı kimi tanınırdı. Onun albanlara münasibətdə belə sərt mövqe nümayiş etdirməsi hətta Qərbdəki yaxın dostları olan dövlət başçıları tərəfindən belə, narazılıqla qarşılanırdı.

Təyyarə “Hava-Hava” tipli raketlə vurulub?

Hadisəni araşdıran xüsusi komissiya üzvləri qəzaya səbəbin havanın dumanlı olması və pilotların səhvi olduğu qənaətinə gəldilər. Lakin qəzanı müstəqil şəkildə araşdıran makedoniyalı vəkil İqnat Pançevski Bosniyanın “Dnevni” adlı qəzetinə verdiyi müsahibəsində iddia etdi ki, Makedoniya Prezidenti Boris Traykovskinində içərisində olduğu təyyarə  “Hava-Hava” tipli raketlə vurulub.

İqnat Pançevskinin sözlərinə görə, təyyarə vurulandan sonra hadisə yerində sağ qalanlar alovsaçan silahla (oqnemot) yandırılıblar. İqnat Pançevski: “Təyyarə vurulandan sonra sağ qalanların alovsaçan silahla öldürülməsi ilə bağlı əlimizdə faktlar var. Belə ki, təyyarə vurulandan sonra ondakı sərnişinlərdən birinin saatı dayanıb. Saatı yoxlayan zaman onun üzərindəki külün analizi göstərdi ki, bu adam təyyarə vurulandan sonra yerdə sağ qalıb və izi itirmək üçün onu alovsaçan silahla yandırıblar. Saatın üzərindəki kül də bunun nəticəsində əmələ gəlib. Amma digər sərnişinlərin şəxsi əşyaları, ümumiyyətlə, yanmayaraq salamat qalıb”,-deyib.

Yenə də İqnat Pançevskinin iddiasına görə, təyyarə qəzaya uğrayandan sonra sağ qalan sərnişinlərdən biri cib telefonu ilə evə zəng edərək sağ olduğunu, iki ayağının sınması nəticəsində ayağa qalxa bilməməsini deyərək, onlardan yardım istəyib. Amma bundan sonra onunla əlaqə kəsilib. Vəkilin iddiasına görə, kosmosdan hadisə yerinin çəkilən şəkli Traykovskinin sərnişini olduğu “Beech Aircrasft”ın qırıcı təyyarədən buraxılan “Hava-Hava” tipli raketlə vurulduğunu sübut edir.

İqnat Pançevski bu iddiasının doğru olmasının sübutu kimi hadisə yerindəki təyyarə qalıqlarında yerdən vurulmanın əlamətlərinin olduğunu söylədi. Amma Pançevskinin təyyarənin vurulduğunun sübutu kimi göstərdiyi qalıqlar təyyarənin yerə dəyərək partlaması nəticəsində də əmələ gələ bilərdi.

İqor Pançevski: “Mən Traykovskinin təyyarəsinin kim tərəfindən vurulmasını bilirəm. Amma bəzi hüquqi proseduraları nəzərə alaraq, bunu açıqlaya bilmirəm. Çünki bu məsələ dövlətin səlahiyyətinə aiddir. Dövlət isə müəyyən təhlükəsizlik və milli maraqları nəzərə alaraq, bununla bağlı addım atır. Dövlət milli maraqları önə çıxararaq, Boris Traykovskinin faciəli şəkildə qəzaya uğramasının səbəblərini açmırsa, onda mən də ölkə vətəndaşı kimi bununla hesablaşmağa və susmağa məcburam”,-demişdi.

İqor Pançevskinin təyyarənin “Hava-Hava” tipli raketlə vurulması ilə bağlı iddiaların doğru ola bilməsi ehtimalını İsveçrə parlamentinin deputatı, tanınmış siyasətçi Boris Traykovskinin yaxın dostu Andreas Qrossun sensasiyalı açıqlaması da müəyyən qədər sübut edir. Andreas Qross həmin dövrdə Makedoniya və Avropa mətbuatına verdiyi açıqlamalarında iddia etdi ki, Traykovskinin faciəli qəzası ilə bağlı ciddi məlumatlara malikdir. Qross: “Mən bilmirəm, faciəni araşdıran təhqiqat komissiyasına bu faktlar məlumdur, ya yox. Ola bilsin ki, bu faktlar komissiyanın diqqətindən kənarda qalıb. Mən dərhal tələb edirəm ki, faciəni araşdıran təhqiqat komissiyası və Makedoniya hökuməti məsələni yenidən araşdıraraq, həqiqəti beynəlxalq ictimaiyyətdən gizlətməsinlər”,-demişdi. Lakin onun senssasiyalı bu açıqlamasına Makedoniya hökumətindən və faciəni araşdıran təhqiqat komissiyasından reaksiya gəlmədi. Halbuki Qross beynəlxalq aləmdə kifayət qədər yaxşı tanınan şəxs idi və o, boş-boşuna danışan, əlində fakt olmadan hansısa siyasi olayla bağlı rəy bildirən insanlardan deyildi.

Traykovskinin təyyarəsinin qəzaya uğraması ilə bağlı digər bir ehtimal da aviadispetçerlərin  səhvi ilə bağlıdır. Belə bir fikir söylənilir ki, həmin vaxt Bosniya-Herseqovinada beynəlxalq sülhməramlı güclərin tərkibində xidmət edən fransız aviadispetçerlərin səhvi təyyarənin qəzasına səbəb olub. Belə ki, radarların nasazlığı ucbatından fransız aviadispetçerlər Prezident Traykovskinin təyyarəsini səhv istiqamətə yönəldiblər. Nəticədə qəza baş verib. Bundan əlavə məlum oldu ki, fransız aviadispetçerlər təyyarənin pilotları ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə qəbul edilmiş ingilis dilində deyil, fransız dilində danışıblar. Bu isə bütün hallarda aviadispetçerlərin cinayəti demək idi. Amma bununla bağlı məsələ də tam şəkildə araşdırılmadı.

Yeri gəlmişkən, qeyd edək ki, təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri yandığından onların kimliyini müəyyən etmək üçün DNK analizinə ehtiyac duyuldu.

Bununla belə, faciəni araşdıran təhqiqat komissiyası, o cümlədən Makedoniya və Bosniya hüquq-mühafizə orqanları əməkdaşları  baş verən qəzadan yalnız bir il sonra Traykovskinin ölümünə səbəb olan təyyarə qəzasının pilotların səhvi nəticəsində baş verdiyini elan etdilər.

Traykovski əvvəllər də hədəfə alınmışdı…

Traykovskinin təyyarəsinin qəzaya uğradığı yer Balkanlarda ən mürəkkəb hava şəraiti olan ərazilərdən biri hesab edilir. Belə hava şəraitinə malik olan yerlərdə isə, adətən, təyyarə qəzalarının baş verə bilməsi təhlükəsi kifayət qədər yüksək hesab edilir. Yeri gəlmişkən, qeyd edək ki, 1996-cı ilin aprel ayında ABŞ Prezidenti Bill Klintonun ticarət məsələləri üzrə katibi Ron Braunun da içində olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus sərnişin təyyarəsi məhz Mostar yaxınlığında qəzaya uğramış və 40 nəfər faciəli şəkildə ölmüşdü. Bu baxımdan Traykovskinin mindiyi təyyarənin də pis hava şəraiti nəticəsində qəzaya uğraması məntiqi baxımdan daha ağlabatan görünürdü. Bununla belə, ortada Traykovskinin təyyarəsinin vurula bilməsi ilə bağlı digər bir fakt da vardı. Bu da qəzadan 3 il öncə Traykovskiyə qarşı terror aktının həyata keçirilməsi cəhdi ilə bağlı idi. Belə ki, 2001-ci il, iyun ayının 6-da yerli vaxtla saat 18.00-da Skopyedə Prezident Traykovskiyə qarşı sui-qəsd cəhdinə baş vurulmuşdu. Həmin vaxt naməlum terrorçu parlamentdəki prezident kabinetinin şüşələrinə iki dəfə atəş açmışdı. Atəş açılan vaxt Boris Traykovski Makedoniya Sosial-Demokrat İttifaqının rəhbəri Branko Tsrvenkovski ilə görüşürdü. Amma xoşbəxtlikdən güllələr Traykovskiyə dəyməmişdi. Naməlum terrorçu  Sofiya nömrəli “Opel-Corsa” avtomobili ilə məhkəmə palatasına yaxınlaşaraq oranı da atəşə tutmuş və sonra yoxa çıxmışdı. Sonradan onun idarə etdiyi “Opel Corsa” markalı maşın paytaxtın “Avtokomanda” məhəlləsindən tapıldı. Polisin bütün cəhdlərinə baxmayaraq, terrorçunun izinə düşmək mümkün olmadı. Ona görə də makedoniyalı siyasi müşahidəçilər belə hesab edirdilər ki, ölkə prezidentinə qarşı yenidən sui-qəsd cəhdinə baş vurulub. Çünki “Beechcraft King Air B200” reaktiv təyyarəsi dünyada ən etibarlı təyyarələrdən hesab edilir. Təyyarə istənilən hava şəraitində uça bilirdi. Təyyarədə çox nadir hallarda nasazlığa rast gəlinərdi. Təyyarənin raketlə vurula bilməsi ehtimalını həmin dövrdə yerli albanlarla hökumət arasında gedən döyüşlər də gücləndirirdi. Traykovski isə ölkədəki albanlara münasibətdə olduqca sərt tədbirlər həyata keçirirdi. Döyüşlərdə yüzlərlə alban hökumət gücləri tərəfindən öldürülmüşdü. Albanların  buna görə ölkə prezidentindən qisas ala bilməsi barədə də müxtəlif ehtimallar səslənirdi. Lakin bu ehtimalların doğru olub-olmadığını təsdiq və ya təkzib edə biləcək cüzi bir fakt da yox idi.

Beləliklə, baş verən faciədən on ildən artıq vaxt keçməsinə baxmayaraq, bu günə kimi Traykovskinin müəmmalı təyyarə qəzasında ölməsi ilə bağlı məsələyə tam şəkildə aydınlıq gətirilməyib. Çox güman ki, bu sirr heç vaxt da açılmayacaq…

 

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here